Avropada müşahidə olunan güclü isti hava dalğası yüzlərlə insanın ölümünə, elektrik kəsintilərinə, məktəblərin və bəzi ictimai məkanların bağlanmasına səbəb olub.
Sherg.az xəbər verir ki, Fransa, İspaniya və İtaliyada temperatur rekord həddə çatıb. Meteoroloqlar isti havanın həftəsonunadək davam edə biləcəyi barədə xəbərdarlıq ediblər.
Fransada temperatur bəzi bölgələrdə 44,3 dərəcəyədək yüksəlib. Rəsmi məlumata görə, ölkədə 48 nəfər boğulma, 2 uşaq isə avtomobildə istidən həyatını itirib. Beləliklə, ölənlərin sayı 50-yə çatıb.
İspaniyada isə son günlər 40 dərəcəni aşan istilər nəticəsində iyunun 21-24-ü arasında 212 nəfərin öldüyü bildirilib. Ən yüksək temperatur ölkənin Kantabriya bölgəsində qeydə alınıb və 43,7 dərəcə olub.
İtaliyanın Səhiyyə Nazirliyi Florensiya, Milan, Roma, Turin və Verona da daxil olmaqla 16 şəhərdə ən yüksək səviyyəli istilik xəbərdarlığı elan edib. Mütəxəssislər isti hava dalğasının bazar və bazar ertəsi günləri pik həddə çata biləcəyini bildirirlər.
Böyük Britaniyada da iyun ayı üçün temperatur rekordu qeydə alınıb. Ölkənin cənubunda havanın temperaturu 36,1 dərəcəyə yüksəlib, Parisdə isə 40,9 dərəcə ölçülüb. Bu göstəricilər bir sıra bölgələrdə tarixi rekordların yenilənməsi ilə nəticələnib.