“Ola bilər yazıçı Azərbaycan dilində yazmır. Amma Azərbaycan haqqında yazır”
“Bir yazıçı öz ətrafında istər sağlığında, istər vəfatından sonra söz-söhbət yaradırsa, müzakirə açırsa, bu onun böyüklüyü deməkdir”
Mərhum yazıçı Çingiz Hüseynovun, necə deyərlər, bədəni soyudu, haqqında söz-söhbətlərsə soyumaq bilmir. Hərə bir bucaqdan baxır ona. Kimisi efir, kimisi AYB, kimisi iqtidar-müxalifət, kimisi də sadəcə əsərləri üzərindən. Sağlığında da mübahisə obyekti idi, vəfatından sonra da. O, Azərbaycanın Əməkdar incəsənət xadimidir. Nasir, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi... Xalq yazıçısı deyil, yox. Baxmayaraq ki, bir çox digər irili-xırdalı əsərləri ilə yanaşı Mirzə Fətəli Axundovun obrazını yaratdığı “Fətəli fəthi”, Nəriman Nərimanovun həyatından bəhs edən “Doktor N”, böyük əks-səda yaradan fəlsəfi məzmunlu “Quran surələrinin düzülüşü” kitabı, Məhəmməd peyğəmbər (ə.s.ə) haqqında “Merac” əsərlərinin müəllifidir. Çingiz Hüseynov 2014-cü ildə Azərbaycan Yazıçılar Birliyindən istefa vermişdi. Bəlkə buna görə “qara siyahı”ya düşdü, bilmirik. Amma o, Azərbaycanda yaşamadığına, Azərbaycan dilində yazmadığına görə tənqid edilir. Bu, lap gülməlidir. Azərbaycan dilində danışa bilməyən xalq yazıçımız var! Qarabağ müharibəsinə səssiz qaldığına görə tənqid olunması da absurd görünür. Yazıçının Qarabağla bağlı məşhur kəlamları var. Bur də ki buna qalsa, gərək bir çox məşhurlarımızın üzərindən qara xətt çəkək. Amma çəkmirik. Hətta Fəxri xiyabanda “ədəli-dədəli” dəfn edirik... Çingiz Hüseynov haqqında fikirlər haçalanır. Onu niyə ədəbi mühit birmənalı qəbul etmir?
“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Çingiz Hüseynov böyük yazıçıdır:
- Mən onun kitabını nəşr etmişəm, “Merac” əsərini. 2006-cı ildə gərək ki. O zaman danışmışdıq ki, digər əsərlərini də nəşr edək. Çingiz Hüseynov böyük yazıçıdı. İnsan kimi də, bir yazıçı kimi də çox diqqətli adam idi. Azərbaycanda ən yeni imzaları belə oxuyub reaksiya verirdi. Bizə görə bu, yazıçı üçün ən üstün keyfiyyətlərdən biridir. Çingiz Hüseynov qiymətli yazıçıdır, mütəfəkkirdir. Böyük düşüncə sahiblərinin hansı yaşda olursa-olsun, dünyalarını dəyişməsi sarsıdıcı olur. Onları itirmək istəmirsən, istəmirsən ki, onlar bu dünyadan getsinlər. Məncə, Çingiz Hüseynov bu dünyadan getməsi istənilməyın adam idi. Onun haqqında fərqli fikirlər var. Bu, təbiidir. Bir yazıçı öz ətrafında istər sağlığında, istər vəfatından sonra söz-söhbət yaradırsa, müzakirə açırsa, bu onun böyüklüyü deməkdir. Demək, o, hansısa hədəflərə çata bilib.
Çingiz Hüseynovu Azərbaycanda yaşamadığına görə qınamaq, “əsl yox, əsli azərbaycanlı idi” kimi ifadələrlə aşağılamağa çalışmaq cəhdləri də var.
Ş.Xuduoğlu qeyd etdi ki, doğma dildə yazılmayan saysız-hesabsız əsərlər nümunə çəkmək olar ki, doğma xalqın dilində yazılmasa da, o əsərlərdə xalq ən yüksək səviyyədə tərənnüm edilib:
- Bunlar bir az mübahisəli mövzudur. “Əli və Nino” əsəri alman dilində yazılıb. Amma Azərbaycana bu cür böyük sevgiylə yazılan heç Azərbaycan dilində əsər bəlkə tapmazsınız. Bəzən yerli şərait bəzi məsələləri diktə edir. Ola bilər yazıçı Azərbaycan dilində yazmır. Amma Azərbaycan haqqında yazır. Bizim kimi dilin kiçik daşıyıcılarının böyük iddiaları bəzən yerə-göyə sığmır. Məsələlərə yanaşma müxtəlifdir. Başqa dilə tərcümə oluna bilməsən tanınmırsan. Düzgün deyil buna görə kimisə qınamaq. Ona görə başqa dildə yazır ki, daha çox oxunsun. Azərbaycan dilində yazırsa, başqa dildə də yazırsa, bu, yazıçının üstün cəhətidur. Amma doğma dildə yazmırsa, onu qınamaq da düzgün deyil. Baninin “Nami” əsəri də Azərbaycan haqqında çox böyük sevgi ilə yazılıb. Amma Azərbaycan dilində yazılmayıb. Bilirsiz, məncə, şeir nəsrdən fərqlidir. Şeiri doğma dildə yazanda, səsləndirəndə cana, ürəyə yatır. Poeziyada belə bir fərqli keyfiyyət var. Amma nəsr başqadır. Nəsr hansı dildə yazılırsa, əgər orada obrazlar yaxşı təsvir edilibsə, hansı dildə yazılmasının əhəmiyyəti yoxdur. Xalid Hüseyninin romanlarını bəlkə də Azərbaycanda əhalinin 90 faizi oxuyub. Dünyada da ən çox nəşr olunan, satılan kitablar arasındadır. Amma ingilis dilində yazılıb. Lakin əfqan ağrısıyla. Hansı əfqan deyə bilər ki, bu, onun deyil?!. Bu məsələlər həmişə mübahisəlidir. Məsələn, Turgenev fransız dilində də yazırdı. Amma rus klassikidir. Tarixdə belə mübahisələr çox olub. Bu, yaradıcılığın ayrılmaz hissəsidi. Freddi Merkuri – məşhur rok ifaçısı zənzibarlı idi. Əsl adı Fərrux olub. Amma ingilis sənətçisi idi. Dünyada da ingilis kimi tanınırdı. Çünki onu sənətkar edən, məşhurlaşdıran ingiliscə oxuduğu rok mahnılar idi. Bu cür mübahisələrin heç biri böyük yaradıcı insanların keyfiyyətini aşağı salmır. Əksinə, onların böyüklüyünü təsdiq edir.