Vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən layihələr həyata keçirilir. Lakin vətənaşlar müxtəlif səbəblərdən onlara verilən bu imkanlardan istifadə edə bilmirlər.
Belə ki, ipoteka və kredit zəmanət fondundan əvvəlcədən verilən məlumata uyğun olaraq bu gün saat 10-da mənzillərin kreditlə alınması üçün elektron qeydiyyat başlanmalı idi. Lakin elə həmin vaxtda “Elektron hökumət” portalında texniki nasazlıq yaranıb. Vətəndaşlar bunu təsadüf heab etmirlər. Onların fikrincə, sistemdəki problem qəsdən törədilir. Çünki analoji hadisə “Sosial evlər” layihəsində də baş vermişdi.
Ekspert, hüquqşünas Əkrəm Həsənov isə deyir ki, bu, sadəcə texniki qüsurlarla bağlıdır:
“Mən deməzdim ki, sistem bilərəkdən dondurulur. Sadəcə bizdə İKT çox zəif inkişaf edib. Nəinki Avropda, hətta qonşu ölkələrdə də internet bizdəkindən qat-qat güclüdür. Bu cür problemlərlə üzləşməmək üçün İKT-ni inkişaf etdirmək lazımdır. Nə qədər ki, internet sahəsindəki çatışmazlıqlar həll olunmayacaq, vətəndaşlar belə problemlərdən əziyyət çəkəcəklər".