Belə şəraitdə tez yorulma, zehni və fiziki əmək qabiliyyəti aşağı düşür, insan orqanizminin yoluxucu xəstəliklərə qarşı müqaviməti zəifləyir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin proqnozuna görə, ölkənin bəzi yerlərində havanın temperaturu 23 dərəcəyədək yüksələcək. Tibbi-meteoroloji proqnozda isə qeyd olunub ki, Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda güclü gilavar küləyinin üstünlüyü gözlənilir, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Az qala bir aydan sonra qış bitir, hələ ortada nə soyuq var, nə də qar. Havaların bu dərəcə anomal isti keçməsi, təbii ki, heç də yaxşı əlamət deyil. Bu, hər şeydən əvvəl kənd təsərrüfatı sahəsinə mənfi təsir göstərir. Çünki isti havalarda zərərvericilərin sayı durmadan artır. Belə olan təqdirdə, havaların anomal keçməsi insan orqanizminə necə təsir edir?
Xüsusilə, qarın yağmamağı, tez-tez temperatur dəyişikliyi insanlar arasında qripə bənzər elementlərlə müşahidə edilən müxtəlif xəstəliklərin yayılmasına səbəb olub. Məktəblərdə, bağçalarda uşaqların böyük əksəriyyəti viruslu xəstəliklərdən əziyyət çəkir.
Həkim: “Ona görə də meteohəssas və sinir sistemi xəstəlikləri olan insanlara kəskin hava dəyişmələri zamanı evdən çölə çıxmamağı məsləhət görürük. Çünki bəzi insanlar depressiyaya düşür"
Tibb üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlının "Şərq"ə açıqlamasına görə, ilin fəslindən asılı olmayaraq hava dəyişkənliyi hər zaman insanların səhhətinə mənfi təsir göstərib:
"Temperaturun birdən yuxarı qalxması və ya aşağı düşməsi, xüsusilə də meteohəssas insanların həyat fəaliyyətini pozur. Havaların mövsümə uyğun keçməməsi ürək-damar, oynaq-dayaq xəstəlikləri olan insanlara mənfi təsir göstərir. Yəni qış fəslində olduqca mülayim hava şəraiti və yaxud əksinə, yazda sərt hava şəraiti hökm sürdükdə insan orqanizminin yoluxucu xəstəliklərə qarşı müqaviməti aşağı düşür. Belə hava xüsusilə ürək qüsuru olan, damar sklerozu, ağciyər, oynaq xəstəlikləri keçirmiş şəxslər üçün daha təhlükəlidir. Bu tip anomal hava şəraiti həmin xəstəliklərin ağırlaşmasına səbəb olur. Ona görə də meteohəssas insanlara kəskin hava dəyişmələri zamanı evdən çölə çıxmamağı məsləhət görürük. Belə şəraitdə tez yorulma, zehni və fiziki əmək qabiliyyətinin aşağı düşməsi baş verir. Anomal hava sinir sistemi xəstəliklərinə də öz ciddi mənfi təsirini göstərir. Bəzi insanlar depressiyaya düşür".
Həkimin sözlərinə görə, anomal hava şəraiti həssas qrupa daxil olmayan insanlara da mənfi təsir edir:
"Bu zaman da qrip və başqa yoluxucu xəstəliklər, yuxarı tənəffüs yollarının infeksiyası kimi problemlər ortaya çıxır. Evdən mövsümə uyğun olaraq qalın geyinib çıxırlar, yolda tərləyirlər və nəticədə tez-tez xəstələnirlər".
Ş.Namazlı deyib ki, havaların bu cür keçməsi yaz-yay aylarında yeyilən qidaların da kəmiyyət və keyfiyyətinə mənfi təsir etdiyindən bu da bir növ səhhətimizdə müəyyən problemlərə səbəb ola bilər.