"Ən böyük problem seçkilərin məhz imtahan sessiyalarına təsadüf etməsi oldu. Necə deyərlər, bir əldə iki qarpız tutmağa məcbur oldum"
Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə yüzlərlə insan öz namizədliyini irəli sürüb. Onlar müxtəlif rayonlarda əhali ilə fəal görüşlər keçirir, təbliğat-təşviqat kampaniyalarını davam etdirirlər. Sevindirici haldır ki, namizədlər arasında gənclər də var.
Bu gənclər dövlət başçısının gəncləşdirmə siyasətinə arxalanaraq seçki platformalarını yerli əhaliyə təqdim ediblər. Ən gənc namizəd isə İmişli rayonu sakini Elməddin Həbiblidir. O, hələ heç 19 yaşının tamam olmamasına baxmayaraq iddialıdır. Elməddin bəylə əlaqə saxlayıb, onunla həmsöhbət olduq.
-Əvvəlcə, özünüz haqqında danışın.
-2001-ci ildə İmişli rayonunun Cəfərli kəndində anadan olmuşam. 2019-cu ildə İmişli rayon 4 saylı tam orta məktəbi əla qiymətlərlə başa vurmuşam. Həmin il 616 balla Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olmuşam. Hazırda Dövlət və İctimai Münasibətlər ixtisasının 1-ci kurs tələbəsiyəm. Onu da qeyd edim ki, məktəbli ikən bir sıra intellektual yarışlarda iştirak etmişəm. Respublika Fənn Olimpiadalarında Tarix fənni üzrə respublika üçüncüsü olmuşam. “Mən Azərbaycanlıyam” Milli İntellektual yarışın 2 qat qalibiyəm.
-Necə oldu ki, parlament seçkilərində namizədliyinizi irəli sürmək qərarına gəldin?
-Prezidentimizin apardığı gəncləşdirmə siyasəti məndə bu seçkilərə maraq oyatdı. Amma seçkilərdə iştirak etmək kimi qəti fikrim yox idi. Valideynlərim mənə dəstək oldular və nəticədə namizədliyimi irəli sürdüm. Müəllimlərim, sinif yoldaşlarım, dostlarım da çox sevindilər və mənə uğurlar arzuladılar. Deputat seçilsəm onların etimadlarını doğruldacağım söz verirəm.
-Ən gənc namizədlərdən biri kimi parlament seçkilərində iştirak etməyin hansı çətinliklərini hiss edirsən?
-Bəli, ən gənc namizəd mənəm. Seçkilər mənim üçün hər şeydən əvvəl böyük bir təcrübədir. Seçilməməyim məndə məyusluq yaratmayacaq. Çünki məğlubiyyəti gözə alıb seçkilərə gəlmişəm. Təbliğat -təşviqat kampaniyasında çətinlik çəkməsəm də ən böyük problem seçkilərin məhz imtahan sessiyalarına təsadüf etməsi oldu. Necə deyərlər, bir əldə iki qarpız tutmağa məcbur oldum. Günün çox hissəsini yollarda keçirirdim. Gecələri isə yatmayıb imtahana hazırlaşırdım. Ancaq şükürlər olsun ki, imtahanları verdim və yenə əlaçı oldum. İndi tam olaraq bütün diqqətimi seçkilərə yönəldəcəm. Gənc olmağım həm də üstünlüyümdür. Belə ki, gələcəyin gənclərin əlində olduğuna əminəm.
-Təbliğat-təşviqat kampaniyasını necə aparırsan?
- Şükürlər olsun, təbliğat-təşviqat kampaniyasını uğurla apara bilirəm. Yaşımın az olması hamının marağına səbəb olur vəkampaniyada iştirak edirlər. Mən də bacardığım qədər seçicilərin inamını qazanmağa çalışıram.
-Seçicilərin sizə münasibəti necədir?
-Əvvəlcə, müəyyən qədər təəccüblə yanaşırlar. Hətta elə seçicilər olub ki, mənimlə bir gələn komanda üzvlərindən soruşublar ki, namizəd budur? Yaşımın az olduğunu əsas gətirərək heç nə edə bilməyəcəyimi iddia edirlər. Ancaq məni bir az dinlədikdən sonra düşüncələri 180 dərəcə dəyişir. Mən onlara dünyanın ən gənc deputatı olan kanadalı 19 yaşlı Pierre Luc Dusseaultu misal çəkəndə bu rekordu yeniləyə biləcəyimizə inanırlar. Platformamla tanış olduqdan sonra "Ağıl yaşda deyil, başdadır" atalar sözünə inandıqlarını bildirirlər. Yəni bir çox seçicinin inamını qazana bilmişəm.
-Deputat seçiləcəyiniz halda hansı işləri görməyi əhaliyə vəd vermisən?
-Bəzi kəndlərdə yol, məktəb, tibb məntəqəsi, kitabxana problemi var. Onların aradan qaldırılması üçün məsələni gündəmə daşıyacam . Eləcə də, 80-ci dairənin daxil olduğu ərazidə AqroParkın yaradılmasına çalışacam. AqroPark layihəsi Prezidentimizin irəli sürdüyü "ASAN Xidmət" kimi layihələrdən biridir və mükəmməlliyi ilə bütün diqqətləri özünə çəkə bilir. Bir sıra rayonlarda yaradılan bu AqroPark müəssisələri artıq öz bəhrəsini verməkdədir. Digər bir vəd isə Qarabağ problemi ilə bağlıdır. Əgər seçilsəm dövlətimizin apardığı siyasətə dəstək olacaq və BMT-in qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsi üçün əlimdən gələni edəcəyəm. Namizədliyimi irəli sürdüyüm dairədə Axıska türkləri yaşayır. Həm onların keçən əsrdə başlarına gətirilən faciəni, həm də Azərbaycan xalqına edilən soyqırımı dünyada daha çox tanıtmaq və hüquqi qiymət verilməsinə səy göstərəcəm. Bunlardan əlavə seçicilərimin irəli sürdükləri fikirləri kompeleksləşdirərək qanunvericiliyin nəzərdə tutduğu qaydada parlamentdə müzakirəyə çıxaracam.
-Ümumiyyətlə, hazırda İmişli-Beyləqan bölgəsində əsas çatışmazlıqlar nədir?
- Bir neçə kənddə yol problemi var. Su təchizatı da bəzi kəndlərdə qənaətbəxş səviyyədə deyil. Köhnə və qəzalı məktəblər yeniləri ilə əvəz edilsə də bir neçə məktəbdə bu problem qalmaqdadır. Bu cür çətinlikləri aradan qaldırmağı da qarşımıza əsas məqsəd qoymuşuq. İnanıram ki, ölkəmizdə aparılan quruculuq işləri nəticəsində bu problemlər bizim qaldıracağımız vəsadətlə həllini tapacaq.
-Maraqlıdır ki, bir gənc kimi gəncliyimizin əsas problemlərini nələrdə görürsən?
- Müasir dövrdə gənclərimizin idman, təhsil, mədəniyyət sahəsində əldə etdikləri uğurlar məni də digər həmvətənlərim kimi sevindirir. Ancaq bəzi gənclərin kitabdan uzaqlaşması, sosial şəbəkələrdə çox vaxt keçirmələri təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrində əsas problemdir. Gənclər arasında bayağılığa sevgi həddən ziyadə çoxdur. Platformamızda əsas müddəalardan biridə məhz bu cür problemlərin aradan qaldırılmasıdır. Çünki bu təkcə bir dövlətin yox, bütün cəmiyyətin bəlasıdır və bu məsələyə qarşı dövlətlə, cəmiyyətin ziyalıları bir yerdə mübarizə aparmalıdır.
- Bunun üçün çıxış yolları nələrdir?
- Ümumi mənada maarifləndirmə işlərinin həyata keçirilməsi. Lakin düşünürəm ki, xüsusilə Qeyri-hökumət təşkilatlarının yaradılması da bu istiqamətdə mühüm rol oynaya bilər.
- Elməddin bəy, hansı namizədləri özünüzə əsas rəqib görürsən?
- Əslində hər birini. Çünki bütün namizədləri öz kreativ plarformaları və seçiciləri var.
Kənan Novruzov