Türkiyənin Elazığ vilayətində baş verən zəlzələdə zərərçəkənlər arasında Azərbaycandan olan Zeynalovlar ailəsi də var. Acunn.com bu barədə TV8-in hazırladığı süjeti təqdim edib.
Arzu Zeynalovanın sözlərinə görə, təbii fəlakət baş verərkən binanın üçüncü mərtəbəsində olan mənzilində ailəsi və qohumları ilə bir yerdə olublar:
“Uşaq qucağımda idi. Üç dəfə yerə qoymaq istəsəm də, başım qarışdı, bunu etmədim. Yaxşı ki, qoymamışam. Allahım belə məsləhət bilib”.
Qadının sözlərinə görə, ümumiyyətlə, zəlzələdən çox qorxur, həyat yoldaşı da bunu bilir.
“İlk təkan yüngülvari oldu. Yoldaşıma zəlzələ olduğunu dedim. Mənə güldü. Bu an daha güclü təkan gəldi, divar çatladı, saat düşdü. Biz dərhal dəhlizə qaçdıq. O an uşağı qucağıma sıxmışdım, birdən ayaqlarım altından yer qaçdı, yoldaşım bizi qucaqladığı vəziyyətdə yerə əyildik. Qarşımızdakı yer də çökdü.
Ancaq uşağa baxırdım, mənə nə olmasının əhəmiyyəti yox idi. Üç dəfə aşağı getdik, ancaq Allaha şükür ki, ayağımızın altındakı döşəmə eləcə dururdu”, - deyə Arzu xanım o anları göz yaşları içində xatırlayır.
Qadının sözlərinə görə, telefonun işığında övladına baxıb, uşaq iki dəfə gözünü açıb baxıb, sonra isə gözlərini yumub:
“O anda dedim ki, uşaq getdi. Əmizdirmək istədim, südüm gəlmədi...”
“Yeddi dəqiqə orada qaldıq. Sağ-sola baxdım, heç nə yox idi... Yoldaşım iki-üç addım atdıqdan sonra bir səs gəldi... Qonşumuz idi, uşaqlarını çağırırdı. Onun səsini izlədik. Küçənin işığını gördük.
İnana bilmədim, halusinasiya gördüyümü düşündüm. Bir az getdikdən sonra ayağım yerə dəydi, düşündüm ki, üçüncü mərtəbədəyəm, ayağım yerə necə dəydi?.. Çölə çıxdıq, yoldaşım çox pis vəziyyətdə idi, şoka düşmüşdü. Çənəsini tutub yellədim. “Heç evinə baxma, evimiz qucağımızdadır”, - dedim.
O bildirib ki, iki ildir evlidirlər.
Aparıcının sözlərinə görə, həmin binada həlak olanlar çoxdur. Üç nəfər isə hələ də dağıntılar altında qalıb.