Əliağa Bakir - Əliağa Hacıağa oğlu Rzayev. Məhəmməd Füzuli ədəbi məktəbinin və Əliağa Vahidin davamçısı hesab edilən qəzəlxan şair 1923-cü il, noyabrın 1-də 1923 Bakıda anadan olub. İlk təhsilini Bakının bir neçə məktəbində - əvvəlcə “Bədəlbəyin məktəbi”, sonra 25, 136 və 171 saylı məktəblərdə alıb, 1941-ci ildə 171 saylı məktəbdən məzun olub.
Ədəbiyyata hələ uşaq illərindən böyük həvəs göstərən şair ilk şeirini 1937-ci ildə 6-cı sinifdə oxuyarkən İspaniyada mübarizə aparan respublikaçılara həsr edib. Əliağa Bakir ilk əmək fəaliyyətinə 1941-ci ildə SSRİ Müdafiə Nazirliyinin 610 nömrəli hərbiləşdirilmiş zavodunda fəhlə olaraq başlayıb. Daha sonra İkinci Dünya müharibəsinin ən şiddətli günlərində cəbhəyə yola düşüb, 1943-cü ildə Qudermes yaxınlığında alman qırıcı təyyarələrinin sovet hərbi qatarını bombardman etməsi nəticəsində ağır yaralanıb. Şair gənclik çağlarında çox sıxıntılı və iztirablı günlər yaşayıb. O, 1955-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirərək, inşaat mühəndisi ixtisasına yiyələnib. Qırx ildən artıq bir dövr ərzində Respublika Kənd Təsərrüfatı Nazirliyinin Baş Baytarlıq İdarəsində mühəndis vəzifəsində çalışıb. Böyük söz ustadı Əliağa Vahidin tələbələrindən olmuş Əliağa Bakir ədəbi fəaliyyətə 1940-cı illərdən başlayıb. O, 2200-dən artıq qəzəl və müxtəlif janrlarda yazılan şeirlərin, eləcə də, 5 poema müəllifidir. Onun əsərlərində yüksək insani keyfiyyətlər və mənəvi dəyərlər ana xətt təşkil edir. Yaşadığı həyat qələmə aldığı nəzm əsərlərində öz əksini tapıb.
Bir çox şeir və qəzəli dövri mətbuatda dərc olunub, bəstəkarlar tərəfindən onun şeirlərinə musiqi bəstələnib, qəzəlləri muğam ustaları tərəfindən ifa edilib. Yaradıcılığı haqqında radio və televiziya verilişləri hazırlanıb. “Yazıçı” nəşriyyatı tərəfindən 1978 və 1986-cı illərdə buraxılmış “Qəzəllər” toplusunda Əliağa Bakirin bir sıra qəzəlləri çap edilib. Bundan əlavə, şairin “Eşq ilə gülmüş təbiət” (1990), “Tarixlərdən gələn səslər” (1991), “Qabusnamə lövhələri” (1992) və “Min bir gözəl, min bir qəzəl” (1994) adlı kitabları kütləvi tirajla çapdan çıxıb. Əliağa Bakir 22 may 1998-ci ildə Bakıda vəfat edib. Məzarı ata yurdu Maştağa kəndindədir.
Görkəmli şairin 100 illik yubileyidir. “Şərq” şairin qələmə aldığı və Cəmaləddin Cavadov tərəfindən redaksiyaya təqdim edilən xatirələrini dərc edir.
* * * * *
Öz şeirləri ilə həmişə xalqın hafizəsində yaşayan, hikmətli kəlamları ilə ürəklərdə əbədi taxt quran, zamanın bizə bəxş etdiyi qocaman söz ustadı Əliağa Bakirin bu il anadan olmasının yüzüncü ildönümüdür.
Əliağa Bakir yaradıcılığına nəzər saldıqda onun təbiətin gözəlliyinə, xalqın söz sənətinə, ulu keçmişinə biganə münasibət bəsləyənlərə qarşı qətiyyətlə mübarizəsini, hər bir fərdə vətənə, onun tarixinə, mədəniyyətinə yüksək və dərin məhəbbət hissini aşılamasını görürük.
Şairin daxili aləmi bəzən mürəkkəb və ziddiyyətlidir. Çünki yaradıcı insan xüsusi duyğuya malik olur. O, həyata qarşı son dərəcə həssasdır. Zülmə və haqsızlığa biganə qala bilmir. Bu hisslər şairin təkcə nəzmlərində deyil, xatirələrində belə qələmə alınır.
Qocaman şairin Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə olunan şəxsi fondundakı xatirələrini vərəqləyərkən onun uşaqlıqdan nə qədər ağır və çətin günlər yaşadığının qiyabi şahidi olursan. Ancaq bununla yanaşı qələm ustadının ailəsi, dostları, bir çox görkəmli və tanınmış insanlarla bağlı həm həzin, həm də xoş xatirələri oxucuda maraqlı hisslər yaradır. Bu xatiratın bəzi sətirlərini siz oxucularla bölüşmək istərdik.
“Mən şeir yazmağa uşaq vaxtlarından başlamışam. İlk şeirimi altıncı sinifdə oxuyarkən, 1937-ci ildə İspaniya mübarizlərinə həsr etmişəm. Əfsuslar olsun ki, həmin şeir indi mənim arxivimdə yoxdur. Yaşa dolduqca şeirə meylim artdı. Ancaq həmişə nəsr əsəri yazmaq arzusunda olmuşam. Yeganə nəsr əsərim 1938-ci ildə “Pioner” jurnalında dərc edilmiş “Xəbərçi dovşan” adlı kiçik bir hekayəm olub. Mənim nasirliyim bununla da sona çatıb. Şairlik isə ömrü boyu mənə həmdəm oldu. Uzun illər şeirin bir çox növündə əsərlər yaratdım. Zəifi də oldu, yaxşısı da. Seviləni də oldu, sevilmiyəni də. Elə mənə şairliyi də bəxş edən bu amillər olub”.
“Mən hələ uşaq vaxtlarımdan incəsənətlə çox maraqlanırdım, rəssamlığa, poeziyaya, musiqiyə çox həvəsim vardı. 1940-cı ilin yaz ayları idi. Səməd Vurğunun Elmlər Akademiyasının binasında “Xanlar” pyesinin disputu keçirilirdi. Mənim onda 16 yaşım vardı. Axşam çağıydı. Mən də o disputa getmişdim. Tez ikinci cərgədə özümə yer tutdum. Bir azdan bir nəfər gəlib yanımda oturdu. Bu böyük sənətkarımız Mirzəağa Əliyev idi. O mənə üz tutub dedi: “Bala, sən burda neyləyirsən?” Dedim: “Mirzə dayı, mən də yavaş-yavaş maraqlanıram”. Dedi: “Yaxşı eləyirsən bala, ədəbiyyat gözəl nemətdir”. Disput başlandı. Heydər Hüseynov, Səməd Vurğun, Mərziyə xanım Davudova, Ələsgər Ələkbərov çıxış etdilər. Yığıncaq qurtardıqdan sonra mən Mirzəağa Əliyevlə bir yerdə çıxdım. Onun evinə qədər bir yerdə gəldik. Xüdahafizləşib ayrıldıq. Sonralar İnstitutda oxuyan vaxtı onunla yaxından tanış olduq. 1954-cü ildə onu son mənzilə yola salanların arasında mən də vardım”.
“1941-1942-ci illərdə Gülağa Məmmədovla yoldaşlıq edirdim. Ağabala Abdullayev adlı bir dostumuz da vardı (Xalq artisti Əlibaba Abdullayevin kiçik qardaşı). Üçümüzün də yaxşı səsi vardı. Gülağanın xalq mahnıları oxumağa, mənim isə muğama həvəsim vardı”.
“Cavanlıqda çəkdiyim əzablı günlər xanəndəliyi də, rəssamlığı da mənə unutdururdu. Lakin zindan küncündə keçirdiyim əzablı illər də məni ruhdan salmadı. Düşdüyüm kalonda çoxlu ziyalı vardı. Odur ki, 1946-cı ildən başlayaraq bir dram dərnəyi yaratdım. Otuza qədər istedadlı adamları başıma yığdım. Gündüzlər işləyir, axşam isə gecə 11-ə, 12-yə qədər məşq aparırdım. Az zaman içində gözəl kollektiv yaratdım. “Vaqif”, “Nizami”, “Qatır Məmməd”, “Gözün aydın” və başqa pyesləri tamaşaya qoydum. Vaqif, Nəsimi, Qatır Məmməd, Alay rollarını isə özüm oynayırdım...”.
“Hələ tələbəlik illərimdə, 1950-51-ci illərdə Həsənağa Salayev məni görkəmli səhnə ustaları Mövsüm Sənani, Əli Qurbanov, Sidqi Ruhulla və başqaları ilə tanış eləmişdi. O vaxtı satirik şeirlər yazırdım. Bu aktyorlar mənim satirik şeirlərimi konsertlərdə ifa edirdilər. Uzun illər bu gözəl insanlarla yaxınlığım olub”.
“1960-cı illərdə gənc şairlərdən Əli Kərim və Rüfət Zəbioğluyla dostluq eləməyə başladım. Sözün əsl mənasında bunlar çox talantlı şairlər idi. Hər ikisi də eyni yaşda idi. Əfsuslar olsun ki, dünyadan tez köçdülər. Əli Kərim 1969-cu ildə 38 yaşında, Rüfət Zəbioğlu isə 1982-ci ildə 51 yaşında...”.
“1965-ci ilin 30 sentyabrı idi. Səhər saat 8-də evdən çıxdım, Sovet-Mirzəağa Əliyev küçələrinin tinindəki qəzet köşkündən qəzet alıb işə yollandım. Qəzeti alan kimi alıb baxdım. Gördüm ki, Əliağa Vahid haqqında nekroloq dərc edilib. Elə ordan başladım küçədə gedə-gedə beynimdə yazmağa. Gəlib Hüsü Hacıyev-Şors küçəsinin tininə çatanda Əliağa Vahidin dostu, mənim də yaxın tanışım, tənqidçi Məmməd Əkbərə rast gəldim. O məni görən kimi dedi ki, “Vahid rəhmətə getdi”. Dedim: “Bilirəm”. Ora qədər dəqiq 4 beyt yazmışdım. İstədim deyim, Məmməd Əkbər qoymadı, dedi “dayanma, ardını yaz, elə onu davam etdirən sən olacaqsan”... Artıq Hökumət Evinə çatana kimi (işim orada idi) bütün qəzəli qurtardım. Otağıma qalxıb tez kağıza köçürtdüm.
Sabahı, oktyabrın 1-də Əliağa Vahidin cənazəsi Natəvan adına klubda qoyulmuşdu. Məclisin ağsaqqalı Seyfəddin Dağlı idi. O vaxt gənc şair olan Tofiq Bayram aralıqda xidmət göstərirdi. Seyfəddinlə tanışlığım yox idi. Amma Tofiq Bayramla yaxın idik. Odur ki, yazdığım qəzəli Tofiq Bayrama oxudum. O da məsləhət gördü ki, Seyfəddin Dağlıya oxuyum. O, Seyfəddini mənimlə tanış etdi və mən qəzəlimi ona oxudum. Seyfəddin məsləhət gördü ki, bu qəzəli Vahidin qəbri üstündə oxuyum... Dəfn mərasimini Mirzə İbrahimov aparırdı. Mirzə müəllim mənə söz verdi. Qəzəli elə bir hərarətlə oxudum ki, qəzəl qurtarandan sonra camaatdan alqış sədaları qopdu. İki gündən sonra şair Qabil mənə zəng elədi ki, “Mirzə müəllim deyir ki, o oğlanı tapın, həmin qəzəli “Ədəbiyyat” qəzetində buraxın”...
9 oktyabr 1965-ci il tarixli “Ədəbiyyat” qəzetində Əliağa Vahidə həsr olunmuş bütün bir səhifə buraxıldı. Orada Vahid haqqında yazılar, Süleyman Rüstəmin, Məmməd Rahimin və mənim qəzəllərimiz buraxılmışdı. Qəzəlimin altında “Əliağa Bakir mühəndis” yazılmışdı.
Söz gövhəri səpdin bu gözəl gülşənə Vahid,
Bəxş etdi qəzəl mülkünü dövran sənə Vahid.
Övladi-Füzuli bu zaman içrə sən oldun,
Söz məclisinin gövhərisən sən yenə Vahid.
Odlar vətəni, yurdumuz üçün bu şərəfdir,
Dillərdə sənin hər qəzəlin söylənə Vahid.
“Məni az-çox məşhurlaşdıran “Atadır” qəzəlimin qəribə tarixi vardır. O vaxtlar Sovet küçəsindəki köhnə evimizdə olurdum. İndi Baba Mahmudoğlu kimi tanınan müğənni əvvəllər Baba Mirzəyev idi. O, 1963-cü ildən başlayaraq bizə tez-tez gəlirdi. Bir gün mənə dedi ki, Bakir müəllim, ata haqqında bir qəzəl yaz, çünki bu haqda heç bir yaxşı qəzəl yoxdur.
1968-ci ilin mart ayının axırları idi. Bağa işləməyə getmişdim. Soyuq bir gün idi. Günortaya qədər bağı belləməklə məşğul oldum. Soyuq məni yaman karıxdırmışdı. Gəlib xörəyimi qızdırıb, günortaya yeməyimi hazırladım. Bir az içkim vardı, yeyib-içəndən sonra bir balaca özümə gəldim. Doğrudan da, atanın çəkdiyi əzabı hiss etdim... Nə isə, o an 15 dəqiqədə “Atadır” rəfili qəzəlimi yazdım.
Səhəri işə gəlib, nazirlikdə mənimlə bir yerdə işləyən Əli Bədəlov adlı zootexnik iş yoldaşıma oxudum. O çox gözəl insan idi, yaxşı da ədəbiyyatçı idi. Qəzəli çox bəyəndi. Amma dedi ki, “oğul, burada nə isə çatmır”... Nə olduğunu isə demədi. Səhəri o qəzələ bir beyt əlavə etdim.
Sonra bu qəzəli Əli müəllimə oxudum. Dedi, “oğul, hədəfi gözündən vurmusan. Sən atanı, Allahdan sonra övlad üçün ikinci Allah kimi vermisən. Ancaq o qocalıb düşən vaxtı, sənin yazdığın bu qəzəl onun ata kimi əlində əsas olar. Əgər vaxtında övlada baxmayıbsa, bu yazdığın beyt onu susmağa məcbur edər”. Əli Bədəlov 20 ilə yaxındır ki, rəhmətə gedib. Allah onu qəni-qəni rəhmət eləsin. Həmin qəzəli yazdığım tarixdən düz 30 il keçir. O qəzəl demək olar ki, bütün Azərbaycana səs saldı. Xanəndə də, molla da, dərviş də onu oxudu. Bəstəkar da ona romans yazdı...”
Hər bir övlada şərəf, şöhrət ilə şan atadır,
Başa tac, qəlbə fərəh, təxti-Süleyman atadır.
Hörmətin saxlamalı daima aləmdə onun
Çünki dünyaya səni bəxş edən insan atadır.
Cəmaləddin CAVADOV