Aqşin Yenisey: “Hansı ölkənin yazıçısı olursan ol, ABŞ və Avropanın təbliğ etdiyi siyasətin, dəyərlərin yazıçısı deyilsənsə, səni yazıçı saymırlar”
Ulucay Akif : “Nobel mükafatına siyasi proseslərin və bəlli gözləntilərin, məqsədlərin təsir etməyi hamı üçün aydındır”
Cəlil Cavanşir: “Yaxın vaxtlarda Yun Fosse oxumağa həvəsim və vaxtım yoxdur”
2023-cü il Ədəbiyyat üzrə Nobel mükafatı təqdim edilib.
Mükafat norveç yazıçısı Yun Fosseyə verilib. 1959-cu ildə Norveçdə anadan olan Fosse Nobel mükafatına "səsləndirilməsi mümkün olmayan fikirləri ifadə edən innovativ pyeslərinə və nəsr əsərlərinə görə” layiq görülüb. Bu mükafatın bir hissəsi dramaturgiyanın payına düşür.
İsveç Akademiyasının dediyinə görə, “Fossenin yenilikçi pyesləri və nəsrləri deyilməyənlərin səsidir". "Onun Norveç Niynorsk dilində yazılmış və müxtəlif janrları əhatə edən nəhəng yaradıcılığı çox sayda pyes, roman, şeir toplumu, esse, uşaq kitabları və tərcümələrdən ibarətdir", - deyə akademiyadan bildirilib.
Qeyd edək ki, Yun Fosse “Evə kimsə gələcək”, “Ad”,“ Ana və uşaq”, “Bir yaz günü”, “Mən küləyəm” kimi pyeslərin müəllifidir.
Maraqlıdır, azərbaycanlı yazarlar Y.Fossenin hansı əsərlərini oxuyublar. Ümumiyyətlə, onu ədəbiyyat üzrə Nobel mükafatına layiq bilirlərmi?
Şair Aqşin Yenisey “Sherg.az”a açıqlamasında artıq uzun illərdir ki, mükafat alan yazarlar və əsərlərlə maraqlanmadığını deyib. Şair heç Nobel siyahısında kimlərin olduğunu da doğru-dürüst bilmirmiş:
“Bu gün artıq "qlobal roman" deyə ədəbi bir meyar atıblar ortaya. Hansı ölkənin yazıçısı olursan ol, ABŞ və Avropanın təbliğ etdiyi siyasətin, dəyərlərin yazıçısı deyilsənsə, səni yazıçı saymır bu mükafat komitələri. Məsələn, Murakaminin romanlarında yalnız adlar yapon adlarıdır, adları dəyiş, bir Qərb yazıçısı oxuduğunun fərqinə varacaqsan. Buna baxmayaraq, "qlobal roman"ın toruna düşən bu yaponun canfəşanlığının hələ ki, bir faydası yoxdur. Mən ədəbiyyatı yazıçının Qərblə deyil, dünyayla münasibətlərinin estetik, fəlsəfi ifadəsi kimi anlayıram. Ədəbiyyatın müəllifin üzərinə qoyduğu öhdəliklə, mükafatın müəllifin üzərinə qoyduğu öhdəlik fərqli-fərqli anlayışdır”.
Kulis.az ədəbiyyat və mədəniyyət portalının baş redaktoru, şair Ulucay Akif də Nobel mükafatını alana kimi Yun Fossenin heç bir əsərini oxumadığını qeyd edib.
Nəinki əsərlərini, deyəsən, heç adını da eşitməyibmiş: “Dünəndən bu günə üç hekayəsini və bir neçə şeirini oxudum. Fərqli üslubu var, maraqlı gəldi mənə. Çalışacam irihəcmli əsərlərindən də oxuyum”.
U.Akif düşünürmüş ki, bu il Nobelə Salman Rüşdi layiq görüləcək:
“Həm yaradıcılığına, həm də baş verən məlum hadisələrə görə, amma Nobel komitəsi yenə bizi yanıltdı”.
Şair arzu edir ki, beynəlxalq mükafatlara layiq görülən xarici yazıçıları azərbaycanlı oxucular da oxusun. Onun fikrincə, yazıçılar bu müəllifləri oxuyub onlarla ayaqlaşmağa çalışırlar, amma həmin müəlliflərdən, üslublardan xəbərdar olmayan oxucular Azərbaycan ədəbiyyatının inkişafina öz xəbərləri olmadan mane olurlar: “Bunlar çox ciddi məsələlərdir. Ədəbiyyat və sənət müstəvisində inkişaf etmək üçün digər ölkələrdə, xüsusən də Avropada baş verən yenilikləri izləməliyik. Bu gün azərbaycanlı yazıçı Yun Fosse, ya digər avropalı müəlliflər kimi yazsa da, azərbaycanlı oxucu ondan Cəlil Məmmədquluzadəlik, Axundovluq gözləyəcək və digər yenilikləri qəbul etməyəcək. Belə vəziyyətdə heç bir inkişafdan danışmaq olmaz”.
Nobel mükafatının siyasi sifariş əsasında təqdim edilməsi ilə bağlı iddialara gəldikdə isə U.Akif deyib ki, ədaləti heç bir yerdə və heç nədə tam tapa bilmərik. Nobel mükafatına siyasi proseslərin və bəlli gözləntilərin, məqsədlərin təsir etməyi hamı üçün aydındır:
- Ümumiyyətlə, insan oğlu bunu qəbul etməlidir ki, onun yazdığı, yaratdığı hər şey hansısa məqsədə xidmət edir. Bəzən öz məqsədlərinə, bəzən isə başqalarının...
Yazar Cəlil Cavanşir də sorğumuza cavabında Yun Fosseni tanımadığını və heç bir əsərini oxumadığını təəssüf hissi ilə qeyd edib:
“Dünən bir qədər araşdırdım, yəqin ən səs-küylü kitablarından birini oxuyacam. Ancaq yaxın vaxtlarda Yun Fosse oxumağa həvəsim və vaxtım yoxdur. Mənim favoritim amerikalı Tomas Pinçon idi. Çox ciddi nasir, dünya səviyyəli yazıçıdır. Fürsət tapdıqca Pinçonun əsərlərini məmnuniyyətlə oxuyacam”.
“Yun Fosse öz qeyri-adi istedadı ilə buna layiq idi"- bu sözləri isə Kulis.az-a açıqlamasında ADU-nun müəllimi, norveç dili üzrə tərcüməçi Anar Rəhimov deyib. Onun sözlərinə görə, Fossenin bu mükafatı alması Norveç ictimaiyyəti üçün bayramdır: "Norveç ədəbiyyatı üçün böyük hadisədir. Onların ədəbiyyat portallarına baxıram. Hamısı bu günü Norveç ədəbiyyatı üçün böyük gün hesab edir. Haradasa 80 ilə yaxın idi ki, onlarda ədəbiyyat üzrə Nobel mükafatı alan yox idi. İndiyə kimi cəmi üç Nobel mükafatçısı var idi: Byörnstyerne Byörnson, Knut Hamsun və Siqrid Ündset". Anar Rəhimov hesab edir ki, Fosse mükafata layiqdir:
"Yun Fosse özü də Avropada kifayət qədər tanınıb. Əsərləri Avropanın bütün böyük teatrlarının səhnələrində oynanılıb. Yun Fosseni Norveç üçün dəyərli edən odur ki, o, Norveçin niynorsk dilində yazır. Norveçdə iki dövlət dili var. Bir Danimarka və İsveçin təsiri ilə olan bukmol, bir də norveçlilərin özlərinin daha doğma hesab etdiyi niynorsk.
Düşünürəm ki, o bu mükafata hələ 3-4 il bundan qabaqdan layiq idi. Onun həm dram əsərləri, həm pyesləri, romanları Avropaya yeni səs gətirmişdi. Avropada da onun Nobeli almaq üçün yetişdiyini düşünürdülər. Norveç ədəbiyyatı üçün böyük uğurdur. Yun Fosse öz qeyri-adi istedadı ilə buna layiq idi". O, Fossenin əsərlərinin mövzularına da toxunub: "Fossenin əsərlərində, əsasən, adi həyat həqiqətləri, insanın daxili aləmi, şimal insanının az ünsiyyətə girməsi, çətin zamanlardakı seçimlərimiz kimi mövzulara toxunulub".