Onun Azərbaycan klassik söz sənətinə verdiyi yüksək qiyməti görürük
İnsana yaşamaq üçün çörəkdən, sudan, havadan sonra zəruri olan dördüncü amil sözdür. Aforizm yunanca qısa kəlam, ümumiləşdirilmiş, bitkin, dərin mənalı fikir, hikmətli söz deməkdir.
İbrətamiz fəlsəfi və müdrik fikirlər söz sənətinin gözəlliyi və yaraşığıdır. Müdrik söz demək qabiliyyəti ta qədim zamanlardan bu günümüzə qədər bizlərə gəlib çatmış ulu bir sənətdir. Bu mənada, klassik Azərbaycan söz ustadlarının davamçısı olan yüz yaşlı qocaman qəzəlxan-şair Əliağa Bakirin nəzmlərini oxuduqda, özümüzdə həyatın mənasını, insan əməllərinin yaxşı və yamanlığını, söz ilə əməlin hansı ictimai şəraitdə ahəngdar və ya uçurumlu olduğu barədə təsəvvür yaradırıq. Zamanın tələblərinə cavab verən bu aforizmlərində qocaman şair deyir:
“Həyat yolları eniş-yoxuşdan, keşməkeşlərdən ibarətdir. Həyatı çalışıb elə qurmaq lazımdır ki, əzab-əziyyətlərin gənclik dövrünə düşsün. Qoca vaxtına isə səadət və xoşbəxliyin qalsın. Həyat insana bir dəfə bəxş olunur. Bunu elə keçirmək lazımdır ki, ömür karvanı son mənzilə çatarkən, çevrilib keçdiyin yollara nəzər saldıqca peşmançılıq çəkməyəsən. Həyatı dərk etdiyim müddətdə ədalətlərlə də, cinayətlərlə də, dəhşətlərlə də çox üz-üzə gəldim. Mühakimələri və əzabları çox seyr etdim. Fəqət vicdan mühakiməsindən ədalətli mühakimə, vicdan əzabından dəhşətli əzab görmədim.”
Əliağa Bakir aforizmlərini oxuduqda, onun Azərbaycan klassik söz sənətinə verdiyi yüksək qiyməti görürük:
“Füzuli – fəthi mümkün olmayan, əlçatmaz bir zirvədir. Füzuli elə bir dəryadır ki, nə dibi görünür, nə sahili.
Ölmüşkən əsərləri yüz illərlə dönə - dönə maraqla oxunan müəlliflərə peyğəmbər demək mümkün olsaydı, sağ ikən əsərləri ölmüş müəlliflərə isə mən cansız odun parçasından yüksək ad verməyə vicdan əzabı çəkərdim.
Sənətin zirvələrinə gedən yollar enişli – yoxuşlu, daşlı – kəsəkli, şaxtalı – boranlı, əzab - əziyyətli olur. Bu yolları qətiyyət və mətanətlə keçməyi bacaranlar o zirvələrə yiyələnib şöhrətlənəcək.”
Deyirlər, bəşəriyyətə yaşamaq üçün çörək, su, hava lazımdır. Dördüncü amil isə sözdür. Onsuz həyat, həyat deyil.
Qocaman şairin yaradıcılığını tədqiq edərkən onun bədii söz duyğusunu və vurğunluğunu görürsən:
Ömür xəzan olub getsə də bada,
Söz mülkü qalacaq məndən dünyada.
Mətanət QASIMOVA,
Salman Mümtaz adına Dövlət Ədəbiyyat
və İncəsənət Arxivinin şöbə müdiri