Günəşin Yerə baxan tərəfində son beş ayın ən böyük Günəş ləkələri qruplarından biri görünməyə başlayıb.
Sherg.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutu nəzdində fəaliyyət göstərən Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Bildirilir ki, bu qrup artıq ilin əvvəlindən bəri qeydə alınan ikinci ən böyük aktiv sahə hesab olunur.
Alimlərin sözlərinə görə, 4478 nömrəli aktiv sahə Yerin müşahidə sahəsinə cəmi üç gün əvvəl daxil olub və sürətlə genişlənməkdə davam edir.
Məlumatda qeyd olunur:
“Hazırda onun sahəsi Günəş yarımkürəsinin 825 milyonda bir hissəsinə çatıb ki, bu da onu cari ilin ikinci ən böyük aktiv sahəsinə çevirir”.
Mütəxəssislərin hesablamalarına görə, bu aktiv sahə iyulun 1-də Günəş diskinin mərkəzi hissəsinə yaxınlaşacaq.
Nəhəng ölçülərinə baxmayaraq, hazırda burada aktivlik səviyyəsi orta həddə qiymətləndirilir. Son üç gün ərzində həmin sahədə 11 Günəş alışması qeydə alınıb və onların hamısı C sinfinə aid olub.
Bununla belə, alimlər bu aktiv sahəni potensial təhlükəli kateqoriyaya daxil edirlər. Belə ki, qeydə alınan əksər alışmalar kosmosa plazma kütlələrinin atılması ilə müşayiət olunub. Hazırda bu plazma axınları Yerə çatmayıb, çünki aktiv sahə hələlik Günəş diskinin kənar hissəsində yerləşir. Lakin onun mərkəzə doğru hərəkəti davam etdikcə, Yerə təsir ehtimalı da arta bilər.