Ukrayna Futbol Assosiasiyasının keçmiş prezidenti Andrey Pavelko Slovakiyada saxlanılıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun Ofisi məlumat yayıb.

Qurum şübhəlinin adını açıqlamasa da, Ukrayna KİV-i söhbətin məhz Andrey Pavelkodan getdiyini yazıb.

Baş Prokurorluğun məlumatına görə, şübhəli uzun illər Ukrayna ədalət mühakiməsindən gizlənib. O, beynəlxalq axtarışa verildikdən və xarici ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq nəticəsində Slovakiyada saxlanılıb.

İstintaqın iddiasına əsasən, Pavelko nəzarətində olan kommersiya qurumları vasitəsilə Ukrayna Futbol Assosiasiyasından təxminən 295 milyon qrivnanın mənimsənilməsi sxemini təşkil edib. Bildirilir ki, bunun üçün dəniz məhsulları, elit çay və qəhvə növləri, eləcə də elektrik avadanlıqlarının tədarükü ilə bağlı yalnız kağız üzərində mövcud olan saxta müqavilələr bağlanıb.

Baş Prokurorluq qeyd edib ki, nəticədə vəsaitlər mənimsənilib, Ukrayna Futbol Federasiyasına və onun regional bölmələrinə milyonlarla qrivna ziyan dəyib.

Qurum əlavə edib ki, Ukrayna artıq Pavelkonun ekstradisiyası proseduruna başlayıb. Bu məqsədlə Slovakiyanın səlahiyyətli orqanlarına onun Ukraynaya təhvil verilməsi və müvəqqəti həbsinin tətbiqi ilə bağlı müraciət göndərilib.

Qeyd edək ki, Andrey Pavelko maliyyə pozuntuları ittihamı 2023-cü ildə həbs olunub.

Pavelkonun adı, həmçinin, Ukrayna Futbol Federasiyasına 9,3 milyon avro ziyan vurulması ilə bağlı cinayət işində keçib. Ziyanın 2015-2016-cı illərdə ofşor sxemindən istifadə edilməklə vurulduğu bildirilib.

2025-ci ildə isə hüquq-mühafizə orqanları Pavelkonun Ukraynanı tərk etdiyini açıqlayıb. Bu onun barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsindən sonra baş verib.