Qanunsuz ət kəsimi davam edir: Günah həm də vətəndaşlardadır

Bakı şəhərində qanunsuz heyvan kəsimi hələ də davam edir. Bu barədə Yasamal rayonu, Şərifzadə və Talıblı küçələrinin kəsişməsində, 3/8 ünvanında yaşayan sakinlər bildirib. 

Onların sözlərinə görə, heyvanlar küçədə kəsilir, qanı yola axıdılır. Bu isə natəmizliyə səbəb olur, diskomfort yaradır. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Serq.az-a deyib ki, qanunsuz ət kəsiminə şərait yaradan əsas səbəblərdən biri bu sahədə hüquqi tənzimlənmənin çox zəif olmasıdır: 

“Qanunsuz ət kəsimi edənlərlə bağlı çox cüzi cəza tədbirləri nəzərdə  tutulub. Bu isə qanunsuz ət kəsimi edənlərin daha çox əl-qol açmaları ilə nəticələnir”.



Eyyub Hüseynov: "İnsanlar bəzən ətin öz gözlərinin qarşısında kəsilməsinə üstünlük verirlər"

 
Ekspertin fikrincə, ümumiyyətlə cəmiyyətin bu istiqamətdəki yanlış düşüncəsini dəyişdirmək, onları maarifləndirmək əsas şərtdir: 

“İlk növbədə onu deyim ki, heyvanlar mütləq identifikasiya edilməlidir. Yəni doğulan heyvanın qulağına onun fərdi göstəricilərini əks etdirən “birka” vurulmalıdır. Belə olan halda satıcılar hansı əti kəsdiklərini, insanlar hansı əti aldıqlarını biləcəklər. İkinci bir məsələ sovet dövründən qalan köhnəlmiş şüurdur. İnsanlar bəzən ətin öz gözlərinin qarşısında kəsilməsinə üstünlük verirlər. Ona görə qeyri-qanuni ət kəsilən məntəqələrə üz tuturlar. Əslində isə hazır, doğranmış ətlərin marketlərdən alınması gigiyenik baxımından daha məqsədəuyğundur. Bu istiqamətdə mütləq maarifləndirmə işləri aparılmalıdır. Bunun üçün Qida Təhlükəsizliyi Agentliyi müxtəlif məqsədyönlü addımlar atsa da, əfsuslar olsun ki, ictimaiyyət həmin quruma heç bir dəstək vermir”.