Növbəti tədris ilinin başlanmasına qədər şagird sayı çox olan bir sıra məktəblərdə avtobus sisteminin təşkil edilməsi planlaşdırılır. Təhsil Nazirliyi Bakı Nəqliyyat Agentliyi ilə əməkdaşlığa artıq başlayıb və məktəblərin avtobusla təminatı ilə bağlı işlər görülür.
AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyinin 2019-cu ilin yekunları, 2020-ci ilin hədəflərinə həsr olunan mətbuat konfransında deyib.
Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli «Şərq»ə açıqlamasında bildirdi ki, məktəb servislərinin təşkili çox əhəmiyyətlidir:
- Şagirdləri məktəbə aparıb-gətirəcək xidmət avtobuslarının olması məktəblilərin, valideynlərin yükünü əsaslı şəkildə azaldacaq. Bu, həm tıxacların qarşısının alınmasında, həm təhlükəsizlik baxımından, həm də şagirdin dərsə vaxtında gedib-gəlməsi üçün çox uyğun vasitədir. Problem burasındadır ki, dövlət məktəblərinin buna imkanı çatmır. Özəl məktəblər üçün bu, problem deyil. Özəl məktəblərdə təhsil ödənişli olduğundan şagirdləri gətirib-aparacaq xüsusi avtobus xidməti təşkil edə bilirlər. Məktəb servisi şagird üçün hərtərəfli uyğun vasitədir. Uşaq yorulmur, vaxtının böyük hissəsini yola sərf etmir. Valideyn də günün müəyyən saatını uşağın dərsdən evə aparılmasına sərf etməli olmur. Bir neçə uşağın eyni vaxtda, eyni nəqliyyat vasitəsi ilə məktəbə gedib-gəlməsi kollektivçilik, birgəlik vərdişləri də formalaşdırır. Valideynlər də uşaqların rahat və ən əsası, təhlükəsiz şəraitdə məktəbə aparılıb-gətiriləcəyindən arxayın olur. Görürük ki, məktəblilərin vurulması, xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verir. Bunun səbəblərindən biri də, orta məktəblərin yerləşdiyi ərazilərdə yol infrastrukturunun tələblərə cavab verməməsidir.
İ.Hüseynli bildirdi ki, orta məktəblərin qarşısında yol nişanlarının, piyada keçidlərinin yerli-yerində olması vacibdir:
- Elə məktəblər var ki, şagirdlər avtomobil yolunu keçməkdə çətinliuk çəkir. Heç bir yol nişanı qoyulmur, piyada keçid zolaqları olmur. Ən əvvəl bu çatışmazlıqlar həll edilməlidir. Təkcə paytaxt deyil, regionlar üzrə də dəqiq monitorinqlər aparılıb yol infrastrukturunun işlək vəziyyətdə olub-olmadığı yoxlanmalıdır. Tədris ili ərzində şagirdlərin yol qəzası keçirdiyinə dair xəbərlər alırıq. Bu vəziyyəti yaradan şərait aradan qaldırılmalıdır. Vacib bir məsələni də qeyd edim; tədrisin keyfiyyəti bütün orta məktəblər üzrə yüksəldilərsə, valideynlər övladlarının yaxşı təhsil alması üçün uzaq məsafələrdə yerləşən tədris müəssisələrinə aparmazlar. Hansı valideyn istəməz ki, övladı evin yaxınlığındakı məktəbdə oxusun, piyada dərsə gedib-gəlsin, yol yorğunu olmasın?!. Amma bu məsələdə valideynlər qınanası deyil. Hər bir valideynin istəyidir ki, övladı yaxşı, keyfiyyətli tədris verən məktəbdə oxusun. Bu məqsədlə də uşaqlarını yanlarına alıb «diyarbədiyar» düşməli olurlar. Uşaqlar uzaq məsafələrdəki məktəbə gedib-gəlməklə yorğun düşür. Bu mənada, əlbəttə, məktəblərin xüsusi avtobuslarla təmin edilməsi ideyası alqışlanmalıdır. Onsuz da dərs yükü ağırdır, heç olmasa uşaqlar yol yorğunu olmaz.
Məlahət Rzayeva