"Qalatasaray"ın ulduz hücumçusu Viktor Osimhenin bacısı Blessing Osimhen, ailələrinin keçmişdə yaşadığı ağır yoxsulluq şəraitindən danışıb. Sherg.az xəbər verir ki, Nigeriya mediasına açıqlamasında o, Laqosun gecəqondu məhəllələrində böyüdüklərini və uşaqlıq illərinin ciddi maddi çətinliklərlə keçdiyini bildirib.
Blessingin sözlərinə görə, Viktor Osimhen cəmi beş yaşında olarkən anasını itirib. Bundan sonra ailənin bütün yükü ata üzərində qalıb və o, altı övladına təkbaşına baxmaq məcburiyyətində olub.
Blessing, qardaşı Viktorla birlikdə dolanışıqlarını təmin etmək üçün küçələrdə portağal satdıqlarını deyib:
“Hər ikimiz portağal satırdıq. Digər bacımız bazardan portağal yığırdı ki, biz gedib sata bilək.”
O, həmçinin bir müddət ailə üzvləri ilə birlikdə paketlənmiş su da satdıqlarını qeyd edib.
Blessing ailənin yaşadığı şəraiti belə təsvir edib:
“Bizə dəstək olacaq kimsə yox idi. Yeddi nəfər bir otaqda yaşayır və orada yatırdıq. Viktor nə qədər pul qazanırdısa, evə qayıdanda hamımız arasında bölürdük.”
Blessing ən çətin xatirələrindən birini də belə bölüşüb:
“Kirayəni ödəyə bilmədiyimiz üçün ev sahibi atam evin içində olduğu halda evin damını sökdü.”
Ailə illərlə bu şəraitdə yaşamaq məcburiyyətində qalıb. Blessing həmçinin beş il əvvəl Viktor Osimhenin atasını da itirdiyini xatırladıb.