Azyaşlıya maşın etibar etmək olmaz: Valideynlər məsuliyyətini dərk etməlidir

Sosial şəbəkələrdə azyaşlının avtomobil idarə etməsi barədə görüntülər yayılıb. Baş Dövlət Yol Polisi İdarəsi (DYP) azyaşlının avtomobil idarə etməsi ilə bağlı yayılan videoya münasibət bildirib
DYP-dən  bildirilib ki, hadisə ötən gün Mingəçevir şəhəri ərazisində baş verib: "Sükan arxasında azyaşlının oturması faktı aşkar edilib. Məsələ ilə bağlı polis əməkdaşları tərəfindən sürücü barəsində inzibati protokol tərtib edilib".
Hadisəni dəyərləndirən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov Sherg.az-a bildirib ki, bu cür hallarda validyenlər cinayət məsuliyyətinə cəlb olunmalı və cərimələnməlidirlər.
Ekspertin sözlərinə görə, sürücülük vəsiqəsinin alınması üçün hər kəsə müəyyən yaş məhdudiyyəti qoyulur:
“Məsələn, avtobus sürücülərinin də yaş məhdudiyyətləri var. Çünki onlar təcrübəli olmalıdırlar. Bəzi yerlərdə vərdişləri öyrənmək və hərəkətin təhlükəsizliyinə mane olmamaq şərti ilə valideynlər uşağın yanında olanda övladlarına maşın sürməyi öyrətməlidirlər. Bu elə də çətin məsələ deyil. Amma avtomobil yollarında, traslarda və  nəqliyyat vasitələrinin çox olduğu yerlərdə sürücülük vəsiqəsi olmayan azyaşlıların maşını sürməsinə icazə verilmir. Hazırda nəqliyyat vasitələrinin sahibləri maşını sürürlər və yaxud müəyyən zəmanətlə başqa adamlar da sürə bilər. Eyni zamanda yanında avtomobil sahibi olan şəxslərin də maşını sürməsinə icazə verilir. Bu şərtlə ki, onun sürücülük vəsiqəsi olsun. Bəziləri azyaşlı uşaqlara maşın verirlər. İndiki halda nəqliyyat vasitəsini sürmək çox rahatdır. Çünki müəyyən avtomatlaşdırılmış sürət qutusudur və yalnız sükanı tuturlar. Ama təhlükə yaranan zaman həmin azyaşlının reaksiyası deyilən vaxt var. Bu zaman müəyyən çətinliklər yaranır. Buna görə də hərəkət sıx olan və nəqliyyat vasitələri başqası ilə kəsilən yerlərdə azyaşlıların maşın sürməsi qadağandır. Bəzi valideynlərə maraqlı gəlir ki övladları sükan arxasında otursun. Bəzi uşaqlar da validyenlərindən xəbərsiz maşını idarə edirlər. Lakin bu böyük təhlükələrə səbəb ola bilər. Əlbəttə belə halda əsasən validyenlər də cərimələnməlidir. Onlar da məsuliyyətə cəlb edilməlidir. Hər bir valideyn istəyər ki övladı nəqliyyat vasitəsinbi idarə etsin. Amma bu zamçan müəyyən qayda-qanuna əməl etməlidirlər”.