Şəkidə qoruğun ərazisi zibillənir - Cavabdeh qurum nə deyir? - FOTO


Tarixi hissəsi UNESCO-nun Mədəni irs siyahısına düşmüş Şəkidə "Yuxarı Baş" Dövlət tarix-memarlıq qoruğunun ərazisinin zibillənməsi ilə bağlı görüntülər yayılıb. Fotolardan görünür ki, Rəşid bəy Əfəndiyevin ev-muzeyinin yerləşdiyi küçədə zibil qutuları məişət tullantıları ilə dolu vəziyyətdədir.
Şəki Kommunal Təsərrüfat Birliyinin direktoru İntiqam Bəşirov Oxu.Az-a açıqlamasında deyib ki, ev-muzeyinin ərtrafında üç zibil qutusu var və həmin qutular hər gün səhər saat 10:00-a qədər təmizlənir:
"Fotolarda məişət tullantıları ilə dolub-daşan görüntülər isə axşam saatlarında çəkilib. Hər gün səhər 10:00-a qədər birliyin maşınları və işçiləri tərəfindən zibil qutuları təmizlənir. Normal haldır ki, gün ərzində ərazidə yaşayan sakinlər tərəfindən həmin qutulara yenidən zibil atılır və növbəti gün səhər saatlarına qədər qutular dolur”.
İ.Bəşirov onu da bildirib ki, zibil qutuları yalnız məişət tullantıları üçün nəzərdə tutulub: 
"Bəzi sakinlər isə evlərini təmir etdirən zaman çıxan söküntü materiallarını, həyətlərində budadıqları ağac budaqlarını və kol-kosu da həmin qutulara atırlar. Bu halda yeşiklər daha tez dolur və sakinlər məişət tullantılarını məcbur qalıb kənara atır". 
O əlavə edib ki, hazırda şəhərin bütün küçə və prospektlərində, yaşayış binalarının həyətlərində zibil qutuları var.