“Alman polisi erməni terrorçu Monte Melkolyanın şəkli olan köynəyi geyinən ermənini avtobusdan düşürüb. Buna səbəb, onunla bir avtobusda səyahət edən 34 yaşlı Azərbaycan vətəndaşının polisə şikayət etməsi olub”.
Sherg.az-ın xəbərinə görə, bu barədə tanınmış araşdırmaçı-jurnalist, aparıcı Bəybala Mirzəyev sosial şəbəkədə yazıb.
Jurnalist vurğulayıb ki, Almaniyanın Bonn şəhərindən paytaxt Berlinə gedən avtobusa minən 25 yaşlı erməni Azərbaycan vətəndaşının telefonla danışığını eşidəndən sonra Qarabağ döyüşlərində yüzlərlə azərbaycanlı mülki əhalini amansızcasına qətlə yetirən terrorçu Monte Melkolyanın şəkli olan köynəyi geyinib:
“Köln hava limanında sərnişinlər fasilə üçün avtobusdan düşəndə, Azərbaycan vətəndaşı ilə erməni arasında mübahisə yaranıb. Həmvətənimiz erməniyə Almaniyada terror təşkilatı və terrorçuların təbliğatının qanunla qadağan olunduğunu deyən zaman, sonuncu onu ağır ifadələrlə təhqir edib. Yaranan mübahisəyə polis qarışmalı olub. Ermənistan vətəndaşı avtobusdan düşürülərək polis məntəqəsinə aparılıb. Ona ölkə qanunları xatırladılıb, köynəyi dəyişdirilib və ilk dəfə üçün şifahi xəbərdarlıq edilib. Eyni zamanda, onun Azərbaycan vətəndaşı ilə eyni avtobusda səyahət etməsinə icazə verilməyib”.
B.Mirzəyevin sözlərinə görə, xaricdə yaşayan hər bir soydaşımızın analoji situasiyalarda düşmənə qarşı bu cür prinsipial mövqe nümayiş etdirməsi arzuolunandır.