Rəsmilər əhaliyə peyvənd çağırışı edir
“Bu çağırışı indi, xəstəliyin alovlandığı vaxt yox, həmişə etməliydilər, yəni ilboyu”
“Xəstəliyi ram etmək üçün başqa yol yoxdur! Özəllərdə həkim müayinəsi olmadan peyvənd vurdurmayın”
Milli peyvənd təqviminə əsasən, qızılcaya qarşı immunizasiya 1 və 6 yaşlarında olmaqla 2 doza şəklində kombinə olunan QPM (qızılca, parotit, məxmərək) peyvəndi ilə aparılır.
Qızılca yüksək kontagiozluğa malik kəskin xəstəlikdir, yaxın təmasda olan əhalinin 90 faizini yoluxdura bilər. İnsanların təxminən 93 faizi bir dozadan sonra, 97 faizi isə ikinci dozadan sonra immun hesab olunur.
TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva bildirib ki, peyvənd qızılca ilə əlaqəli ağırlaşmaların və ölümün qarşısını alır: “Peyvəndlənməmiş şəxslərdə qızılca xəstəliyi ağırlaşmalara və hətta qalıcı fəsadlara səbəb ola bilər. Peyvəndlər təhlükəsizdir və bir çox effektiv müalicəsi olmayan xəstəliklərin profilaktikası peyvəndlərlə mümkündür”.
Şöbə müdiri qeyd edib ki, əgər qızılca peyvəndi olmayan hamilə qadınlar xəstəliyə yoluxarsa, bu, vaxtından əvvəl doğuşuna və ya az çəkili körpənin doğulmasına səbəb ola bilər: “Qızılcadan qorunmanın ən effektiv və yeganə yolu peyvənd olunmaqdır. Qızılca sadəcə səpkidən ibarət bəsit infeksion xəstəlik deyil. Qızılca xəstəliyi olan uşaq və böyüklər üçün antibiotiklərin profilaktik istifadəsi tövsiyə edilmir. Qızılca xəstələrində empirik antibiotik müalicəsi yalnız ağırlaşmış xəstələrdə ikincili bakterial infeksiya şübhəsi olduqda təyin olunmalıdır.
Epidemioloji alovlanma dövründə xəstəxanaya müraciət edən bütün uşaqların immunizasiya statusu və vitamin A təyinatı dəyərləndirilməli, qızılca əleyhinə peyvənddən geri qalan bütün uşaqlar peyvəndləməyə cəlb olunmalı, müvafiq vitamin A təyinatı verilməlidir”.
Pediatr Vaqif Qarayev isə “Sherg.az”a açıqlamasında deyib ki, ölkədə qızılca ilə bağlı ciddi ajiotaj yaşanır. Rəsmilər əhaliyə peyvənd çağırışı edir:
“Düşünürəm ki, bu çağırışı indi, xəstəliyin alovlandığı vaxt yox, həmişə etməliydilər, yəni ilboyu. Bir məsələ də var ki, bizdə peyvənd qanunla məcburi deyil. Hər şey valideynin məsuliyyətindən asılıdır. Elə buna görə də indiki vəziyyətə çatmışıq. Əslində, peyvənd altına düşən istənilən xəstəliyin epidemiyası alovlana bilər. 90-cı illərdə idarəolunmaz miqrasiya nəticəsində difteriya kimi təhlükəli xəstəlik tüğyan edirdi. Yaxın illərdə göyöskürək geniş yayılmışdı, indi də qızılca”.
Pediatr təəssüflə qeyd edib ki, sosial şəbəkələrdə “yalandı", "bu virusu qəsdən yayıblar", “yenə bizi iynələmək (vaksinasiya) istəyirlər” kimi əsassız düşüncələrlə peyvənddən yayınmalar təbliğ edilir:
“Eynən COVID-19 pandemiyası zamanı olduğuğu kimi nə ölənə inanırdıq, nə də ağzına kimi dolu olan xəstəxanalara. Artıq qızılcadan dünyasını dəyişən uşaqlarla bağlı xəbərlər alırıq. Valideynlərin həyəcan və narahatlıq dolu zəngləri başlayıb, nə edək deyə? Mütləq kimsə ölməlidir ki, vəziyyətin ciddiliyini anlayaq?
Qızılca virusunu "qəsdən" buraxmayıblar. Bu xəstəlik COVID-19-dan əvvəl də var idi. Üstəlik, yoluxanların da hamısı peyvəndsiz uşaqlar idi. Lakin pandemiya dövründə tətbiq edilən xüsusi karantin rejimi, evə qapanmalar, kütləvi tədbirlərin ləğvi hesabına qızılca müvəqqəti yoxa çıxdı. İndi isə yenidən baş qaldırıb.
Tövsiyə edirəm ki, valideynlər uşaqlarına mütləq peyvənd etdirsin. Yox əgər istəmirsinizsə, peyvəndsiz uşaqlarınızı təcrid edin. Ən azı proses sönənə kimi. Xəstəliyi ram etmək üçün başqa yol yoxdur! Və nəhayət, peyvənd sağlam uşaqlara vurulmalıdır! Özəllərdə həkim müayinəsi olmadan peyvənd vurdurmayın”.