Prezident bəzi məmurlara mesaj verdi: “Xalqa yararlı olmaq...”

Prezident İlham Əliyev növbəti dəfə məmurlara örnək olacaq nümunəvi addım atıb. Ölkə başçısı dünən Tovuzda “ASAN Həyat” kompleksinin açılışında “ASAN xidmət” könüllüləri və əməkdaşları ilə görüşüb. Prezident onun üçün qoyulmuş xüsusi kresloya irad bildirərək, onu adi stulla əvəzlədib. Prezident bildirib: “Mənə belə xüsusi kreslo qoymusuz, adi stuldan yoxdur? Götürün. Belə şeylərə yol vermək olmaz. Qətiyyən".

Ölkə başçısının ibrətamiz davranışını “Sherg.az”a dəyərləndirən millət vəkili, analitik Arzu Nağıyev bildirib ki, cənab Prezident hər zaman olduğu kimi növbəti dəfə xalqla bir yerdə olduğunu sübut etdi:

“Cənab Prezident könüllülərlə bir masa arxasında əyləşəndə, onların hansı stulda oturduğunu nəzərə alaraq özü də adi stulda oturdu. Təbii ki, bütün bunlar prezidentimizin təvazökarlığından irəli gəlir. Ölkə başçısı dəfələrlə deyib: “Mənim tutduğum vəzifə xalqıma xidmət üçündür”. Cənab Prezident kreslonu adi stulla dəyişməklə bəzi məmurlara konkret olaraq mesaj verdi. Yəni söhbət təkcə oturulan kreslodan getmir. Eyni zamanda xalqımız və dövlətimiz üçün yararlı olmaq, vətəndaşlarımız rifahı və təhlükəsizliyi naminə çalışmaq lazımdır”.