"Anarı və AYB-ni yenə də tənqid edəcəm. Çünki mən fikir azadlığının tərəfdarıyam. AYB-ni tərifləsəm deyəcəkdilər yaltaqlanıb deyə ev verdilər"
"İnsanlar dürüst olsalar, rahatca etiraf edərlər ki, doğrudan da bu illər ərzində, bəlkə də, ən məhsuldar gənc yazıçı mən olmuşam. Məncə, gənclər arasında ən böyük oxucu kütləsi olan imza da məhz mənəm"
Ötən həftə 21 nəfər yaradıcı adama ev verilib. Bu isə yazıçılar arasında narazılığa səbəb olub. Onlar iddia edirlər ki, ev bölgüsü obyektiv həyata keçirilməyib. Hətta 1-2 evi olan şəxslərə yenidən evlər verildiyi də səsləndirilən iddialar arasındadır. Gənc yazar Ulucayın Akifin adının ev alan yazarlar siyahısında olması sosial şəbəkələrdə ciddi polemika mövzusuna çevrilib. Gənc yazarın AYB tərəfindən evlə təmin olunması çoxlarını sevindirsə də, yazarın çox gənc, üstəlik subay olmasını iddia edərək verilən evdə haqqı olmadığını iddia edənlər var.
Bəziləri rəylərdə isə qeyd olunub ki, bütün gün yazılarında AYB-ni və AYB sədri Anar Razayevi tənqid edən Ulucayın ev alması arasında bir ziddiyyət var.
Ulucay Akif isə “Sherg.az”a açıqlamasında sosial mediada haqqında yazılanları oxuduğunu, lakin fikir vermədiyini deyib: “Açığı, gözləmirdim və mənim üçün çox sevindirici xəbər oldu. Ev almağıma sevinənlər və layiq olduğumu deyənlər daha çoxdur. Belə düşünən adamlara da təşəkkür edirəm.10 ildir ki həm ədəbiyyat, həm də jurnalistika ilə məşğulam. Gənclər arasından təkcə mənə ev verildi. İnsanlar dürüst olsalar, rahatca etiraf edərlər ki, doğrudan da bu illər ərzində, bəlkə də, ən məhsuldar gənc yazıçı mən olmuşam. Yazılarım, köşələrim, reportajlarım, şeirlərim, hekayələrim, hamısı göz qabağındadır. Məncə, gənclər arasında ən böyük oxucu kütləsi olan imza da məhz mənəm. Təkcə gənclər arasında yox, təvazökarlıqdan uzaq olsa da deyim ki, istedadım da sual altında deyil. Bu səbəbdən özümü yetərincə rahat və layiqli hiss edirəm.
25 yaşımdan ölkənin ən nüfuzlu, ən aktiv və sevilən ədəbiyyat, mədəniyyət saytı Kulis.az-ın baş redaktoruyam. Yəni təkcə şəxsi yaradıcılığımla məşğul deyiləm, həm də ölkəmizdəki ədəbi, mədəni prosesə görə işlər görürəm. Son iki ildə "İlin hekayəsi" müsabiqəsinin hansı səviyyədə, hansı obyektivlikdə təşkil etdiyim də göz önündədir. Gördüyüm işləri saymaq niyyətim yoxdur, bilənlər bilir. Yəni mən çox rahatam bu məsələdə”.
U. Akif onun evinin olması ilə bağlı iddiaları yalanlayıb:
“Yazırlar ki, Ulucay Akifə nənəsi ev verib. Özüm də camaatdan öyrənirəm ki, sən demə mənim 3-4 evim var imiş. Mənim evim yoxdur. Nənəm də mənə ev bağışlamayıb. Nənəmin 16 nəvəsi var. Mən onun qız övladının nəvəsiyəm. Oğlundan olan nəvələri var. Axı kim deyir nənəm mənə ev verəcək? Bu nə ucuz söhbətlərdir? Yenə deyirəm, mənim evim yox idi. Azərbaycan Yazıçılar Birliyi verdi, oldu.
AYB haqqında yazdıqlarını xatırladan gənz yazar qeyd edib ki, adamlar düz deyir, mən dəfələrlə AYB-ni tənqid etmişəm və yenə edəcəm:
“Sonuncu Qurultaydan sonra yazı da yazmışdım. Yazmışdım ki "Mən Anara səs vermədim, mənim səsim gənclərədir". Yazını axtarıb, tapıb oxuya bilər istəyənlər.
Həmçinin rəhbəri olduğum saytda da Anarın və AYB-nin tənqid olunduğu yazılar dəfələrlə yayımlanıb, yenə də yayımlanacaq. Çünki mən fikir azadlığının tərəfdarıyam. AYB-ni tərifləsəm deyəcəkdilər yaltaqlanıb deyə ev verdilər. Gözəl olan odur ki, mənim tənqidlərimin, rəhbəri olduğum saytın mövqeyinin evlə təmin olunmağıma heç bir əngəli olmadı. Məhz bunun üçün Azərbaycan Yazıçılar Birliyinin sədri Anara təşəkkür edirəm. Son olaraq da yenə demək istəyirəm ki, həm istedad, həm fəaliyyət baxımından o siyahıdakı ən layiqli adamlardan biri mənəm. Evim-filan da yoxdur. Çox istərdim ki, layiq olan hər kəs ya evlə təmin olunsun, ya da ev almalarına şərait yaradılsın”.