“Bircə qəfildən qız-gəlinin üstünə şığıyan cöngə çatışmırdı”

Aqşin Yenisey: “"Dil və Ədəbiyyat forumu"ndan gəldiyim nəticə odur ki, köhnə nəsillərlə yeni nəsillərin dialoqu mümkün deyil”

Tural Cəfərov: “İntellektual bir yazar  xarici ölkələrdə ədəbiyyatın inkişafından danışıb, həmin təcrübənin Azərbaycanda tətbiqi ilə bağlı təklif verir, o birisi də  qalxıb “Dovşan” şeirindən danışır”

Ölkəmizdə ilk dəfə keçirilən Azərbaycan Dili və Ədəbiyyatı Forumuna yekun vurulub. 

Qeyd edək ki, tanınmış dilçi və ədəbiyyatşünas alimlərin, yazıçı və naşirlərin iştirak etdiyi foruma Azərbaycan ədəbiyyatına və mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş etmiş Şamaxı şəhərində (Shamakhi Palace Sharadil hotelində) sentyabrın 1-də start verilib, sentyabrın 3-də Bakı şəhərində - “Gülüstan” sarayında başa çatıb. 

Forumda mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatının rolu, ana dilinin saflığının qorunub saxlanılması, müasir ədəbi proseslər, ölkəmizdə uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri, milli kitab sənayesinin hazırkı vəziyyəti və bu sahəyə dövlət dəstəyi, uşaq və yeniyetmələr arasında mütaliənin təbliği, teatr və kinonun inkişafında ədəbiyyat faktoru və digər istiqamətlərdə müzakirələr aparılıb.
Mütəxəssislərin Forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” Dövlət Proqramında əksini tapacaq.
 
 İştirakçıların rəyinə görə, Azərbaycan Dili və Ədəbiyyatı Forumu son illər ana dilinin qorunması, ədəbiyyatımızın təbliği mənasında bu, ilk nüfuzlu və sanballı tədbir idi. Belə forumların keçirilməsi cəmiyyətin inkişafı, mədəniyyətimizin zənginləşdirilməsi, gələcəkdə daha geniş üfüqlər açılması baxımından olduqca əhəmiyyətlidir.
 
 Bununla belə Şamaxıda keçirilən "Azərbaycan dili və ədəbiyyatı forumu”nda gərgin anlar yaşanıb. Ziyalılar arasındakı fikir ayrılığı qalmaqala səbəb olub. 

"Azərbaycan mədəniyyəti - 2040" strategiyasını əhatə edən "Dil və Ədəbiyyat forumu"nu dəyərləndirən şair Aqşin Yenisey deyib ki, köhnə dəyərlər və onların çörəyini yeyən nəsil səhrada ələnməlidir ki, yeni nəslin öz dəyərlərini yaratması üçün əngəllər aradan qalxsın: 

“Bu "40 il" kodu mədəniyyətin qabıqdəyişmə müddətidir. Bizim köhnə qabıqdan tam çıxmağımıza 10 il qalıb. Strategiyanın 2040-cı illə yekunlaşması da təsadüfi deyil; bu müddət mədəniyyətin yenilənməsi üçün bioloji zərurətdur.     
  
"Dil və Ədəbiyyat forumu"ndan gəldiyim nəticə odur ki, köhnə nəsillərlə yeni nəsillərin dialoqu mümkün deyil. Çünki məqsədləri bir-birinə ziddir. Köhnələr keçmişi qorumaq, yenilər gələcəyi yaratmaq istəyir. Dövlət ikisindən birini seçməli və prosesin ağırlıq mərkəzini seçdiyinin üzərində qurmalıdır. Mədəniyyətin inkişafı dedikdə hər kəs özünü, təmsil olunduğu təşkilatı, qrupu mədəniyyətin mərkəzinə qoyduğu, öz dovşanının davasını etdiyi üçün inkişaf strategiyası mədəniyyəti təmsil edən adamların müdaxiləsi olmadan həyata keçirilməlidir.
   
Forum göstərdi ki, bürokratik heyət daha hazırlıqlı və uzaqgörəndir. Mədəniyyətimizin mövcud intellektual potensialı özünü yeniləmək gücündə və niyyətində deyil. Ümumi düşüncədə gələcək haqqında aydın təsəvvür yoxdur, çünki belə bir qayğısı olmayıb.  Strateji məsələlərdə mədəniyyətdən el şənliyi atmosferi yığışdırılmalı, məsuliyyət "intellektual nüvə"nin üzərinə qoyulmalıdır. Məsələn, forumun Şamaxı boyunda bircə qəfildən qız-gəlinin üstünə şığıyan cöngə çatışmırdı. Mədəniyyətin daxilində "Xüsusi təyinatlılar", yaxud "Asan xidmət" modelləri kimi praktik bir qrup yaradılmalı, şəxsləri deyil, əsərləri önə çıxaran meyarlar müəyyən olunmalıdır.
 
 
Yazıçı  Tural Cəfərov isə “Sherg.az”a açıqlamasında deyib ki, dil, ədəbiyyat,  teatr, kino ilə bağlı bu cür forumların keçirilməsi, mədəniyyət xadimlərinin fikirlərinin öyrənilməsi, inkişafa nail olmaq üçün hansısa cəhdlərin edilməsi son dərəcə əhəmiyyəlidir: 

“Forumda xoşagəlməz halların yaşanmasına səbəb də onun formatı ilə bağlıdır. Həddindən artıq çox adam  vardı. Əksəriyyətinin iştirakı isə heç arzuolunan deyildi. Bu cür əhəmiyyətli tədbirdə iştirak etməyə layiq olmayan insanların öz maraqlarına xidmət edən məsələlərdən danışması insanları yorur. Nəticədə daha vacib məsələlərin müzakirəsi və problemdən çıxış yollarının axtarılması  kölgədə qalır. Yəni əsas dil ilə ədəbiyyatın birləşdirilməsi düzgün yanaşma deyildi.  Dil başqa, ədəbiyyat isə başqa sahədir. Dilin fəaliyyət sahəsi təkcə ədəbiyyatla yekunlaşmır. Təhsil, media, reklam sahəsi, hamısı dilin fəaliyyət istiqamətləridir. Ədəbiyyatla dilin  ümumiləşdirilməsi hər iki sahə üzrə  səslənən təkliflər, edilən mübarizələr dilçilərlə ədəbiyyat adamları arasında  müəyyən gərginliyə səbəb oldu. 
  
Xalq şairi Vahid Əziz “Çarli Çaplin” adına kafelərin olmasına etiraz edir. Halbuki bu müzakirənin ədəbiyyata heç bir aidiyyəti yoxdur. İntellektual bir yazar  xarici ölkələrdə ədəbiyyatın inkişafından danışıb,  həmin təcrübənin Azərbaycanda tətbiqi ilə bağlı təklif verir, o birisi də  qalxıb “Dovşan” şeirindən danışır. 
  
Bütün bunlar isə ümumi işin keyfiyyətinə kölgə salır. Ona görə də bu cür forumların daha kiçik formatda və sırf peşəkarların iştirakı ilə keçirilməsinin tərəfdarıyam. Forumun əhəmiyyətsiz olması barədə deyilənləri isə absurd hesab edirəm. Ən azından dövlətin  mövcud sahədəki problemlərin həllinə cəhd etməsi, ziyalıları bir araya yığıb onların fikirlərini dinləməsi  təqdirəlayiq haldır.  Aqşin Yenisey, Qismət kifayət qədər praqmatik məsələlərə toxundu”.