Sabah Milli Məclisə seçkilər keçiriləcək. Artıq ölkə üzrə bütün seçki dairələrində səsverməyə hazırlıqlar yekunlaşıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Azərbaycanda parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib. Deputatlığa namizədliyi qeydə alınan 1637 nəfərdən indiyə qədər 319 nəfəri deputatlığa namizədliyini geri götürüb. Bu müddət ərzində MSK 1 nəfərin deputatlığa namizədliyini ləğv edib.
Hazırda deputatlığa namizədlərin sayı 1317 nəfərdir
Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkiləri izləmək üçün Azərbaycanda səfərdə olan Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüblər. MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, komissiyanın inzibati binasında rusiyalı media təmsilçilərini salamlayan sədr Məzahir Pənahov görüşdən məmnunluğunu bildirərək qeyd edib ki, Azərbaycanda keçirilən seçkilər daim yerli və beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənilir. Seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün imkanlar yaradılıb. Yerli və beynəlxalq müşahidəçilərlə yanaşı, yerli və xarici kütləvi informasiya vasitələrinin və digər aşkarlıq institutlarının sərbəst fəaliyyəti üçün hər cür şərait mövcuddur. Məhz bütün bunların nəticəsidir ki, Milli Məclisə keçiriləcək seçkiləri izləmək üçün 59 beynəlxalq təşkilatdan 900-ə yaxın beynəlxalq müşahidəçi, habelə çoxsaylı siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını, qeydə alınmış namizədləri təmsil edən və fərdi qaydada seçkilərin müşahidəsinə qoşulan 78000-ə yaxın yerli müşahidəçi akkreditasiyadan keçib.
1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb
Seçkilərdə “exit-poll” keçirmək məqsədilə MSK-ya müraciət edən 3 təşkilatın hamısı qeydə alınıb. Onların 2-si öz fəaliyyətlərini xarici partnyorları ilə birgə quracaq. Şəffaflığın təmin olunması üçün əlavə vasitə kimi, bütün ölkə coğrafiyasını əhatə etməklə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Bu, dünyanın istənilən yerində olan internet istifadəçilərinə müşahidəçi statusuna yiyələnmədən və hətta Azərbaycana gəlmədən, MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan onlayn rejimdə səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsi proseslərini əvvəldən axıradək fasiləsiz izləməyə imkan verir. MSK sədri Məzahir Pənahov bildirib ki, bütün seçki komissiyaları Milli Məclisə seçkilərə tam hazırdır. Səsvermə günü Azərbaycan vətəndaşları azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edə bilərlər.
MSK ikili vətəndaşlığı olan şəxsin deputatlığa namizədliyini ləğv edib
Mərkəzi Seçki Komissiyası ikili vətəndaşlığı olan şəxsin deputatlığa namizədliyini ləğv edib. 86 saylı İsmayıllı dairə seçki komissiyasının sədrinin həmin dairədən namizədliyi qeydə alınan Şahvələdov Məzahir Səfər oğlu ilə bağlı şikayətinə baxılıb. MSK Katibi Arifə Muxtarova bildirib ki, həmin dairənin sədri tərəfindən Şahvələdov Məzahir Səfər oğlunun ikili vətəndaşlığının olması ilə bağlı MSK-ya müraciət edilib. O, məsələ ilə bağlı araşdırmalar aparıldığını və həmin namizədin həqiqətən də ikili vətəndaşlığının olduğunun müəyyənləşdiyini bildirib. İclasda 86 saylı İsmayıllı seçki dairəsindən namizədliyi qeydə alınan Şahvələdov Məzahir Səfər oğlunun namizədliyinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.
Milli Məclisə seçkilərlə bağlı MSK-da 47 şikayətə baxılıb
Milli Məclisə seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olan şikayətlərin sayı açıqlanıb. Sədr Məzahir Pənahov bildirib ki, seçki prosesi başlayandan indiyə qədər MSK-da 47 şikayətə baxılıb: “Bütün müraciətlərə qanun çərçivəsində müəyyən edilən müddətdə baxılıb və müvafiq qərarlar qəbul edilib”.
Milli Məclisə seçkilərdə 1129 səlahiyyətli nümayəndə qeydə alınıb
Milli Məclisə seçkilərdə səlahiyyətli nümayəndələrin və vəkillərin sayı açıqlanıb. M.Pənahovun məlumatına görə, seçkilərdə 1129 səlahiyyətli nümayəndə qeydə alınıb. MSK sədri söyləyib ki, seçkilərdə 7603 məşvərətçi səs hüquqlu komissiya üzvü və 2085 vəkil var: “İndiyə qədər 77 min 721 yerli müşahidəçi qeydiyyatdan keçib. Eyni zamanda, 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib”.
TÜRKPA müşahidəçiləri Bakıya gəlib
Türkdilli Ölkələrin Parlament Assambleyasının beynəlxalq müşahidəçilər missiyası fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək. Müşahidəçilər missiyasının tərkibi Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin millət vəkilləri və TÜRKPA Katibliyinin diplomatik nümayəndələrindən ibarətdir: “Müşahidəçilərin proqramına bir sıra dövlət qurumlarında görüşlər daxildir. Seçkilər günü isə qurumun missiyası Bakı şəhərində və bir sıra regionlarda səsvermə prosesi üzrə monitorinq aparacaqdır. Fevralın 10-da TÜRKPA müşahidəçilər missiyası tərəfindən apardığı müşahidələrin nəticələrinə dair mətbuat konfransı keçiriləcək və missiyanın seçkilərə dair rəsmi bəyanatı təqdim ediləcək”.
29 saylı Səbail seçki dairəsi parlament seçkilərinə tam hazırdır
40 min 696 seçicisi olan 29 saylı Səbail seçki dairəsində 20 qeydə alınmış namizəd var. Bu dairə üzrə 30 daimi, 2 müvəqqəti məntəqə mövcuddur. Məntəqələrdən 12-də veb-kameralar quraşdırılıb və işlək vəziyyətə gətirilib. Həmçinin məntəqələrin hər biri generatorlarla təchiz olunub. DSK sədri Cahangir Məmmədov bildirib ki, dairə üzrə 700-dən artıq müşahidəçi qeydiyyatdan keçib. O qeyd edib ki, seçici siyahıları hazırdır və bütün məntəqələrə paylanılıb. “Bütün məntəqələr ehtiyac yaranacaq avadanlıqlarla təmin olunub, işlər lazımı qaydada qurulub. Bildirişlərin paylanılması işləri də yekunlaşdırılıb”,- deyə DSK sədri vurğulayıb. Artıq dairə üzrə bütün məntəqələrə seçki bülletenləri paylanılıb. Əməkdaşımız 29 saylı Səbail dairə seçki komissiyasının 3 saylı seçki məntəqəsində də olub. Məntəqə səsvermə gününə tam hazır vəziyyətə gətirilib. Burada seçki kabinələri quraşdırılıb. Məntəqə bütün lazımi avadanlıqlarla təmin olunub.
Sabirabad birinci seçki dairəsi üzrə bütün məntəqələr səsverməyə hazırdır
63 saylı Sabirabad birinci seçki dairəsində Milli Məclisə seçkilərə hazırlıq işləri yekunlaşıb. Dairə seçki komissiyasının sədri Məstalı Nuriyevin məlumatına görə, dairənin tərkibinə daxil olan 35 seçki məntəqəsi səsverməyə tam hazır vəziyyətə gətirilib: “Məntəqələr bütün lazımi ləvazimatlar və avadanlıqlarla təmin olunub, səsvermə kabinələri quraşdırılıb. 5 məntəqədə veb-kamera yerləşdirilib”. Komissiya sədrinin sözlərinə görə, dairə üzrə seçicilərin ümumi sayı 41 min 171 nəfərdir. Onlardan birinin yaşı 100-dən yuxarıdır. M.Nuriyev dairə üzrə 8 nəfər namizədin qeydə alındığını bildirib. O əlavə edib ki, sözügedən seçki dairəsində prosesi izləmək üçün 404 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.
Bütün seçki məntəqələri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz ediləcək
“Azərişıq” ASC seçkilərlə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq və seçki məntəqələrini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edəcək. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, artıq bununla əlaqədar bütün texniki tədbirlər görülüb, əlavə maşın-mexanizmlər, mal-materiallar ayrılıb: “Bütün seçki məntəqələrinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün əlaqədar yarımstansiyalar və transformator məntəqələrində 24 saatlıq növbətçilik sistemi yaradılıb. Həmçinin seçki gününə planlaşdırılmış yenidənqurma, təmir-bərpa işləri dayandırılacaq”.
Seçki günü təcili yardım gücləndirilmiş rejimdə işləyəcək
Parlament seçkilərində təcili yardım gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən verilən xəbərə görə, böyük seçki məntəqələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadaları işləyəcək. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bütün işçiləri iş başında olacaq. Cədvəllər tərtib olunub, dairə və məntəqə seçki komissiyalarında çalışanların, eləcə də vətəndaşların sağlamlığının qorunması, çağırışların dərhal icra olunması üçün operativ həkim briqadaları yaradılıb: “Hər bir çağırışa çevik cavab veriləcək”.
İsmayıl