İncəsənət əngəl tanımır. O, insana bütün maneələrdən çıxarmağa kömək edir. Təəssüf ki, əlilliyi olan insanlara hər zaman lazımi diqqət ayrılmır. Bu səbəbdən onlardan çoxu zözünə qapanır, özünü cəmiyyətə lazımsız hesab edir. Cəmiyyətin bəzi üzvləri onlar yoxmuş kimi davranırlar.
Lakin əlilliyi olan şəxslər arasında iradəli olanların sayı da az deyil. Hansı ki, hər bir fürsətdə özlərinin var olduqlarını, istedadları ilə heç də sağlam insanlardan geri qalmadıqlarını sübut edə bilirlər. Hər kəs qəbul etməlidir ki, əlilliyi olan insanların mütləq faciəvi həyatı olacaq deyə bir qanun yoxdur. Əksinə, onlar arasında həyat sevincini itirməyən, gözlərinin içi gülərək sabaha ümidlə baxan və ətrafa xoşbəxtlik saçanlar da var. Bu gün sizi onlardan biri ilə tanış edəcəyik.
Oxu.Az-ın budəfəki müsahibi 20 yaşlı Ülviyyə Qarayevadır.
Ülviyyə Qazax rayonunda anadan olsa da, Bakıda yaşayır. Hazırda 11-ci sinifdə oxuyan Ülviyyə birinci sinifə 10 yaşında gedib. Doqquzuncu sinifdən sonra isə ev təhsili almağa başlayıb.
Uşaq yaşlarından çox çətinliklər görsə də, bu onu sarsıtmayıb. Anası deyir ki, uşaq vaxtı Ülviyyənin nəinki sağ qalıb, ayağa duracağına, heç danışacağına da ümid etmirdilər. Amma qızı hər şeyə rəğmən, həyata tutundu və bu yerə qədər gəlib çıxdı.
Ülviyyə rəqs etməyi çox sevir. Ən böyük arzusu isə aktrisa olmaqdır.
- Çox pozitivsən. Çoxları özündə bu gücü tapa bilmir:
- Düşünürəm ki, həyatda yaşaya bilmək özü şansdır. Mənim üçün isə hər gün bir başqa fürsətdir. Çalışıram ki, bu şanslarımı itirməyim. Məktəbə gedib-gələndə çox çətinlik çəkirdim. Çantamı daşıya bilmirdim. Uzaq yol gedib-gəlmək məni yorurdu. İndi də elədir, amma müalicələrimi davam etdirirəm.
- Həkimlərin qoyduğu diaqnoz nədir?
- Mən doğulanda həkimlər diz qapaqlarının yana sürüşdüyünü deyib. Ayaqlarım açılmayıb heç. Masaj, reabilitasiya prosesləri ilə 10 yaşımda ayaqlarım açılıb. Ona qədər ayağa dura bilməmişəm. Heydər Əliyev Fondu mənim müalicə xərclərimi öz üzərinə götürmüşdü. O müalicədən sonra ayaqlarımı yerə basa bildim, bir daha o günlərə qayıtmaq istəmirəm.
Adətən, insanlar öz uşaqlığını xatırladıqca, üzündə qəribə bir gülüş, xoşbəxtlik yaranar. Amma Ülviyyənin gözlərində o sevinci görmədik. Onu unutmaq istədiyi dövrlərə qaytarmamaq üçün uşaqlıq illəri ilə bağlı özünün dedikləri ilə kifayətlənirik.
- Məktəbdə, dərslərdə özünü rahat hiss edirdin?
- Dərslərimdən geri qalmırdım. Mən birinci sinifə 10 yaşımda getmişəm və 6-7 yaşlı uşaqlarla bir sinifdə oxumuşam. Dərslərə davamiyyətimdə də, oxumaqda da geri qalmırdım. Yaxşı oxuyurdum. Əvvəllər həkim olmaq istəyirdim.
Özümü müalicə edim, eləcə də, bu xəstəlikdən əziyyət çəkən insanlara kömək edim. Amma sonra incəsənətə maraq yarandı. Əsasən, hind filmlərini izləyirdim. Musiqiləri, aktrisaların mimikaları xoşuma gəlirdi. Rəqs dərslərinə getməyə başladım. Bu gün bir çox tədbirlərdə iştirak edirəm. Uğurlar qazanıram. Bu, mənim üçün çox böyük stimuldur.
- Cəmiyyətdə, təəssüf ki, bütün insanların əlil şəxslərə yanaşması eyni deyil. Cəsarət edib küçəyə çıxan əlil görəndə çoxları üzlərini çevirir, ya da qəribə baxış və gülüşlərlə ürək bulandırır. Bütün bunlar sizə necə təsir edir?
- Bilirsiniz, mən də əvvəllər bu yanaşmaya görə pis olurdum. Yolda gedəndə qəribə baxırdılar. Hətta bəzən gülürdülər. Tək olanda bu, mənə o qədər də təsir etmir, amma yanımda kimsə olanda mənə gülmələri xətrimə dəyir. Mən vəziyyətimlə barışıb həyatıma davam edirəm. Nə gərək var elə baxış və gülüşlərə? Çox maraqlıdır, onlar belə edəndə nə qazanır ki?
Hər kəsin həyata baxışı başqadır. Mən artıq heç kimə əhəmiyyət vermirəm. Onların davranışları məni sarsıda bilməz. Nə qədər də “sən bu işin öhdəsindən gələ bilməyəcəksən” desələr, mən bu günə qədər hər şeyin öhdəsindən gəlmişəm.
- Niyə məhz hind rəqsləri?
- Məni çox cəlb edir. Ən böyük arzumdur ki, Hindistana gedim. Hindistanın incəsənət adamları, aktyor və aktrisaları ilə tanış olum. Filmlərə çəkilim. Mənə deyirdilər ki, “sən hara, rəqs hara”, öhdəsindən gəlməyəcəksən. İnsanlar motivasiyadan çox, neqativ fikirlər deyirdi. Amma mən hər kəsə sübut etdim ki, biz sağlam insanlardan geri qalmırıq.
- Sizi nə zaman kəşf etdilər?
- Mən ƏSA Teatrında qapalı şəkildə nümayiş etdirilən “Göy quş” tamaşasında iştirak etmişəm. Tamaşada əlilliyi olan və sağlam şəxslər iştirak edirdi. Çox kiçik bir rolum olsa da, bu, izləyicilər tərəfindən bəyənildi. Tamaşa sosial şəbəkələrdə paylaşıldı və məni televiziyalara dəvət etməyə başladılar.
- Yəqin ki, Nik Vuyçiçi tanıyırsınız. O, Tetra-Ameliya sindromu ilə anadan olub. Bu nadir irsi xəstəlikdir və əl-ayaqların olmaması ilə nəticələnir. O, öz vəziyyətinə baxmayaraq, bu gün insanlara motivasiya, psixoloji dəstək ola biləcək seminarlar verir. Bəs siz gələcəkdə özünüzü hansı sahədə görürsüz?
- Bəli, bilirəm. Mən incəsənət sahəsində uğurlar qazanacağıma inanıram. Çünki rəqs etməyi sevirəm. İstərdim ki, aktrisa kimi özümü sınayım. Gələcəkdə Xalq artisti olmaq istəyərəm. Nə qədər yaşayacağımızı bilmirik. Amma mən istəmirəm ki, ölüb getdikdən sonra unudulum.
“Əlil qız idi, gəldi, yaşadı, öldü” deyilməsin. Uğurlarım məndən sonra da məni yaşatsın və mənim kimi əlil şəxslərə stimul olsun.
- Bu gün sabit gəliriniz yoxdur. Bu, sizi qorxutmur, həvəsdən salmır?
- Mənim ən böyük dəstəkçim anamdır. O, mənə olan ümidini heç vaxt itirmədi. Mənim də özümə qapanmağıma icazə verməyib. Hər işimdə mənə ruh yüksəkliyi verib. Dövlət mənə əlilliyə görə müavinət ayırıb.
Əlbəttə ki, indiki mərhələdə əlillərin cəmiyyətdə işlə təmin olunması bir az çətidir. Gələcəkdə istərdim ki, mən və mənim kimi əlilliyi olan şəxslərin də çalışa biləcəyi iş yerləri olsun. Amma maddi və mənəvi heç bir çətinlikdən qorxmuram.