Taleh Mansur
Axırın sonrası Tanrıya bəlli,
Nə bilir, səhv bilir çoxbilən fağır.
İstəyən istəsə, yüz olar əlli,
Çatar diləyinə çatlayan bağır.
Halıma yananım, çıxarma yaddan,
Mən sənin eşqinə keçmişəm oddan,
Düşüncə nəm çəkib şeir buluddan,
Torpaq ürəyimə yağışlar yağır
Küləklər özünə yığışmır axı,
Dərənin başına dağ aşmır axı,
Bu ömrə bir cümlə sığışmır axı,
Bu ömrün sonuna bir nöqtə sığır
Pozmağa qıymadı yazan tərəzi,
Gördüyüm yuxunu yozan tərəzi.
Quruldu şeirimə mizan-tərəzi,
Gəlmədi bir kəlmə söz güldən ağır.
Görməzin bilməzi görünür gözlə,
Ölü bir sükut da dirilir sözlə,
Min cürə ləpirlə, min cürə izlə,
Bulanır, bulanır... durulur cığır.
Günəşəm, sönəcək adam deyiləm,
Göylərdən enəcək adam deyiləm.
Hər sözə dönəcək adam deyiləm,
Sən məni Allahın sözüylə çağır
Eşqin badəsindən küsür şərabı.
Danışan sualın susur cavabı.
İmansız bəndənin qısır savabı
Cənnət bətninə günahlar yığır.