İndiki dövrdə başqasının yerinə kitab yazmaq ənənəsi formalaşıb. Əvvəl bu model gizlin edilirdi, ancaq hazırda açıq, rəsmi təkliflər mövcuddur.
Maraqlıdır, bu nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı danışan yazar Cəlil Cavanşir “Sherg.az”a bildirib ki, başqasının yerinə kitab yazmaq dünyada və ölkəmizdə çoxdan mövcuddur:
“Bu metod Sovet dövründə daha çox dəbdə olub. Rəhbər şəxslər üçün kitab, elmi iş yazan müəlliflər, alimlər sovet dövrünün acı reallığı idi. Çox ehtimal ki, Stalinin, Brejnevin və başqa sovet rəhbərlərinin çoxcildliklərini özləri yazmayıblar. Hətta, Soveti tərənnüm edən çoban şairlər, əkinçi deputatlar üçün yazılan əsərlər də "ədəbi qullar" tərəfindən yazılırdı. Günümüzdə hər ali məktəbdə mütləq şəkildə diplom işi, kurs işi, magistr işi yazan müəllimlər var. Bədii əsərlərin yazılmasını həyata keçirən "kölgə müəllif"lər də kifayət qədərdir. Düşünürəm ki, bu cür kitabların, əsərlərin ömrü uzun olmur, bəşəriyyətə də bir faydası yoxdur. Xüsusi narahat olmalı tərəfi elm ocaqlarında bu cür halların yayılmasıdır. Namizədlik, doktorluq dissertasiyalarının kimlərəsə yazdırılması yolverilməzdir. Mənasız, nadan, faydasız alimlərin, "mütəxəsis"lərin sayı bu yolla artır. Kimsə başqasının yerinə bədii əsər yazırsa, bu ölkəyə, ədəbiyyata ziyan vurmur ".