“Kənara çəkilmişəm deməzdim, sadəcə son vaxtlar yazıdan daha çox yutub üzərində layihələrə üstünlük verirəm”
Şair, esseist, tərcüməçi Qismətin ad günüdür. Qismət Elçin oğlu Rüstəmov 1986-cı il martın 15-də Bakı şəhərində anadan olub. 1991–2002-ci illərdə Bakı şəhərindəki 70 saylı məktəb-liseydə təhsil alıb. 2003–2007-ci illərdə Odlar Yurdu Universitetinin "Jurnalistika" fakültəsində təhsil alıb. 2007–2009-cu illərdə həmin fakültənin magistratura pilləsini bitirib.
2018-ci ildən Azərbaycan Dillər Universitetinin "Xarici ölkələr ədəbiyyatı" kafedrasının dissertantıdır. Qismət Rüstəmov müxtəlif illərdə Odlar Yurdu Universiteti, Xəzər Universiteti və Bakı Slavyan Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Hazırda Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, sim-sim.az ədəbiyyat saytının baş redaktorudur. 2010-cu ildə "525 kitab" seriyasından "Vitrin" şeirlər kitabı çap edilib.
2011-ci ildə isə "Qanun" nəşrlər evinin "Ən yeni ədəbiyyat" seriyasından "Meqapolis hüznləri" adlı şeir kitabları çapdan çıxıb.
2016-cı ildə Azərbaycan Yaradıcılıq Fondunun Kitabxanası seriyasından "Gələcəyin tarixi" adlı esselər kitabı çap olunub. 2020-ci ildə seçmə şeirlərdən ibarət "Qumru əlifbası" adlı kitabı nəşr edilib.
Doğum günü planlarını “Sherg.az"la bölüşən şair xüsusi bir məclis təşkil etmədiyini deyib: “Adətən ailə üzvlərim, yaxınlarımla bir yerdə kiçik bir süfrə açırıq. Ad günümdən bir neçə gün sonra, Novruz bayramına yaxın dostlarımla görüşüb, dərdləşirik. Ad günlərimi əlahiddə bir gün kimi, təmtəraqlı qeyd etmirəm.
- Yeni yaşınızda özünüzə nə arzulayırsınız?
- Ədəbiyyatçı üçün ən böyük arzu yarımçıq qalan əsərlərini, kitablarını bitirməkdir. Mən də hazırda bədii əsər üzərində işləyirəm. Növbəti yaşıma qədər bu əsəri yekunlaşdırmaq və artıq hazır olan toplanmış esseler kitabımı çap etdirməyi planlayıram.
- Sosial şəbəkələrdə, ədəbi polemikalarda çox da aktiv deyilsiniz. Prosesləri kənardan izləyirsiniz, yoxsa maraqlanmırsınız?
- Kənara çəkilmişəm deməzdim, sadəcə son vaxtlar yazıdan daha çox yutub üzərində layihələrə üstünlük verirəm. Orada aktiv fikir mübadiləsi aparır, ədəbi prosesləri müzakirə edirik.
Həm də son illər elmi-tədqiqat işinə başım qarışmışdı deyə sosial mediada aktiv deyildim. Artıq elmi işimi yazıb yekunlaşdırmışam, müdafiə mərhələsindəyəm. Bu səbəbdən bir balaca ədəbi proseslərdən uzaqlaşıb araşdırmalara daha çox vaxt ayırırdım.
- Deməli, bundan sonra daha aktiv olacaqsınız...
- İnşallah, enerjim, səhhətim imkan versə, niyə də yox.
Qeyd edək ki, həmkarı şair Aqşin Yenisey də Qismət Rüstəmovu sosial media üzərindən təbrik edib:
“Şəhərləri qadınlar, mədəniyyətləri kişilər gözəlləşdirirlər.
Çağdaş mədəniyyətimizi gözəlləşdirən Qismət Rüstəmovun ad günüdür.
Bakının ən maraqlı kitabxanasıdır. Lao Tzı deyir, ölkə sərt əllə idarə olunanda xalq hiyləgərləşir. Sovet totalitarizmindən bizə hiyləgər bir cəmiyyət miras qaldı. Çox az adam yoluxmadı bu müstəmləkə hiyləgərliyinə.
Qismət o yoluxmayanlardandı, üstəgəl, hiyləgərliyin məharət sayıldığı toplumda o, dünyəvi dəyərlərə tapındı. Ona görə deyirəm mədəniyyətimizi gözəlləşdirir, yoxsa nə işimə qalıb. Təbrik edirəm istedadı ustalıq səviyyəsinə ucaldan dostumu”.
Yazıçı Səlim Babullaoğlu isə Qismətlə bağlı ürək sözlərini şeirlə ifadə edib:
- Vacib adam... ədəbi kamerton...çox yaşayın, uzun, sağlam, məzmunlu, imanla...
Ümumi dostumuz Tumas Tranströmerin şeirindən bir fraqmenti bu gün məhz sizin üçün təkrar səsləndirirəm, gözlərinizlə dinləyin:
"Bir mart günü gölün sahilinə enirəm, ətrafı dinləyirəm.
Buz səma kimi mavidir. Günəşin altında çat verir.
Günəş buzun yorğanı altında səsgücləndiriciyə nəsə pıçıldayır.
Nəsə pıqqıldayır, luq-luq edir.
Və sanki kimsə orda, dərində döşəkağını silkələyir.
Bizim İndimiz: Tarixə oxşayır hər şey.
Dalmışıq ona hamımız; hamı dinləyir..."
Sadəcə həmkarları yox, millət vəkili Etibar Əliyev də Q. Rüstəmovun ad gününə təbrik mesajı ünvanlayıb:
- Qismət yazıçı, tərcüməçi olmaqla yanaşı, həm də sayı az olan intellektuallarımızdan biridir. Böyük yazıçıların və şairlərin həyat yoluna diqqət edin. Həddindən artıq mütaliiə ediblər, gənc yaşlarından müdrikliyə qədəm qoyublar. Qismət də bu yolu gedir. Qismət Azərbaycan ədəbiyyatı ilə yanaşı Dünya ədəbiyyatını da mükəmməl bilir. Yaradıcı şəxslər barədə danışanda istedadlı və vergili (fövqəladə istedad) ifadələri işlədirik. Əlbəttə ki, böyük şairlərə Allahdan böyük vergi verilir. Bunu inkar etmirlər. Ancaq vergi azdır, onu qorumalı və zənginləşdirməlisən. Qismət bu yolu da gedir. Yaşından asılı olaraq hər bir sənət adamı ilə söhbətdən zövq almalısan. Birinci keyfiyyət isə özünəvurğunluqdan qaçmaq olmalıdır. Bu, sənətkarın əsas keyfiyyətidir. Qismətin ən üstün cəhətlərindən biri dinləməyi bacarmasıdır. Onun ədəbiyyata baxışı fəlsəfi xarakter daşıyır. Hermenevtikanı da yaxşı bilir. Nobelçi fizik Verner Heyzenberqin maraqlı bir fikri var: "Öz sahəsinin mükəmməl bilicisi, həm də yaxşı filosofdur." Qismət bəlkə də özünü filosof kimi dəyərləndirmir. Lakin o, həm də yaxşı filosofdur. Əksəriyyətin tanımadığı böyük ədəbiyyat adamlarından saatlarla danışar. Robert MüziI, Paul Selan, Valzer, Uelbek, Pol Valeri, Kutzee, Selin, Vonnequt, Handke və siyahını uzada bilərəm. Qismət həm də gənclər üçün nümunədir, məktəbdir. O, sübut etdi ki, oxumaqla dəyişmək olar, əxlaqla və mədəniyyətlə ədəbiyyatı təmsil edəndə, ədəbiyyat daha böyük məzmun kəsb edir. O həm də sübut etdi ki, yaradıcılıq üçün təkcə ali təhsil yetərli deyil. Çalışmaq və özünü yenidən "yaratmaq" əsasdır.
Qismət barədə ən yaxşı ad günü təbrikini digər dəyərli və istedadlı dostum Aqşin Yenisey yazıb. Onların ədəbiyyat dialoqu çox maraqlıdır və gənclərlə tez-tez görüşməlidirlər. Ad günün mübarək, dəyərli dost!
P.S. “Şərq” qəzeti olaraq, şairi 38-ci yaş günü münasibətilə təbrik edir, yaradıcılıq uğurları arzulayırıq!