Kabo-Verde prezidenti: “Argentinanı 1:0 məğlub edə bilərik”

Kabo-Verde Prezidenti Joze Mariya Neveş DÇ-2026-nın 1/16 finalında Argentina ilə keçiriləcək oyun öncəsi iddialı açıqlama verib.

QOL.az BBC News Africa-ya istinadən xəbər verir ki, dövlət başçısı komandasının dünya çempionunu məğlub edə biləcəyinə inandığını bildirib.  

“Ümid edirəm ki, Kabo-Verde eyni səviyyədə çıxışını davam etdirəcək. Biz dünya çempionatına öz taleyimizi yazmaq və qüvvədə olan dünya çempionu ilə qarşılaşmaq üçün gəlmişik. Argentinaya və Messiyə qarşı da eyni əzmkarlıq və qələbə istəyi ilə meydana çıxacağıq.

Futbolçuların 100 faiz inamı, 100 faiz ümidi var və formaları tər içində olacaq. Ona görə də Argentinaya qalib gəlmək üçün 100 faiz şansımız var. Güclü rəqiblərə qarşı həm qalib gəlmək, həm də uduzmaq mümkündür. Amma nəticədən asılı olmayaraq, biz qələbə üçün oynayacağıq. Dünya çempionatını başımız dik və missiyamızı yerinə yetirmiş şəkildə tərk edəcəyik. Hesab edirəm ki, Kabo-Verde Argentinanı 1:0 məğlub edə bilər”, – deyə Neveş bildirib.  

Qeyd edək ki, Argentina – Kabo-Verde görüşü iyulun 4-də keçiriləcək. Qalib komanda 1/8 finalda Avstraliya – Misir cütünün qalibi ilə qarşılaşacaq.