Təhlükə ilə üz-üzə: Heç kim ev şəraitində özünə iynə vurub, sistem köçürməməlidir

Çünki insan orqanizmi dərhal infeksiyaya məruz qala bilər. Qana mikrob düşər və bunun çox ağır fəsadları olar



Əksəriyyət özünü İbn Sina hesab edir. “Filan dərman al iç, filan iynəni vurdur, “sistem” vurulmasa xeyri yoxdur...” kimi söhbətləri demək olar hər gün eşidirik. Xüsusən də, son zamanlar soyuqdəymə hallarının artdığı, əhalimizin israrla “qrip virusu gəzir” deyib “dəqiq diaqnoz” qoyduğu bu günlərdə hamı həkimə “dönüb”. Dərman preparatlarını özbaşına, ağızdan-ağıza yayılan xəbərlərə görə alır və qəbul edirlər. Hətta ən təhlükəli dərman vasitəsi hesab edilən və Avropada qadağan olunmuş antibiotikləri də bizim camaat həkim məsləhəti, həkim göstərişi olmadan qəbul edir və ya iynəsini vurdurur. 

İynə vurdurmaq məsələsində də xeyli irəli getmişik. “Bir iynə nədi ki, onun üçün həkimə gedim, ya “medsestra” çağırım?!” düşüncəsi ilə proseduru ya özü həyata keçirir, ya da evdəkilərin xidmətindən istifadə edir. Lakin əslində bu çox təhlükəli, hətta ölümlə nəticələnə biləcək haldır. Belə bir faciə Türkiyənin İzmir bölgəsində yaşanıb. Xəstəxanada tibb bacısı işləyən qadın evində ölü halda tapılıb. Araşdırma nəticəsində bəlli olub ki, 30 yaşlı qadın öz damarına sistem köçürübmüş. Qadının hansı dərman vasitələrindən istifadə etdiyi, sistemi nəyə qarşı köçürdüyü hələ bəlli deyil. Bəlli olan budur ki, həm də tibb bacısı olan qadın özünə sistem köçürərkən həyatını itirib. Evə gələn həyat yoldaşı xanımının cansız bədəni ilə qarşılaşıb.

Özünə iynə vuran, sistem köçürənlər bir yana, hətta özünü əməliyyat edənlər də olur. Sonuncu hal adətən həkim-cərrahlar tərəfindən icra olunur. Belə əməliyyatlar bəzən reklama hesablanmış olur. Xatırlayırsınızsa, Azərbaycanda bariatrik-estetik cərrah Mübariz Məmmədli özünü əməliyyat etmişdi. Həkim əməliyyat zamanı çəkilmiş görüntüləri sosial şəbəkədə  yayımlamışdı. Görüntülərdə həkimin liposaksiya (piy sovurma) əməliyyatı etdiyi əks olunurdu. O, "əməliyyatın bir hissəsini özüm etdim” qeydini də yazmışdı. Bu cür əməliyyatlar adətən reklam xarakteri daşıyır. 
Lakin fövqəladə hallarda insanın öz üzərində əməliyyat aparması faktları da var.  

Özünü əməliyyat edən yeganə həkim 


Bu hadisə ötən əsrdə Antarktidada baş verib. Hadisə tarixə özünü əməliyyat edən yeganə həkim adı ilə düşüb. Həkimin asistentləri isə əməliyyatlardan anlayışları belə olmayan meteoroloq, mexanik və stansiya rəisi imiş.

“Adətən ekspedisiyaların tərkibinə həkimlər də daxil edilir ki, ehtiyac yaranarsa, ilk yardım göstərsinlər. Belə səfərlərdən birində – Antarktida ekspedisiyası iştirakçılarından birinin sağ tərəfdən qarnı sancılanır, qızdırması qalxır  və qusma  müşahidə olunmağa başlanır. Şübhə yox idi ki, bu, appendisitdir. Lakin taleyin gərdişinə bax ki, xəstə elə cərrah-həkimin özü olur. O, bu hadisədə yeganə çıxış yolunu özünü əməliyyat etməkdə görür. 
Hadisənin təfərrüatları belədir; aprelin 29-da axşam vaxtı Antarktida ekspedisiyası ilə gələn həkim-cərrah Leonid İvanoviç Roqozov özündə appendisitin bütün əlamətlərini müşahidə edir. O, ağrıları antibiotiklər, buzla və başqa yollarla aradan aparmaq istəsə də, heç nəyin köməyi olmur. Əlverişsiz hava şəraiti onun Novolazarevskayadakı stansiyaya aparılmasına mane olur. Tərəddüdlərdən sonra Leonid qərara alır: özü-özünü əməliyyat edəcək. 
Onun asistentləri isə əməliyyatlardan anlayışları belə olmayan  meteoroloq, mexanik və stansiya rəisi olur. Leonid Roqozov cəld onların hər birini təlimatlandırır və hətta dəhşətdən gözləri böyüyən yoldaşlarına ürək-dirək də verir.
Cərrah əməliyyatı əlcəksiz həyata keçirməli olur. Belə ki, mexanikin əlində tutduğu güzgü hər şeyin tərsini göstərdiyi üçün, həkim təmasla, toxunma ilə əməliyyat etməli olurdu. Əməliyyat 1 saat 45 dəqiqə çəkir. O, əməliyyatın uğursuzluğu barədə düşünməyi isə özünə qadağan edir. 
Cərrah hər şeyi dəqiq yerinə yetirir: Apendisiti kəsir, antibiotik vurur və kəsiyi tikir. Bir neçə gündən sonra qızdırma düşür, gənc həkim özünü yaxşı hiss edir və tikişləri sökür.
Bu, tibdə insanın özünün öz apendisitini kəsdiyi yeganə praktikadır.



Ev şəraitində infuziya aparmaq təhlükəlidir


Tibb elmləri doktoru, Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla “Şərq”ə açıqlamasında insanların həkim məsləhəti, həkim göstərişi və təyinatı olmadan “tibbi özfəaliyyət”lə məşğul olmalarını həyat üçün təhlükəli adlandırdı: 

- Tibdə ən vacib məsələ sterilliyin qorunmasıdır. Ev şəraitində isə nə qədər çalışılsa da, sterilizasiya şərtlərinə 100 faiz əməl olunması mümkün deyil. Çünki insan orqanizmi dərhal infeksiyaya məruz qala bilər. Qana mikrob düşər və bunun çox ağır fəsadları olar. Ev şəraitində infuziya (mayenin damara tədricən yeridilməsi) isə dünyanın heç yerində yoxdur. Amma bizdə kimin iynə vurmaqdan azacıq başı çıxırsa, özünə həkimlik edir, tibb bacısı  vəzifəsini üstlənir. Ümumiyyətlə, həkim təyinatı olmadan dərman preparatları qəbul etmək, antibiotik iynələr vurdurmaq qətiyyən yolverilməzdir. Dərmanların müxtəlif təsirləri olur. Hər dərman preparatının özünəməxsus farmokologiyası var. Hansı maddələrlə reaksiyaya girdiyi, hansı fəsadlar verə biləcəyini həkim bilir və bilməlidir. Bəzən məhz bu səbəbdən – dərman preparatlarının bir-birilə əks reaksiyaya məruz qalmasından orqanizmdə fəsadlar baş verir. Bu, çox təhlükəli haldır. Ona görə də vətəndaşlara tövsiyə edirəm ki, özbaşına, kiminsə məsləhəti ilə dərman preparatları qəbul etməsinlər, özlərinə sistem köçürməsinlər. Tibbi prosedurlar, iynə vurulması, sistem köçürülməsi və sair mütləq poliklinika və ya xəstəxana şəraitində, həkimin təyinatı və ixtisaslı şəxslərin nəzarəti və icrası ilə həyata keçirilməlidir. İnsan özünə ilk tibbi yardım göstərməyi bacarsa yaxşıdır. Amma bu, insanın öz üzərində əməliyyat apara biləcəyi anlamına gəlmir. İlk tibbi yardım dedikdə, məsələn, qanaxma varsa, onu dayandırmağa çalışmaq, təngnəfəslik zamanı vətəndaşa kömək etmək və sair hallar nəzərdə tutulur. Fövqəladə hallarda təcili əməliyyat keçirilməsi hadisələri tarixdə var. Müharibə şəraitində də belə hallar olub. Bəzən həkimlər həyat və ölüm arasında seçim etməli olur və riskə gedirlər. Səhra hospitallarında, hətta döyüşlər getdiyi vaxt, səngərdə, güllə yağışı altında  əsgərlərin həyatını xilas edən həkimlər olub. Məsələn, alpinistlər dağın başındadırsa və kiminsə tibbi köməyə ehtiyacı varsa, nəticənin necə olacağı üzərində çox düşünmədən hansısa əməliyyatlara qərar verilə bilir. Ancaq, yenə təkrar edirəm ki, bunlar fövqəladə hallara aiddir.