Adil Qeybulla:“...Çünki onların qanından lazımi məqsədlər üçün istifadə etmək mümkünsüzdür”
Hər il Aşura günü münasibəti ilə paytaxt Bakıda və ölkənin bir çox rayonunda günlərlə davam edən qanvermə aksiyaları keçirilir. Qan bankının təşkil etdiyi aksiyalarda minlərlə insan xüsusi məntəqələrə gələrək qan verirlər. Toplanmış qan xüsusi laboratiyalarda yoxlanılaraq ehtiyacı olan xəstələrə köçürülür. Təbii olaraq qan verən insanlar arasında gənc və orta yaşlı adamlarla yanaşı, kifayət qədər yaşlı şəxslər də olur. Lakin tibb üzrə mütəxəssislər hesab edirlər ki, çox yaşlı adamların qan verməsi doğru deyil. Çünki yaşlıların qanı digər xəstələr üçün münasib olmur və yararsız qan kimi atılır. Ona görə də, qanvermə aksiyasında yaşı mümkün qədər aşağı olan insanların iştirakı daha münasib görülür.
Məsələni “Sherg.az”a dəyərləndirən tibb eləmləri doktoru, professor Adil Qeybulla da bildirib ki, qan verməyin xüsusi qaydaları var.
Professorun sözlərinə görə, qan verən insan ilk növbədə praktiki cəhətdən sağlam olmalıdır:
“Yaxşı olar ki, qan verməyə könüllü olan insanlarda yaş intervalı kifayət qədər aşağı olsun. 40 yaşdan aşağı donorların olması daha məqsədəuyğundur. Çünki 40 yaşa kimi insanların qanında yaradıcı hüceyrələrin təzələnməsi prosesi gedir.
Digər tərəfdən qan verən şəxsdə heç bir infeksion xəstəlik olmamalıdır. Müasir dövrdə qandakı viruslar müəyyən üsullarla yoxlanılır.
Məsələn, hepatitlər, spid və s. viruslar dəqiq yoxlanıldıqdan sonra qan xəstəyə köçürülür. Amma qan köçürülməsi zamanı infeksiyanın başqa xəstəyə keçməsi ehtimalı həmişə qalır. Yəni, yoxlanılan xəstədə hansısa infeksiyanın tapılmaması qanda virus olmaması anlamına gəlmir”.
Mütəxəssis bəyan edib ki, hemoqlabini aşağı olan adamlar da qan verə bilməz:
“Bu, donorun həyati təhlükəsizliyi üçün arzuolunmazdır. Ancaq sağlam adamlar qan verə bilərlər. Yaşlı adamların qan verməsi də məsləhət deyil. Çünki onların qanından lazımi məqsədlər üçün istifadə etmək mümkünsüzdür.
Hazırda xüsusi qan köçürmə məntəqələri və qan bankı var. Bu proseslə məhz qan bankı məşğul olur. Heç bir klinikaya özbaşına qan toplamağa icazə verilmir. Ona görə də yaxşı olar ki, qan bankı da təlimata uyğun hərəkət etsin”.