Sosial şəbəkələrdə Bakı-Sumqayıt yolunda aparılan genişləndirmə işləri ilə əlaqədar olaraq, Xırdalan qəbiristanlığının bir hissəsinin söküləcəyi barədə məlumat yayılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) qəbristanlığın sökülməsi məsələsinə münasibət bildirib.
Qurumun Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumat əsassızdır:
“Bakı-Sumqayıt yolunda təmir işləri aparılır. Xırdalan dairəsinə qalxan və düşən istiqamətlərdə yaşayış və qeyri-yaşayış sahələri var. Genişləndirmə zamanı onların söküntüsü aparılır. Qanunvericiliyə müvafiq olaraq, onlara kompensasiya ödənilir.
Xırdalan qəburistanlığının sökülməsindən isə söhbət gedə bilməz. Qəbiristanlığın hasarı belə sökülməyəcək”.
Qeyd edək ki, bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov jurnalistlərə açıqlamasında bildirmişdi ki, Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin genişləndirilməsi zamanı tikintinin aparıldığı ərazidə olan ağacların götürülməsi qərarı verilib:
“Sumqayıt yolunun genişləndirilməsi layihəsində ağacların saxlanılması mümkün deyil. Layihənin dövlət əhəmiyyəti, əhalinin rahatlığının təmin edilməsi, yol tıxaclarının qarşısının alınmasının vacibliyi nəzərə alınaraq, burada tikintinin aparıldığı ərazidə olan ağacların götürülməsinə ictimai dinləmədən, məsləhətləşmələrdən sonra müsbət rəy verilib.
Bu şərtlə ki, həmin ərazidə və ya digər uyğun yerdə daha çox ağacın əkilməsi təmin edilsin”.