Ədəbiyyatımızın Həyası: Mövlud Süleymanlı xatirələrdə...

Mövlud müəllim nəinki ingilis, fransız, alman, hətta ispan da olsaydı, dünyanı fəth edərdi

  Azərbaycan ədəbiyyatına ağır itki üz verib. Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Mövlud Süleymanlı ömrünün 81-ci ilində vəfat edib. Qeyd edək ki, ötən həftə beyninə qan sızan yazıçı süni nəfəs aparatına qoşulmuşdu.
Xalq yazıçısı Mövlud Süleymanlı ilə vida mərasimi Bakıda yaşadığı evdə keçirilib.
  Mərasimdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, mərhumun yaxınları, dostları, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Xalq yazıçısı Mövlud Süleymanlı öz vəsiyyətinə uyğun olaraq Şamaxıda, anasının yanında dəfn edilib.
  Mədəniyyət Nazirliyi Xalq yazıçısı Mövlud Süleymanlının vəfatı ilə bağlı nekroloq yayıb.
Nekroloqda deyilir: “Mövlud Süleyman oğlu Balakişiyev (Mövlud Süleymanlı) 1943-cü il martın 18-də Qərbi Azərbaycanda – Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub. Mövlud Süleymanlı 1968-ci ildə Azərbaycan Radiosunda əmək fəaliyyətinə başlayıb. 1992–2009-cu illərdə Azərbaycan Dövlət Teleradio Şirkətinin radio üzrə sədr müavini vəzifəsində işləyib. O, həmçinin “Azərbaycanfilm” kinostudiyasında, "Ulduz" və “Azərbaycan” jurnallarında müxtəlif vəzifələrdə çalışıb . Ədəbi yaradıcılığa lirik şeirlərlə başlayan M.Süleymanlının "Əllərim" adlı ilk şeiri 1964-cü ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. Daha sonra müəllifin şeirlərindən ibarət "Bir ünvan" adlı kitabı işıq üzü görüb.
  1980-ci illərin əvvəllərindən roman janrına müraciət edən yazıçının “Köç”, “Ceviz qurdu”, “Səs” əsərləri həmin dövr üçün Azərbaycan romançılığının inkişafında ayrıca mərhələ kimi səciyyələndirilib.
M.Süleymanlının bir sıra əsərləri tamaşaya qoyulub (“Kökdən düşmüş piano”, “Dəyirman” və s.), ssenariləri əsasında filmlər (“Çətirimiz buludlardır”, “Bəyin oğurlanması” və s.) çəkilib.
  Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında xidmətləri yüksək qiymətləndirilən yazıçı “Əməkdar incəsənət xadimi” və “Xalq yazıçısı” fəxri adlarına, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb. 2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
Mədəniyyət Nazirliyinin kollektivi Xalq yazıçısı Mövlud Süleymanlının vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin".
  Mövlud Süleymanlı ədəbiyyata 1960-cı illərdə şeirlə gəlsə də, böyük istedada malik, özünəxas üslubu və yaradıcı dünyası olan nasir kimi məşhurlaşdı. Müasir Azərbaycan nəsri bu imza ilə bütöv bir yaradıcılıq aləmi - fərqli hekayələr, povestlər, təkrarsız romanlar qazanıb.
"Şanapipik", "Şeytan", "Dəyirman", "Duzsuzluq", "Yel Əhmədin bəyliyi", "Teymurlar" povestləri, "Erməni adındakı hərflər" romanları, "And olsun əsrə" kitabı və "Yer üzünə məktub" esseist-publisist düşüncələri ədəbi aləmimizdə hələ neçə nəsil oxucu kütləsinin sevgisini qazanacaq əsərlərdir.
  Mövlud Süleymanlı həmişə prinsipial mövqeyi və öz yazıçı həqiqəti olan imza sahibi kimi tanınıb. Bu, onun müxtəlif dövrlərdə, fərqli ictimai quruluşlarda yazdığı əsərlərdə özünü aydın göstərib. Mövlud Süleymanlının zəngin yaradıcılığı hər zaman Azərbaycan ədəbiyyatında öz mövqeyini qoruyub saxlayacaq.
Mövlud bəyin yaradıcılığını təkcə ədəbiyyatla məhdudlaşdırmaq doğru olmazdı. Mövlud Süleymanlı istiqlal və Vətən savaşının ön sıralarında addımlayan bütöv bir nəslin formalaşmasında müstəsna rol oynayıb, əsərlərində genetik kodlarımızın, milli şüurumuzun alt qatlarına işıq salıb. Onun vəfatı ölkə ictimaiyyətini dərindən sarsıdıb.
Ədəbi zövqün Mövludu...
  Millət vəkili Fazil Mustafa Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi adından Xalq yazıçısının ailəsinə başsağlığı verib: “Ailəsinə, bütün doğmalarına başsağlığı verir, səbr diləyirik. Uca Tanrı rəhmət eləsin! Mövlud Süleymanlını ölüm xəbəri ilə tapdıq. İtirmişdik. Feysbuk qaragüruhunun, tik-tok bambılılığının, instaqram surətbazlığının içində itirdiyimiz Mövlud Süleymanlını, əslində, şükürlər olsun ki, ölüm xəbəri ilə tapdıq. Əlbəttə keçicidir, üç-beş gün sonra yenə unudacağıq. Sözün tamını itirmiş bir cəmiyyətdə o tamı dadızdıran Mövludu niyə də xatırlasınlar ki?.. Ağır xəstələnəndə itmiş Məmməd İsmayılı, itmiş Cavanşir Quliyevi də tapmaq mümkün oldu. Dəyərli tarixçi Aydın Balayevi isə ölümündən sonra da tapa bilmədik. Həsən Məmmədovu, Hamlet Xanızadəni, Səməndər Rzayevi, Həsən Turabovu də eləcə tapa bilmirik. Ona görə də ölümündən öncə itirdiklərimizə, "dəyərli yazarımızı, sənət adamımızı... itirdik" deyə başlıq qoymaqla özünüzü gülünc duruma gətirməyi unudun. Bu itkilər, elə unudulanların tapılması deməkdir.
  Mövlud bizim nəslin ədəbi zövqünün mövludu idi. Peyğəmbərlərin mövludu olduğu kimi, ədəbi zövqün də mövludu olur. Bizim zövqümüzü öz DƏYİRMANında uyudüb ŞEYTANın şəri ilə zarafatlaşa-zarafatlaşa tarixi yolçuluqdan yeni zamana KÖÇürə bildi. Mövlud daşan-coşan dağ çayı deyildi, heç sakit axan aran çayına da uyğun gəlmirdi. Səssiz bir BULAQ idi, öz səssizliyi ilə hamıdan daha aydın səsini duyururdu. İlk, həm də son görüşümüz Şuşada oldu, iki il öncə Vaqif Poeziya günlərində bir neçə saatlıq yol yoldaşlığımızda gözəl ədəbiyyat söhbətləşməmiz oldu. Vaqif Əlixanlı ilə birlikdə peşəkar söhbət üçlüyü yarada bildik. Bu zaman dostlardan kimsənin zəngi Əhməd Oğuzun ölüm xəbərini çatdırdı. Əhməd Oğuzun ölümü onu sarsıtdı. Elə söhbətimiz burada tamamlandı.
  Mövlud ötən əsrin 70-ci illərinin böyük ədəbiyyat hadisəsi idi. Sonrakı dövrlərdə gözdən-qulaqdan uzaqda özünü xatırlatmadan yaşadı. Ancaq o, sözün tamını bilənlər üçün ədəbiyyatımızın başına gələn ən yaddaqalan hadisə olaraq xatırlanacaq. Ruhu şad olsun. Sonda diqqət yetirdim ki, bu yazıda Mövludun sevmədiyi "və" bağlayıcısından istifadə etməmişəm”.
 O, dualar yazırdı
  REAL TV-nin rəhbəri Mirşahin Ağayev isə “Mövludun duası ” başlıqlı yazısında qeyd edib ki, Mövlud Süleymanlı keçindi - Şam kimi. Keçdi Ocaq kimi:
- Çox böyük bir yazıçımız yazıldı, oxundu, bitdi. “Köç”, “Dəyirman”, “Səs”, “Yel Əhmədin bəyliyi”…və s. Belə… ”Və s.” yazıram, amma o saat da yadıma düşür ki, həmişə “Əsərlərimdə bircə dənə də “və” tapa bilməzsən!” deyər, bununla fəxr edərdi. Qəribə yanaşması var idi, deyərdi ki, “və” ərəb istilasının rəmzi kimi qalıb cümləmizdə. Guya birləşdirir, əslində isə ayırır… Mövlud Süleymanlı Azərbaycan radiosunun əfsanəvi “Bulaq” verilişinin əsası idi, yaradanı idi. Dilimizi bu bulaqda suya çəkərdi, pak edərdi. Sözlərimizin, folklorumuzun dadı, tamı Səməndər Rzayevin - Baba, Məhluqə Sadıqovanın Nənə səsi ilə burdan axıb keçərdi… Mövlud nəhəng yazıçımız idi. Xalis, sırf yazıçımız… Amma mən onu təkcə bədii əsərləri ilə xatırlamayacam…
  O, dualar yazırdı. O dualar radioda oxunurdu… Hər günün duası var idi. Gecə səslənirdi. Səhər üçün…
  Bax, bu gün mən o duaları dinləmək istərdim! Həm də Mövludun ruhuna özünün oxuduğu dualar kimi! Allah rəhmət eləsin! Başqa dünya, bir ayrı aləm üçün Mövludun mübarək, Ədəbiyyatımızın Həyası!
 ... Hətta ispan da olsaydı, dünyanı fəth edərdi
  Yazıçı Şərif Ağayar isə deyib ki, Mövlud Süleymanlı böyük yazıçı idi. "Dəyirman"ı isə şedevrdir: “ Azərbaycan dilini, Azərbaycan nəsrini Tanrı dərgahına qaldıran bir mətndir. Bəs belə bir əsərin müəllifi – sovet mənəviyyatsızlığını kababxanaya çevrilmiş dəyirmanla simvollaşdıran ciddi bir yazıçı son 30 ilin Azərbaycanında heç bir problem görmədimi?
Niyə hamı 80 yaşlı yazıçının yalnız gəncliyində yazdığı əsərlərin adını çəkir?
Çünki... bizdə yazıçı kimi qocala bilmir heç kim. Müxtəlif səbəblərdən. Obyektiv-subyektiv – dəxli yoxdur, nəticə dəyişmir. Biz ata kimi, baba kimi, dost kimi, ağsaqqal kimi ömrümüzü davam edə bilirik, yazıçı kimi yox. Gəncliyimizdə faciəli şəkildə həlak oluruq. Azadlığımızdan imtina etdiyimiz an...
Ev-ailə, şan-şöhrət, var-dövlət, oğul-uşaq xülyasına qapıldığımız an.
Tanrı verəni bəndə verənə asanlıqla dəyişirik...
  Mövlud müəllim nəinki ingilis, fransız, alman, hətta ispan da olsaydı, dünyanı fəth edərdi. Cəmiyyət onun qarşısına heç vaxt yazıçı azadlığından imtinanı həyat-məmat şərti kimi qoymazdı.
Kimdir günahkar?
Hamımız.
Uşaqlı-böyüklü, qızlı-oğlanlı, ölülü-dirili – hamımız.
Bu bizik.
Böyük yazıçını da böyüməyə qoymayan, onu səksən yaşında gənclik mətnləri ilə uğurlayan, müstəqillikdən və qələbədən sonra da səadətin ünvanını tapmayan binəvalar...
Dünyalar bizi tərk etdikcə dünyasız qalırıq
  Fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Xudanlı isə yazıçının ölümü ilə bağlı belə deyib: "Böyük bir dünya bizi tərk elədi. Hərdən düşünürəm dünyalar bizi tərk etdikcə dünyasız qalırıq sanki. Nə qədər insanı hər gün, hər an incidirik, inciyirik. İncimək, acılamaq üçün deyil, dəyər vermək üçün bəhanə axtaraq. Hər kəs dünyadan köçəcək bir gün, amma nədənsə, Mövlud müəllimin dünyasını dəyişməsi fərqli formada mənə çox acı gəldi”.
  Professor Asif Hacılı üçün Dağ Borçalıdan qaynaqlanan türk ruhunu həyatı boyu varlığında yaşadan və əsərləri ilə oxucularına aşılayan Mövlud Süleymanlının vəfatı mədəniyyətimiz, ədəbiyyatımız üçün əvəzolunmaz itkidir: “O, sovetin şax vaxtında cəmiyyətdəki eybəcərlikləri və riyanı cəsarətlə dilə gətirən, təzyiqlərə mərdanə sinə gərən, durğunluğu silkələyib gəncləri özgürlüyümüzə qoşan bir yazıçı idi. Ziyalılıq və millilik örnəyi olan Mövlud Süleymanlı həm də ana dilimizin saflığını yaşadan, etnik köklərimizi canlandıran, müasir ədəbiyyatımızda mifopoetik cərəyanın banisi idi”.