Dünya kitab, zaman vərəq
Dünya kitab, zaman vərəq,
Hamı gəlir, vərəqləyir.
Kimi az, kimi də çox,
Vərəqləyir, vərəqləyir,
Ancaq heç kəs bu kitabın
Axrına çıxa bilmir,
Bu dünyadan köçüb gedir.
Bu kitabın hər vərəqi
Həyatıma sevinc qatıb.
Bu sevincin içərisinə
Dərd də qatıb, qəm də qatıb.
Ağrılarla, acılarla
Yüküm bəzən ağır olub.
Çəkəmmirdim bu yükü mən.
Sonra məndən geri alıb.
Mat qalmışam mən zamana,
Verir zaman, alır zaman.
Nə istəyir, edir zaman.
Gah ağladır, gah güldürür,
Gah yandırır, gah söndürür.
Neçə donlu, neçə üzlü,
Mən bu zamana nə deyim?
Yorulmuşam düşünməkdən,
Siz söyləyin, mən də bilim.
Yaxşı deyim, yaman deyim,
Mən bu zamana nə deyim?
Onun isti qucağını heç bir yerdə tapammazsan
Vətən, sənin xəbərin var?
Qucağında bəslədiyin,
Böyüməsin gözlədiyin,
Bəhrəsini görmədiyin,
Qollarına qüvvət verən,
Dizlərinə taqət olan,
Düşməninə sipər çəkən
Övladların dəstə-dəstə
Yad ellərə uçub gedir.
Qaranquş da uçub gedir,
Gedir, tez də geri dönür,
Vətənindən ayrı qalmır,
Yad ellərə meyil salmır.
Ancaq sənin evladların
Birbaş gedir, geri dönmür.
Gedənlər çox, qayıdan yox.
Fikirləşən, düşünən yox.
Axı niyə soruşan yox?
Səni kimin ümidinə
Qoyub gedir dəstə-dəstə?
Vətənindən üz döndərib,
Yad ellərə üz tutanlar,
Nə axtarsaz, taparsınız,
Nə istəsəz, alarsınız,
Var içində yaşarsınız,
Ancaq vətən torpağının
Ətrini, qoxusunu
Yad torpaqdan alammazsız.
Onun isti qucağını
Heç bir yerdə tapammazsız.
Bu dünyadan köç edəndə
Yad torpağın qucağında,
Yad ruhların arasında
Rahatlanıb yatammazsız.
Son məqamda, son nəfəsdə,
Sən vətəni istəsən də,
Tapammazsan, tapammazsan.
Həyalı gözlərin özündən soruş
Mənə deyirsən ki, sevgini anlat.
Mən bilə bilmərəm, biləndən soruş.
Ağlı topuğunda olandan deyil,
Ağlı başında olandan soruş.
Sevginin gizlincə qapı açdığı
Quş kimi çırpınan ürəkdən soruş.
Nə alsa əlinə, salıb-sındıran,
Titrəyən əlləri əsəndən soruş.
Sevsə də, sevirəm deyə bilməyən,
Tutulub lal olan dillərdən soruş.
Gözləri gözünə baxa bilməyən,
Həyalı gözlərin özündən soruş.
Ruhunu bədəndən çalıb aparan,
Səni iki yerə böləndən soruş.
Məcnunun ağlını alıb başından,
Onu səhralara salandan soruş.
Bir daha sevgini məndən soruşma,
Ünvanı söylədim, onlardan soruş.
Yolunu dəyişib yolundan dönmə,
Düz gedib onların özündən soruş.
Ana yurdum, Bəytərabçım
Babakərin qucağında
Məskən salıb Bəytərabçım.
Ləlvər dağı qənşərində,
Qürurlanır Bəytərabçım.
Bir laləli düzünə bax,
Bənövşəli dağına bax.
Bol bəhrəli bağına bax,
Bir cənnətdir Bəytərabçım.
Gah ağ libasa bürünür,
Gah yaşıl güllü don geyir.
Baxanları heyran edir,
Tamaşadır Bəytərabçım.
Zaman-zaman nələr çəkib,
Tufanlara sinə gərib,
Nə əyilib, nə də sınıb,
Mərd dayanıb, Bəytərabçım.
Çətin gündə, ağır gündə,
Ləmbəliyə qucaq açdı.
Sinəsini sipər etdi,
Düşmənlərə Bəytərabçım.
Yazan belə yazı yazıb,
Düşmən ilə qonşu edib.
Son günlərdə fağırlaşıb,
Nələr olur, Bəytərabçım?!
Sazlı-sözlü, toy-büsatlı,
Şan-şöhrətli, cah-cəlallı,
Dağ vüqarlı, bəy duruşlu,
Ana yurdum, Bəytərabçım.
Bakıya qar yağdı
Bakıya qar yağdı, hamı sevindi,
Həsrətlə gözlənən qonaq gəlmişdi.
Pəncərə önündə xəyalım dağınıq,
Havada rəqs edən qara baxırdım.
Qar aşağı enir, qalxır yuxarı,
Nədənsə heç yerə düşmək istəmir.
Yəqin ki, bilirdi, yerə düşəndə
Bu onun ömrünün sonu olacaq.
Oynaşıb yorulan qar tanələri,
Mənim xatirəmin üstə düşürdü.
Xatirəm diksinib bir-bir oyandı,
Əlimdən yapışıb özü ilə birgə,
Uzaq keçmişimə–kəndə apardı.
Gözümün önündə yağan narın qar,
İndi göz açdığım kəndə yağırdı.
Qar üstə qar yağıb qalaqlandıqca,
Kəndimiz daha da gözəlləşirdi.
Bəyazlar içində bu gözəlliyə
Ürəyim nisgilli, gözlərim qəmli
Hey baxır, baxırdım, doya bilmirdim.
Məktəbə gedirdim sevinc içində,
Dərəyə yağan qar boyumu aşdı.
Qarın ağuşunda görünməz oldum.
Əlləşdim, çarpışdım, çıxa bilmədim.
Qışqırıb hay saldım, kimsə gəlmədi.
Mənim harayımı Pələş eşidib,
Kömək etmək üçün özün yetirdi.
Yan-yörəmdən qarı kənara atdı,
Qarın ağuşundan məni çıxartdı.
O gündən dost olduq Pələş ilə mən,
Hara gedirdimsə, birgə gedərdik.
Məktəbdə olanda Pələş həyətdə
Gözünü məktəbə dikib durardı.
Səbirlə, həsrətlə məni gözlərdi.
Keçmiş xatirəmə baxıb görürəm,
Mənim gördüklərim çox şey dəyişib.
Başımda dolaşan sual hey sorur:
Niyə yaxşıya yox, pisə dəyişib?!
İndi o boy aşan qar daha yağmır.
Qar yoxa çıxıbdı, matah olubdu.
Mənim tanıdığım Pələşlər indi
Qucaqda bəslənən küçük olubdu.
Həmayıl Əhmədqızı