“29 oktyabr tarixi təkcə Türkiyə Cümhuriyyətinin deyil, bütün türk dünyasının bayramıdır”. Bunu Sherg.az-a açıqlamasında tarixçi-alim Boran Əzizli deyib.
Tarixçi bildirib ki, Türkiyə Cümhuriyyətinin elan olunması gününün Azərbaycan ictimaiyyətində bayram əhval-ruhiyyəsi ilə qarşılanması təbiidir:
“Sovet dövründə Azərbaycan türkləri və digər türk respublikalarındakı xalqlar Türkiyə Cümhuriyyətinə bir nicat kimi baxırdılar. Türk dünyası hər zaman Türkiyədən imdad diləyib. Məlumdur ki, SSRİ-nin hökmranlığı zamanı siyasi xadimlərimizin böyük əksəriyyəti Türkiyəyə mühacirət etmişdilər. Azərbaycan ziyalıları Türkiyəni özlərinə Vətən seçmişdilər və orada ölkəmizin istiqlalı və azadlığa çıxması uğrunda mücadiləni davam etdirirdilər. 1949-cu ildə Ankarada yaranmış Azərbaycan Kültür Dərnəyini, eyni zamanda Məhəmməd Əmin Rəsulzadənin, Mirzəbala Məmmədzadənin və digərlərinin qardaş Türkiyədəki fəaliyyətini misal göstərə bilərik”.
Alim vurğulayıb ki, həmin illərdə xalqımızın sovetlərə qarşı apardığı mübarizəyə yardım məqsədi ilə Türkiyə Cümhuriyyətindən bizə ədəbiyyatlar gəlirdi:
“Milli mücadiləmizi aparan alimlərimizin, ictimai xadimlərimizin əsərləri də Türkiyədə çap edilirdi. Bu cəhətdən Məhəmməd Əmin Rəsulzadənin, Mirzəbala Məmmədzadənin, Nağı Şeyxzamanlının, Əhməd Qaracanın və başqa azərbaycanlıların əsərlərini misal göstərə bilərik. Bir sözlə, sovet dönəmində bizim nəsil Türkiyəyə xilaskar gözü ilə baxıb. Ona görə də Türkiyənin müstəqillik gününü ürəkdən alqışlayır və əbədiyyən var olmasını diləyirik”.