Evsizlərə ŞAD XƏBƏR: “Kirayə mənzillərin şərti xeyli yüngülləşib”  

Vüqar Bayramov:“Hər halda yeni şərtlər imkan verəcək ki, orta təbəqə sayılan vətəndaşlarımız kirayə mənzilə sahib ola bilsinlər”

“Mütəmadi olaraq satışa çıxarılan mənzilərin sayı artırılacaq və fond tərəfindən mənzillərin davamlı kirayə olaraq verilməsi həyata keçiriləcək”



Kirayə mənzillərə müraciət başladı. İpoteka və Kredit Zəmanət Fondunun “Elektron ipoteka və kredit zəmanət” sistemində bu günə qədər kirayə mənzil modulu üzrə 6395 vətəndaş elektron kabinet yaradıb. Onlardan 4824-ü elektron müraciətinin formalaşdırılmasını yekunlaşdırıb.  Müraciətini formalaşdırmış vətəndaşlardan 3498 nəfər müraciətini göndərib. Bu müraciətlər şəffaf qaydada elektron sistem vasitəsi ilə növbəyə alınıb və hazırda proses davam edir. Növbəlilik barədə vətəndaşların elektron kabinetinə bildiriş göndərilib və SMS məlumat verilib.  Kirayə mənzillərə elektron müraciətin sayının çox olması onlayn sistemin çökməsinə səbəb oldu. Nəticədə vətəndaşlar arasında inamsızlıq yarandı. Buna baxmayaraq müraciətlər yerinə yetirilir. 



Kirayə mənzillərin reallaşmasının mənzil bazarına təsirini “Sherg.az”a şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirib ki, müraciət zamanı sistemin çökməsi texniki bir məsələdir. İqtisadçının sözlərinə görə, kirayə mənzillərə müraciət çox yüksəkdir:

“Sistem çökməsini birbaşa İpoteka və Kredit Zəmanət Fondu ilə əlaqələndirmək düzgün olmazdı. Çünki fond xüsusi texnologiyaya malik şirkət dəvət edib. Elektron sistem həmin şirkət tərəfindən formalaşdırılmışdı. Mənzillərlə bağlı müraciət çox idi və bu da sistemin çökməsinə səbəb oldu. Düşünmürəm ki, bu hal əhali arasında inamın azalmasına gətirib çıxarmalıdır. Belə texniki hadisələr qaçılmazdır. Təbii ki, sistemin çökməsi baş verməsəydi, daha yaxşı olardı, amma əhalinin inamı yerində qalmalıdır”.

V.Bayramov bildirib ki, kirayə mənzillərə müraciətlər çox olsa da, mənzil sayı müraciət edənlərlə müqayisədə azdır:

“Ona görə də kirayə mənzillərin uzun müddət verildiyini və aylıq kirayə haqqının sabit qaldığını nəzərə alsaq, mənzillər vətəndaşlar üçün cəlbedicidir. Fondla bu istiqamətdə müzakirələrimiz oldu. Sevindirici haldır ki, fond beyin mərkəzi olaraq hazırladığımız təklifləri də qəbul etdi. Yanvar ayında bununla bağlı danışıqlarımız oldu. Məlumdur ki, kreditlə bağlı müraciətləri müsbət olan vətəndaşlarımız üçün hər hansı bir yaşayış minimumu çıxılmır. Onlar minimum əmək haqqı alırsa, kredit üçün əlverişli şəraitləri varsa, ailə üzvlərindən hansısa xərc çıxılmadan 1000 manat üzərindən gəlir hesablanır. Eləcə də subay vətəndaşlar üçün əvvəlcə 50 faiz aylıq ödəmə müəyyənləşdirilirdi. Fondla görüşlərimizdə bu məsələni qaldırdıq. Beləliklə ailəli vətəndaşlar üçün olan şərtlər subay şəxslər üçün də keçərli oldu və şərtlər xeyli dərəcədə yüngülləşdi. Təbii ki, qiymət və yer məsələsi şərtlərə aid deyil. Bunlar digər göstəricilərdir. Burada müraciət şərtlərindən söhbət gedir”. 

İqtisadçının fikrincə, kirayə mənzillərə müraciət edilməsi mərhələli şəkildə mənzil bazarına təsir göstərəcək:

“Hər bir vətəndaş çalışır ki, daha qısa zamanda mənzilə sahib olsun. Amma etiraf etməliyik ki, mənzillərin sayı ilə müraciət edənlərin sayı eyni deyil. Mütəmadi olaraq satışa çıxarılan mənzilərin sayı artırılacaq və fond tərəfindən mənzillərin davamlı kirayə olaraq verilməsi həyata keçiriləcək. Bu prosesə inamın azalmasının tərəfdarı deyiləm. Elektron sistemə “ASAN” Xidmət vasitəsilə də müraciət etmək mümkündür. Bütün bunlar tam şəffaflığın təmin edilməsi üçün bir baza formalaşdırır. Amma mərhələli şəkildə mənzillərin satışı həyata keçiriləcək. Düşünürəm ki, bu layihədən yararlananların sayı çox olacaq. Hər halda şərtlər imkan verəcək ki, orta təbəqə sayılan vətəndaşlarımız da kirayə mənzilə sahib ola bilsinlər”.