“Qara yaraya yoluxan şəxslərdə temperatur 39-40 dərəcəyə kimi yüksəlir"
Azərbaycanla həmsərhəd ərazilərdə qara yara xəstəliyi yayılıb. Ermənistanın Qeğarkunik vilayətinin Qeğhovit kəndində beş nəfərdə qarayara (Sibir yarası) xəstəliyinin simptomları aşkar edilib. Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, Qeğhovit kəndinin iki sakini dəriləri üzərində qarayara əlamətləri ilə Martuni şəhər xəstəxanasına müraciət ediblər, daha sonra isə daha 6 kənd sakinində həmin xəstəliyin simptomları aşkar edilib.Xəstəliklərin nəzarəti və profilaktikası mərkəzinin mütəxəssisləri tərəfindən yerində aparılan DNT analizi nəticəsində beş nəfərdə Sibir yarası törədici mikroblar aşkar edilib. Kənd sakinlərinin qara yaraya inək ətindən yoluxduğu bildirilir. Adıçəkilən kənd hazırda işğal altında olan Martuni rayonuna yaxındır.
Məlumdur ki, Martuni Azərbaycanın işğal altındakı Xocavənd rayonudur. Yoluxucu xəstəlik olan qara yaranın ətraf kəndlərə yaylması ehtimalı narahatlığa əsas yaradır. Mütəxəssislər də bu fikirdədir ki, yoluxucu xəstəliytin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülməlidir.
Bu barədə “Sherg.az”a danışan terapevt Şahvələd Məmmədov bildirdi ki, qara yara xəstəliyinə əvvəllər Sibir yarası da deyirdilər:
“Bu xəstəlik bilavasitə heyvanlardan insanlara yoluxur. Hələ qədim zamanlardan qarayara epidemiyaları çox olub. Şimal ölkələrində, Sibirin özündə xəstəliyin hətta epidemiya halını aldığı vaxtlar da olub. Qara yara kəskin yoluxucu mikrob olduğuna görə ondan qorunmaq vacibdir. Keçən il Gürcüstanda bu xəstəlik çox yayılmışdı. Ona görə də Gürcüstanda kəsilmiş heyvan ətlərinin ölkəmizə keçirilməsinin qarşısı alındı”. Həkim qeyd edib ki, qarayaranın ən çox yayılmış forması dəridə əmələ gələndir: “Bu xəstəlik daha çox boyun nahiyəsində yayılır. Xəstəlik boynun aşağı və yuxarı hissələrinə yayılaraq limfa düyünlərinə keçir və yara əmələ gəlir. Qara rəngdə yara əməl gəldiyi üçün də məhz xəstəliyin adı “qara yara” adlanır”.
Həkimin sözlərinə görə, ölkəmizdə qarayara epidemiyası yox dərəcəsindədir:
“Azərbaycanda bu xəstəliyə yoluxma barəsində 1-2 xəbər yayılıb. Bu da şübhəlidir. Çünki bizim gömrük sistemində ciddi nəzarət var. Gürcüstan eləcə də Rusiyadan ölmüş mal-qara ət məhsullarının keçirilməməsinə nəzarət güclüdür”.
Ş.Məmmədov xəstəliyin olduqca ağır keçdiyini bildirdi:
“Qara yaraya yoluxan şəxslərdə temperatur 39-40 dərəcəyə kimi yüksəlir. Orqanizmdə əlavə ağırlaşmalar, qaraciyər və ürəkdə arzuolunmaz hallar baş verir. Ümumiyyətlə isə qara yara xəstəliyinin dəri forması ilə bağlı proqnozlar müsbətdir. Yəni, tez bir zamanda müalicəyə başlanılsa, bu xəstəlikdən ölüm halı olmamalıdır”.
Ş.Məmmədov işğal altında olan bölgələrə yaxın ərazilərdə qara yara xəstəliyinin təsdiqinin ciddi siqnal olduğunu dedi və əlavə etdi ki, əlaqədar qurumlar cəbhə bölgələrində yoluxucu xəstəliyə qarşı qabaqlayıcı tədbirlər həyata keçirməlidir.