Bu gün Azərbaycan Milli Kitabxanasında yazıçı, ədəbiyyatşünas Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərinin alman dilində nəşrinin təqdimatı keçirilib.
Sherg.az APA-ya istinadən xəbər verir ki, təqdimat mərasimində mədəniyyət naziri Adil Kərimli, ADA Universitetinin rektoru professor Hafiz Paşayev, AMEA Prezidenti akademik İsa Həbibbəyli, Milli Kitabxananın sədri Kərim Tahirov və digər mədəni-ictimai xadimlər, ədəbiyyatşünas alimlər, yazıçı və şairlər, eləcə də media mənsubları iştirak edib.
Təqdimatda açılış nitqi ilə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov Mir Cəlal Paşayevin yaradıcı dünyasının zənginliyindən bəhs edib: “Azərbaycan ədəbiyyatı, nəsri, ədəbiyyatşünaslığı yaşadıqca Mir Cəlal Paşayev də yaşayacaq, onun əsərləri yaşayacaq”.
AMEA Prezidenti akademik İsa Həbibbəyli Mir Cəlal Paşayevin ədəbiyyatşünaslıq fəaliyyətinə toxunub: “O, 40-cı illərdə ədəbiyyat nəzəriyyəsinin elə bir bünövrəsini qoyub ki, ədəbiyyat nəzəriyyəmiz bu bünövrənin üzərində ucalıb. Azərbaycanda realizm və ümumi nəzəriyyə istiqamətli tədqiqatlar məhz bu bünövrəyə əsaslanıb”.
Çıxışlar yekunlaşdıqdan sonra əsər ətrafında ümumi müzakirələr aparılıb.
Qeyd edək ki, təqdimat mərasimi Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə baş tutub.