Kirayə mənzillər 1850-dən 411 manata necə düşdü? – Rəsmi

İpoteka və Kredit Zəmanət Fondunun ötən gün açıqladığı rəqəmlər mənzilin bir kvadratmetrinin qiyməti deyil, aylıq kirayə ödənişin miqdarıdır. Bu sözləri Axar.az-a açıqlamasında İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Yeganə Ramazanova deyib. O, Bakı, Xırdalan və Sumqayıt üçün müəyyən edilmiş qiymətlərin başlanğıc qiymət olduğunu bildirib:

“Yəni Bakıda minimum aylıq ödəniş 411, Xırdalanda 333, Sumqayıtda isə 297 manatdan başlayır. İndiki şərtlər belədir ki, vətəndaş bir illik kirayə pulunu əıvvəldən ödəyir. Daha sonra da aylıq kirayə ödənişi etməklə illər ərzində ev sahibi olur. Kirayə mənzil müqaviləsinin müddəti minimum 3, maksimum 25 ildir. Ödəniş müqaviləsinin müddəti vətəndaşın istəyindən asılı olaraq dəyişir. Mənzillərin kirayə qiyməti kirayə müqaviləsinin müddətindən, yerləşmə ərazilərindən və kvadratmetrindən, o cümlədən otaqların sayından asılı olaraq fərqlidir”.

Y.Ramazanova bundan əvvəl yayılan qiymətlərlə ötən gün açıqlanan rəqəmlər arasındakı fərqin səbəbini belə izah edib:

“Mənzillərin ilkin qiymətinin hər kvadratmetr üçün təxminən 1 850 manat olmaı ilə bağlı məlumatı bir media qurumu yaymışdı və təəssüf ki, digər saytlar da bu qeyri-səhih məlumatı tirajlamışdı. Halbuki bizim təlimatda yerləşdirilən rəqəmlərin şərti olduğu qeyd edilmişdi”.