Vaşinqton-Bakı əlaqələri tərəfdaşlıq üzərində qurulub



"ABŞ-Azərbaycan münasibətlərinin inkişaf etməsi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox əhəmiyyətlidir"
"Vaşinqton birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. İndiyə qədər yeritdiyi siyasi xətt dəyişməz qalır"

ABŞ-ın müstəqilliyinin elan olunmasının 243-cü ildönümü münasibəti ilə Amerikanın Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib. Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer rəsmi Bakı ilə münasibətlərə xüsusi önəm verdiklərini deyib. Səfir vurğulayıb ki, beynəlxalq arenada Azərbaycanın rolu artmaqda davam edir və Vaşinqton Azərbaycanın müstəqilliyinə daim hörmətlə yanaşır.
Diplomatın sözlərinə görə, ölkəsi Azərbaycanı dəstəkləməyə bundan sonra da davam edəcək: “Ağ Ev Azərbaycanı müstəqilliyini bərpa etdiyi gündən dəstəkləyir . Biz inkişaf etmiş Amerika və Azərbaycan dostluğunu yüksək dəyərləndiririk. Ümid edirəm, hər iki ölkə dost və tərəfdaş kimi azadlıq və firavanlıq yolunda birgə addımlamağa davam edəcək. Azərbaycanın dünya arenasında rolu artdıqca sizin yanınızdayıq”. Azərbaycan hökuməti adından səfiri təbrik edən maliyyə naziri Samir Şərifov ölkələrimiz arasında iqtisadi maraqların mövcud olduğunu deyib. Nazir bildirib ki, sosial-iqtisadi dialoqun genişlənməsi siyasi əlaqələrin də inkişafına töhfə verir. 
Vaşinqton-Bakı münasibətlərini “Şərq”ə təhlil edən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, zaman-zaman ABŞ-Azərbaycan münasibətlərində epizodik soyuqluq olsa da, ümumilikdə iki ölkənin münasibətləri tərəfdaşlıq üzərində qurulub:
“Erməni lobbisinin fəaliyyəti Konqresin bir qrup üzvləri ölkəmizin bəzi rəsmi və qeyri-rəsmi üzvlərinə qarşı iqtisadi-siyasi sanksiyalar tətbiq etmişdi. O zaman bəyan etmişdim ki, bu cəhd uğursuz olacaq. İndiyə qədər Azərbaycan işğal olunmuş əraziləri ilə bağlı ABŞ-ın prinsipial mövqeyi ərazi bütövlüyümüzün qorunması formatında olub. Xocalı qətliamının 20-ci ildönümündə Amerika Nümayəndələr Palatasının üzvləri qətliamı pisləyərək xüsusi qətnamə qəbul ediblər. Hətta bu qətnaməyə Ermənistanın fəaliyyətdə olan prezidenti “Qarabağ qatili” Serj Sarkisyanın da adı salınıb. Qərara əsasən, Nümayəndələr Palatasının Katibi bu qətnamənin nüsxəsini ictimaiyyətə və mətbuata göndərməli idi. İndiyə qədər ABŞ-ın 20-dən artıq ştatı rəsmi olaraq “Xocalı soyqırımı”nı tanıyıb”. Politoloq vurğulayıb ki, ATƏT-in amerikalı həmsədrləri işğal olunmuş torpaqların azad olunması barədə dəfələrlə bəyanatlar veriblər: “Keçmiş həmsədr Ceyms Uorlik xüsusi fəallığı ilə seçilirdi. ABŞ-Azərbaycan münasibətlərinin inkişaf etməsi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox əhəmiyyətlidir. Məlumdur ki, Azərbaycanın ərazi bütövlüyü region dövlətlərinin iştirakı ilə pozulub. Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün aktiv tərəfdaş və beynəlxalq dəstək axtarır. Bu isitqamətdə Vaşinqton birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. İndiyə qədər yeritdiyi siyasi xətt dəyişməz qalır. Donald Trampın Azərbaycan Prezidentinə Respublika Günü münasibəti ilə ünvanladığı məktub və orada göstərilən tərəfdaşlıq arzuları nəzakət xarakterli, növbətçi addım deyil”. Partiya funksionerinin sözlərinə görə, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqton görüşlərindən sonra danışıqlarda canlanma yarandığını görməmək mümkün deyil: “Bu əlaqələrin uzun illər formalaşan kökləri var. Obama və Buş administrasiyası da eyni mövqeyi sərgiləyirdilər. Doğrudur, bir müddət Obama Administrasiyası ilə soyuqluq yarandı. Ancaq reallıq, sağlam fikir və Azərbaycanın regiondakı rolu münasibətləri yenidən istiləşdirdi. Hazırda ABŞ-ın İranla gərgin qarşıdurması Trampın Azərbaycana xüsusi diqqət yetirməsinə gətirib çıxarır. ABŞ İrana qarşı hərbi müdaxiləyə başlayarsa, Azərbaycan aerodromlarından istifadə üçün icazə istəməsi mümkündür. Normal şəraitdə  Azərbaycanın buna icazə verəcəyini sanmıram. Lakin İran-Ermənistan münasibətlərinin inkişafı və bu əlaqələrin ölkəmizin ərazi bütövlüyünə təhlükə yaratması bizi düşünməyə vadar edə bilər”.