“Vətəndaş Tribunası” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il kiçik qrantlar müsabiqəsinin qaliblərindən biri kimi “Müasir Azərbaycan ədəbiyyatının önəmli nəsr nümunələrinin ölkədə və xaricdə tanıdılması” layihəsi çərçivəsində müəlliflərlə görüş təşkil edib. 22 sentyabr 2023-cü ildə Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisindəki iclas zalında keçirilən görüşdə yazıçı müəlliflər Şərif Ağayar, Mehriban Vəzir, Kəramət Böyükçöl və ədəbi ictimaiyyətin tanınmış nümayəndələri, jurnalistlər, QHT, siyasi partiya rəhbərləri, millət vəkilləri və sıravi oxucular iştirak edib.
Tədbirin aparıcısı, layihə rəhbəri Səfər Alışarlı giriş nitqi söyləyərək layihəni dəstəkləmiş Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib. S.Alışarlı insanların və cəmiyyətin mənəvi yüksəlişində ədəbiyyatın rolundan və önəmli nəsr nümunələrimizin ölkədə və xaricdə tanıdılmasının vacibliyindən danışaraq layihə çərçivəsində görülmüş işləri diqqətə çatdırıb. Qeyd edilib ki, layihə üçün müəllif və roman seçimində əsas meyar istedad və bədii keyfiyyətlər baxımından mükəmməl yazılmış əsərlər olub. Layihə rəhbəri bildirib ki, Şərif Ağayarın “Arzulardan sonrakı şəhər”, Mehriban Vəzirin “Gövhər ağa Cavanşir” və Kəramət Böyükçölün “Çöl” romanlarının tanıdılması yönündə aparılmış təbliğat kampanıyası üçün bu əsərlərin hər biri haqda videoçarxlar hazırlanıb, məqalələr yazılaraq xarici və daxili mətbuatda çap edilib, müəlliflərin əsərləri haqda məlumatlar xarici ölkələrin elektron ədəbi resurslarına göndərilib, həmçinin sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edilib.
Videoçarxlara baxışdan sonra tədbir iştirakçılarından – millət vəkili, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, millət vəkili Etibar Əliyev, tənqidçi Məti Osmanoğlu, şairlər Murad Köhnəqala, Tahir Taisoğlu, Nazim Əhmədli, İslam Sadıq, Aydın Uluxanlı, Ağacəfər Həsənli, Adilə Nəzər, Əhməd Qəşəmoğlu, İslam Babazadə, Arzu Nehrəmli, İnqilab Orxan, Rəşid Göyçə, Fəridə Azəri, Əlisəmid Kür, yazıçılar Azad Qaradərəli, Mirmehdi Ağaoğlu, İlham Əziz, Aləm Kəngərli, Xeyrulla Ağayev, eləcə də Mikayıl Müşfiq ocağının təmsilçisi Leyla Axundzadə, QHT rəhbəri Dilarə Nağıyeva təbliğ edilən romanların bədii məziyyətləri, onların müasir ədəbiyyatımızda yeri haqda danışıb, layihəni yüksək dəyərləndiriblər.
Sonda çıxış edən müəlliflər Mehriban Vəzir, Kəramət Böyükçöl və Şərif Ağayar adı çəkilən əsərlərinin yazılış tarixçəsi, obraz və ideyalarını təhlil ediblər.