“Əsir və girovlarla bağlı məsələ son günlər Azərbaycan cəmiyyəti və beynəlxalq təşkilatlarda əsas müzakirə mövzusuna çevrilib. Sentyabr ayının 18-də Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası da rəsmi Bakının mövqeyini beynəxalq təşkilatlar və bu təşkilat vasitəsilə Ermənistan tərəfinə çatdırdı”.
Bu barədə “Sherg.az”a hüquq müdafiəçisi Əhməd Şahidov bildirib.
O qeydedib ki, sözügedən komissiya mülki girovlar- Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni girovlar Araik Kazaryan və Koren Kazaryanla dəyişdirilməyə hazır olduğunu bildirib:
“Bundan sonra biz Polşanın paytaxtı Varşavada ATƏT –in insan haqlarına dair zirvə toplantısında rəsmi Bakının mövqeyini bir da dünya ictimaiyyətinin diqqətinə çatdırdıq.
Və daha sonra Strasburqda AŞPA-nın payız sessiyasında girovlarla bağlı işləri davam etdirdik. Vətəndaş cəmiyyətinin üzvləri və hüquq müdafiəçisi olaraq bütün mümkün platformlarda, xüsusilə Avropa institutlarında, beynəlxalq təşkilatlarda bu məsələni davamlı şəkildə gündəmə gətiririk.
Əsir və girovlarla bağlı dünya ictimaiyyətini məlumatlandırmaqda davam edirik. Ötən gün Rusiya Xarici İşlər Nazirliyi də rəsmi Bakının təklif etdiyi əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi məsələsinə toxunub.
Və bu məsələdə rəsmi İrəvana çağırış edib. Düşünürəm ki, kompleks şəkildə aparılan işlər yaxın günlər və ya yaxın həftələr ərzində girovların dəyişdirilərək öz vətənlərinə, ailələrinə geri dönməsinə vəsilə olacaq. Bu baxımdan həm Azərbaycan dövləti, xüsusən də, Xarici İşlər Nazirliyi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Prezident Administrasiyası, ölkə rəhbərliyi bu məsələni gündəmdə saxlayır.
Biz də dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətə dəstək olaraq vətəndaş cəmiyyətinin nümayəndəsi kimi, məsələni daim gündəmdə saxlayırıq. Düşünürəm ki, yaxın həftələr ərzində əsir və girovların dəyişdirilməsi, nəhayət ki, baş tutacaq.
Bütün cəbhələrdən, cinahlardan Ermənistan tərəfinə çağırışlar edilir. Beynəlxalq ictimaiyyət bu məsələdən xəbərdardır. Və rəsmi İrəvana yayınmaq üçün heç bir şans buraxılmayıb. Davamlı təzyiqlər nəticəsində Ermənistan əsir və girovların dəyişdirilməsi prosesinə adekvat cavab verəcək”.
Qeyd edək ki, 2014-cü ilin 11 iyulunda Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər.
Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi" dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə "hökm" çıxarıb.