AZAL ABŞ-a reysləri dayandırdığı üçün tənqid edilir: “İşini düzgün qurmayıb”

Heydər Əliyev adına Beynəlxalq Hava Limanından verilən məlumata görə, Azərbaycan Hava Yolları QSC (AZAL) fevralda Bakıdan ABŞ-ın Nyu-York şəhərinə uçuş həyata keçirməyəcək. Səbəb kimi isə bu istiqamətdə biletlərə tələbatın az olması göstərilir. 

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, bu məsələdə AZAL özü günahkardır:

O, Serq.az-a bildirib ki, Cənubi Qafqaz ölkələrindən ancaq Azərbaycan ABŞ-a birbaşa uçuş təklif edir:



İqtisadçı: “Bir çox ölkələrdən ABŞ-a birbaşa uçuşun olmaması əslində AZAL üçün üstünlükdür”


“Əgər AZAL qiymətləri sərfəli etsə, reklamını səmərəli aparsaydı yenə də əvvəlki rentabelliyi əldə edə bilərdi. Amma qiymətlərin həddindən artıq baha olması sərnişinləri alternativ variantlardan istifadəyə sövq edir. Onlar Kiyev, İstanbul  vasitəsilə ABŞ-a gedirlər. Dediyim kimi, bir çox ölkələrdən ABŞ-a birbaşa uçuşun olmaması əslində AZAL üçün üstünlükdür. Sadəcə AZAL öz işini düzgün qurmayıb, marketinq siyasətini effektli müəyyənləşdirməyib”. 

Natiq Cəfərli qeyd edib ki, burada həm subyektiv, həm də obyektiv səbəblər var. 

“Qiymətin çox baha olması, marketinq işinin  düzgün qurulmaması subyektiv səbəblərə aiddir. Yeganə obyektiv səbəb isə ABŞ-ın viza siyasətini daha da sərtləşdirməsidir. Viza almaq  əvvəllər daha rahat idi. Tramp  adminstirasiyasının bəzi qərarlarından sonra isə bu məsələ çətinləşib”.