Bu günlərdə şəxsinə və imzasına sayqı duyduğum, şeirlərini sevə-sevə oxuyub izlədiyim şair Mikayıl Bozalın 65 yaşı tamam olur. Ona Azərbaycan Yazıçılar Birliyindən təbrik hazırlamaq istəyərkən məlum oldu ki, bu dəyərli şairimiz bizim birliyin üzvü deyilmiş. Əlbəttə, bunu duyunca təəssüf hissi keçirdim. Biz bütün istedadlı şairlərimizi birliyimizin üzvləri sırasında görmək istərdik.
AYB üzvü olmamağının nədəninin fərqinə varmadan birliyin Poeziya Seksiyasının rəhbəri olaraq onu yubileyi münasibəti ilə təbrik etmək fikrindən də vaz keçə bilməzdim. Hansı yaradıcılıq təşkilatının üzvü olub-olmamağından asılı olmayaraq hər bir istedadlı qələm sahibi ədəbiyyatımızın zənginləşməsinə xidmət edir. Poeziyada bu cür qələm çalanlar isə mənim üçün daha önəmlidir. Onun yeni nəşrə hazırladığı “..., ay adam” adlı kitaba böyük məmnuniyyətlə Ön Söz yazmışam. Müəllifin kitaba daxil etdiyi şeirləri çox bəyənmişəm.
Mikayıl Bozal çağdaş poeziyamızda öz imzası ilə seçilən, oxucular tərəfindən sevilən bir şairimizdir. Onun yaxın gələcəkdə Azərbaycan Yazıçılar Birliyinin də üzvü olmasını arzu edir və qəbul komissiyasından mənim bu qısa mətnimi bir zəmanət olaraq qəbul etməsini təmənna edirəm.
Dəyərli şairimizi 65 illik yubileyi münasibəti ilə həm AYB Poeziya seksiyası olaraq, həm də şəxsən öz adımdansəmimi qəlbdən təbrik edir,ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları diləyirəm.
Sayqılarla, İbrahim İlyaslı
Azərbaycan Yazıçılar Birliyi “Poeziya seksiyası”nın rəhbəri