- Dostlarıma sonsuz təşəkkürlər!
Bahəddin Həzi
Bu gün Litera kitab evində - Kitabın evində dostlarla çox maraqlı görüş oldu.
Orda da bir azca dediyim kimi, dostum, şair Qulu Ağsəs mənə qəfildən dedi ki, bəlkə dostlarla Literada görüş keçirək.
Dedim, Bakıda kimi tapa bilərik? Bu istidə, iyulda.
Həm də şənbə günü, hamı dağda-bağda.
Dedi, yox e, onsuz da bizim kimi adamların dostu da özündən çox uzağa getmir. Hamı işdə-gücdə Bakıdadır.
Necə deyərlər: kasıbın dostu gözünün qabağında gərək. Doğrusu, elə Tanrı deyəsən, mənim də dilimdən iltizam alıb: şəhərdən çıxmamaq haqqında.
Amma dostlarıma da arzu elədim: "Gələn il bu vaxt yox e, lap gələn həftə bu vaxt sizinlə təkrar görüşmək istəsəm, heç birinizi Orta Asiyanın qurtaracağında, yəni Bakıda tapa bilməyim".
Gedim Cənubi Qafqazın ətəklərində axtarım. 
Coğrafiya taledirsə, talelər bizi birləşdirən fərqdir. Fərqli yollarla gəlib axırda eyni yerdə görüşə bildik bu gün.
Dost məclisi həmişə xoşdur. Yerimiz dar olsa da, ürəyimiz genişdir.
Dostlarıma da dedim: "Ürəyimizə sığdırdığımız adamların hamısını bir salona sığışdırmaq olmur".
Qulu qardaşım sağ olsun, bu işi qurub qoşub.
...Günlərimiz hamısı bir-birinə getdikcə daha çox oxşayır, bunu bilirsiniz.
Mən də istədim, bu günün xatirəsi qalsın. Çünki hansı günün xatirəsi qalmayıbsa, deməli, həmin gün yaşanmamış bitib. Bu gün də gözəl bir gün oldu.
Mən iki kitab çap etdirmişəm. Bəzi dostlarımızda o kitablar var, vərəqləyənlər olub. Bu gün o kitablardan da danışdıq.
Əziz dostlar, onlar sizin kitablarınızdır. Çünki kitab- yazılıb bitənə qədər yazıçınındır, oxunub bitəndən sonra oxucunundur.
Yazıçı kitabın müəllifi, oxucu isə sahibidir.
Ona görə yazdığımız nə varsa, sahibi siz oxuculardır. İxtiyar sizdədir.
Bu gün orda dediyim kimi, Allah bizi bir dəfə yaradır - Allah hər birimizi bir qadınla bir kişiyə sifariş edib, onlar da bizi dünyaya gətirib.
Sonra biz dəfələrlə dünyaya gəlmişik. Özümüzü dəfələrlə yenidən yaratmışıq. Bəzən alınıb, bəzən alınmayıb. Olan şeydir. Şair demişkən: "Heç kim qınamasın, yoldu, nolar".
Biz ki Allah deyilik; qüsurlarımız, əlbəttə, olacaq. 
Mən də sizin üçün bir Bahəddin Həzi yaratmağa çalışdım. Bilmədim necə alındı. Bacardığım qədər çalışdım ki, təzə Bahəddin yaxşı olsun. Oldumu, olmadımı, qiyməti siz verəcəksiniz.
"Bahəddin" deyəndə mən özümüzü yox, sözümüzü nəzərdə tuturam. Bu gün Sözün cazibəsinə düşmüşdük. Sözün başına yığışmışdıq. Sözdən danışdıq, fikirdən danışdıq. Söhbətləşdik.
Elə bilirəm, səsimizə səs verib gələn hər kəs üçün maraqlı oldu. Ümid edirəm və dostlarıma deyirəm: "Düşünən beyniniz, döyünən ürəyiniz, gələn ayaqlarınız var olsun. Bir də nəqliyyat, taksi, naviqator da sağ olsun!"
Hamınız sağ olun ki, mən də sizə baxıb, salamat qalmağı öyrənim.
Literaya da arzum: bu, sadəcə, kitab evi yox, kitab kimi ev olsun. Hamı Literanı kitab kimi oxusun: mağazaya gəlirmiş kimi yox, öz evinə gəlirmiş kimi gəlsin.
Bir daha hər birinizə təşəkkür edirəm! Var olun! Çünki mənim nəyim varsa, ölkəm, ailəm, doğmalarlm və dostlarımdır. Bir də balaca bir kiçik karandaşım var yazı yazmağa...
Adama başqa nə lazımdır ki?!