Gender zəminli sosial layihələr gündəmdə olmalıdır - AKTUAL

Qadın hüquqlarının qorunmasına 9 milyard dollar ayrılacaq



Ancaq biz qanunun tətbiq etdiyi məhdudiyyətlərə görə prosesə qoşula bilməyəcəyik




Qadın hüquqlarının qorunması üçün 9 milyard dollar vəd edilib. «Sherg.az» «sciencesetavenir.fr»ə istinadən xəbər verir ki, bir neçə ölkə və təşkilat Keniyanın paytaxtı Nairobidə keçirilən konfransda növbəti 10 il ərzində qadınların reproduktiv hüquqlarını, o cümlədən cinsiyyət orqanlarını, cinsiyyət zorakılığını və ana ölümlərini aradan qaldırmaq üçün 9 milyard dollar  xərcləyəcəkləri öhdəliyini götürüblər.

Bu vəd Birləşmiş Millətlər Fondunun təşkil etdiyi konfransda verilib. Təşkilatçı ölkələr olan Keniya və Danimarka bəyan ediblər ki, Fransa da (908 millions avro verəcək) daxil olmaqla dünyanın 160 ölkəsi bu prosesə dəstək verəcəyini bəyan edib. Hələlik bu il üçün ümumilikdə 9 milyard dollar yığılacaq. 
Fondun rəhbəri Artur Erkənin sözlərinə görə, proses 10 il müddətinə davam edərsə, mövcud problemlərin aradan qalxması üçün 222 milyard dollar toplana bilər: 

İlk dəfə bu məsələ ilə bağlı konfrans 1994-cü ildə Qahirədə keçirilib. 25 ildən sonra həmin problemlər yenə də mövcuddur və ona görə də Nairobidə buna bənzər konfrans düzənləndi: “Baxın, 1994-cü ildə ən az inkişaf etmiş ölkələrdə qadınların 6-dan çox uşağı olurdu. Bu gün isə 1-2 uşaq sahibi olurlar. Düzdü, o vaxt dünyada gün ərzində 1600 qadın öldürülürdü, amma indiki dönəmdə bu rəqəm 800-ə enib, amma biz bunu da azaltmalıyıq”. 



Məsələ ilə bağlı “Şərq”ə danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, Birləşmiş Millətlər Fondu tərəfindən toplanacaq maliyyədən yerli qeyri-hökumət təşkilatlarına ayrılması üçün qanunun dəyişməsi gərəkdir:

"Əks halda bütün dünyada bu prosesdə QHT-lər iştirak etsə də, biz qanunun tətbiq etdiyi məhdudiyyətlərə görə prosesə qoşula bilməyəcəyik. İkinci məsələ isə, düşünürəm ki, 1994-cü ildən bu yana problemin yüksələn xətlə hələ də davam etməsinin səbəbləri araşdırılmalıdır. İlk növbədə öz ölkəmiz səviyyəsində. Məsələn, 1994-cü illə müqayisədə qeyd edilən zorakılıq halları bizdə geniş yayılmamışdı. Götürək cinsi zorakılığı. Mental olaraq  müəyyən yazılmamış qadağalar vardı. İnsanların davranış dəyişikliyi bu qədər deyildi. Son illərdə isə istər beynəlxalq səviyyədə, istərsə ölkəmizdə bu cür zorakılıq halları artmaqdadır. Bu baxımdan Nairobi konfransından sonrakı proses dünya üzrə bir təhlil edilsəydi, daha effektiv üsul və vasitələr tapılardı".

M.Zeynalova qeyd etdi ki, dünya miqyasında bu təhqiqata təsir imkanlarımız zəifdir, amma ölkə daxilində bu problemin azalması əvəzinə artdığını geniş və müxtəlif rakuslardan araşdırıb effektiv strategiya hazırlaya bilərik:
 
"Nəzərə alsaq ki, bizdə hələ də müəyyən dəyər və ölçülər qalmaqdadır, biz bu vasitələri daha rahat müəyyənləşdirib, tətbiq edib problemi aradan qaldıra bilərik".



“Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərova “Şərq”ə açıqlamasında bildirdi ki, gender zəminli sosial layihələr daim gündəmdə olmalıdır:

"BMT qadın hüquqlarının müdafiəsi sahəsində ən çox effektli iş görən qurumdur. Azərbaycanda ana və uşaq ölümlərinin sayı, zorakılıq nəticəsində həyatını itirən qadınların sayı da bu sahədə ciddi problemin olduğunu göstərir. Biz İstanbul konvensiyasının qəbulu üçün təkliflər veririk və ümid edirəm tezliklə qəbul olar. Burda qanunvericiliyin tamamən konvensiyaya uyğunlaşması, infrastrukturun yaradılması və maarifləndirici işlərin görülməsi nəzərdə tutulur. Həmçinin konvensiya önləyici addımları da əhatə edir. Azərbaycanda bu sahədəki əsas qurumlar siyasi iradə nümayiş etdirmirlər. Beynəlxalq təşkilatlar da gender zəminli zorakılıq layihələrini gündəmdən çıxarmamalıdırlar.

Bəs Fonda toplanacaq məbləğ necə sərf edilsə, problemin həllinə nail olunar? G.Səfərova qeyd etdi ki, hər ölkədə layihə ehtiyacları fərqlidir:

"Məsələn, Azərbaycana maliyyə ayrılsa, zorakılıqla mübarizəyə və qadınların iqtisadi azadlığı üçün xərclənsə effektli olar".