“Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi tarixi hadisədir”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat qloballaşan dünyada Azərbaycanın öz tarixini və mədəniyyətini təbliğ etməsini tarixi uğur hesab edir: “Şəki Xan Sarayı Azərbaycan tarixinin bir hissəsi olmaqla qədimliyi və möhtəşəmliyi ilə Azərbaycan mədəniyyətinin hansı zirvədə qərarlaşdığının göstəricisidir. Saray tariximizi əks etdirmək baxımından çox qiymətli sənət abidəsidir. O baxımdan qərar bizim hər birimizi sevindirir. Ölkəmizin tanınması üçün vacib olan bir addımdır”.
Parlament üzvünün sözlərinə görə, Şəkinin Dünya İrs Siyahısına daxil edilməsi dünyada bu regiona olan marağı artıracaq:
“Qərar Azərbaycana turist axınını sürətləndirəcək və milli adət-ənənələrin təbliğ olunması baxımından mühüm rol oynayacaq. Təbii ki, bütün bu uğurların təməlində hörmətli Mehriban xanım Əliyevanın böyük əməyi və düşünülmüş siyasəti dayanır”.