
Artıq hər şey üçün çox gecdir - AÇIQLAMA
Yağış suları ilə çirkab su xəttinin ayrılması əhəmiyyətli addım olardı, amma...
“Bakı üçün görüləcək yeganə iş əhalinin ən azı yarısını regionlara köçürmək və yerlərdə sosial-iqtisadi inkişafa nail olmaqdır. Ən azından Qarabağdan olan məcburi köçkünlərin hamısı Bakıdan çıxarılmalıdır”
“Su çatışmazlığı yaşanan bu mərhələdə, yağış sularının xətti çirkab su xəttindən ayrılmalıdır. Bütün mədəni ölkələrdə bu belədir”. Bu sözləri sosial media paylaşımında beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev deyib. Politoloq qeyd edib ki, yağış suları ilə çirkab su xəttinin ayrılması urbanizasiya, ekologiya və infrastruktur baxımından çox vacib məsələdir. Buna texniki dildə ayrıq kanalizasiya sistemi (və ya separate sewer system) deyilir: “Çirkab su xətti birbaşa dənizə axmır, yağış suyunun xəttini isə dənizə, ya da başqa toplama yerinə axıdırlar. Çətin bir müharibəni udan, Qarabağı yenidən inşa edən bir dövlət üçün, dediyim məsələ olduqca bəsit bir məsələdir.
Həyata keçməməsinin səbəbi isə müvafiq qurumların xidmət müəssisələrində olan qeyri-peşəkar məmur təfəkküründə yatır: gözləyirlər ki, bu barədə Prezident göstəriş versin. Halbuki onların vəzifəsi müvafiq lahiyəni hazırlayıb, smetanı hesablayıb Cənab Prezidentin qarşısına qoymaqdır. Xalqa və ölkəyə xidmət - haqqa xidmətdir”.
Mütəxəssislər də hesab edir ki, yağış sularının effektiv idarə olunması və çirkab su xətlərindən ayrılması Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsi üçün vacib addımlardan biridir. Belə ki, yağış suları və məişət çirkab suları eyni boru şəbəkəsində toplandığı üçün güclü yağış zamanı kanalizasiya şəbəkəsi yüklənir. Ayrı-ayrı sistem olanda isə yağış suları ayrı boru xətti ilə toplanır və yaşıllıq zonalara, kanallara və ya təmizləmə olmadan təbii axınla yönəldilir.

“Sağlam Cəmiyyət" Hərəkatının rəhbəri, “Ekoloq” Jurnalistlər Birliyinin sədr müavini Elçin Bayramlı da “Şərq”ə açıqlamasında deyib ki, Bakı şəhəri yağış yağarkən ciddi problemlərlə üzləşir. Bu, şəhərin həddindən artıq yüklənməsi, məntiqsiz tikililər və kanalizasiya xətlərinin yüklənməsi ilə bağlıdır. O bildirib ki, bu problemlər təbii olaraq Bakıda böyük infrastruktur problemləri yaradır. E.Bayramlının sözlərinə görə, Bakı şəhərinin kanalizasiya sisteminin yenidən qurulması, yağış və çirkab sularının ayrılması, yağış sularının toplanması və təkrar istifadəsi şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və su ehtiyatlarının səmərəli idarə olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu yanaşma, həmçinin şəhərin infrastrukturunun müasirləşdirilməsi və ətraf mühitin qorunması istiqamətində atılan vacib addımlardan biridir:
“Uzun illərdir çoxsaylı təkliflər verilir, tövsiyələr irəli sürülür. Vaxtında bu məsləhətlərə qulaq asıb iş görmədilər, indi isə çox gecdir. Bu təkliflərin heç bir mənası yoxdur. Ümumiyyətlə, praktik olaraq Bakı şəhərini xilas eləmək mümkün deyil. Bakı artıq şəhər statusunu çoxdan itirib, sadəcə, “beton cəngəllik”dir. 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində baş verən tikinti bumu zamanı yağış suları üçün nəzərdə tutulmuş xətlər sıradan çıxarılıb və sonradan bərpa olunmayıb. Bu, kanalizasiya sisteminin bərbad vəziyyətə düşməsinə səbəb olub. Nəinki kanalizasiya xətləri, heç bir kommunal infrastruktur bu yükün öhdəsindən gələ bilmir. Milyonlar qazanmaq xatirinə şəhərsalmanın bütün qaydalarına “tüpürülərək” Bakını məhv edib, altını üstünə çeviriblər. Artıq heç bir qüvvə, heç bir layihə bu şəhəri düzəldə bilməz. Yeganə çıxış yolu Bakı şəhərinin ləğv edilməsidir. Ən yaxşı halda isə şəhərin yarısını söküb, yeni şəhərsalma layihəsi tətbiq olunmalıdır. Bunun üçün də milyardlarla vəsait lazım olduğu üçün mümkünsüzdür. Ancaq bu sahədə müasir texnologiyaların tətbiqi və infrastrukturun yenilənməsi şəhər təsərrüfatının səmərəliliyini cüzi də olsa artıra və ətraf mühitin qorunmasına töhfə verə bilər. Nə yaxşı ki, Bakıda heç vaxt təbii fəlakət baş vermir, 10 ildə bir qar yağır, yağışdaki ildə 1-2 gün yağa, yağmaya”.
Sosioloq da hesab edir ki, yağış suları ilə çirkab su xəttinin ayrılması infrastruktur baxımından əhəmiyyətli addım olardı:
“Lakin dediyim kimi, hər şey üçün çox gecdir. Bakı üçün görüləcək yeganə iş əhalinin ən azı yarısını regionlara köçürmək və yerlərdə sosial-iqtisadi inkişafa nail olmaqdır. Ən azından Qarabağdan olan məcburi köçkünlərin hamısı Bakıdan çıxarılmalıdır. Qaçqınların böyük əksəriyyəti də işğaldan azad olunmuş ərazilərə köçürülməlidir. Digər rayonlardan axının qarşısı alınmalı, regionlarda iqtisadi aktivlik yaratmaq üçün vergi güzəştləri tətbiq edilməlidir. Elə bir şərait yaradılmalıdır ki, insanlar könüllü şəkildə Bakını tərk eləsin. Əhalinin sayı azaldıqdan sonra paytaxtın infrastrukturunu yeniləmək və hansısa qabaqlayıcı tədbirlər görmək olar. İndiki halda iynə atsan yerə düşməz, nəinki yağış suları ilə çirkab su xəttinin ayırıb, sel sularının qarşısını almaq”.