Ekoloq: Bu sulardan istifadə etsək su ehtiyaclarımızı ikiqat ödəyə bilərik

Ənvər Əliyev: Su anbarları tikilməlidir ki səth sularından istifadə edə bilək

Cənubi Koreyada yağış suları hədər getmir. Yağış sularının kanalizasiya borularına axıb itkiyə getməsinin qarşısını almaq məqsədilə modern şəhərlərin bəzisində asfalt altında nəhəng süngər effektli xüsusi sistem tətbiq edilir. Bu sistem Cənubi Koreyanın paytaxtı Seulda da tətbiq edilir. Küçələrdə asfalt örtüyünün altında, yol örtüyünün dərin qatında suların toplanması üçün anbarlar tikilib. Yolun üst qatında hərəkətə mane olmayan süngər tipli qurğular quraşdırılıb, bu qurğular yağış suyunu özünə çəkir, suyu “udur” və yolun altındakı anbara ötürür, həm də tərkibini çör-çöpdən təmizləyərək. Süngərlər yağış suyunun gətirdiyi zibilləri qəbul etmir. Bu sistem şəhərdə mikroiqlimin tənzimlənməsinə kömək edir. Toplanmış ehtiyat sudan yay aylarında sərinlik məqsədilə istifadə edilir. Asfaltın altındakı su xüsusi qurğularla yola çilənir, asfaltın hərarətini azaldır, ətrafa sərinlik yayılır. Bu sudan parkların suvarılmasında, küçələrin yuyulmasında da istifadə edilir. İçməli suya qənaət edilir, yağış suyu ilə şəhərin təmizliyi, havanın sərinliyi təmin edilir. Mühəndislərin icad etdiyi bu üsul küçələrdə yağış sularının toplanıb göl əmələ gətirməsinin də qarşısını alır. Şəhər rahat və təmiz hava ilə nəfəs alır. 

Yağış yağanda paytaxtımız nə hallara düşür, necə bərbad vəziyyət yaranır, hamıya bəllidir. Dünyada bu cür müasir üsullardan istifadə olunur, həm içməli suya qənaət edilir, həm də şəhər təmizlənir, yağış yağanda küçələrdə, yollarda sel getmir.

Ekoloq Ənvər Əliyev Sherg.az-a belə bir üsulun müasir şəhərsalmada faydalı olduğunu dedi və əlav etdi ki, su ehtiyatlarımıza səmərəli yanaşma olarsa, içməli su problemimiz yaranmaz: 

- Yağış sularından istifadə bəzi ölkələrə münasibdir. Bizdə də münasib ola bilər. Yerüstü su ehtiyatlarımız ki var, Balakənçaydan Pirsaata, Pirsaatdan da Samura, Böyük Qafqazın cənub və şimal-şərq yamacında olan çaylarda bəzən daşqın nətcəsində bir illik su ehtiyatı Mingəcevir su kanalına, ya da Kürə tökülür. Əgər biz ərazilərimizdəki səth sularından, yağış, qar sularından normal istifadə etsək su ehtiyaclarımızı ikiqat ödəyə bilərik. Çaylarda sululuq elə yağış sularından əmələ gəlir. Yazın axırı, yayın əvvəlində su həddindən artıq çox, bir illik ehtiyacı ödəyəcək miqdarda olur. Vaxtilə çayların qarşısında 44-ə qədər su anbarının tikilməsi planı vardı. Amma təəssüf ki hələ də tikilməyib. Bircə Oxçuçay üzərində su bəndinin tikilməsi layihəsi bizə təqdim olunub, rəy də vermişik. Su anbarları tikilməlidir ki səth sularından istifadə edə bilək.