Niyə əmək deyil, xidməti müqaviləyə üstünlük verilir?- Səbəblər sadalandı

"İki müqavilə arasında vergi ödənişlərinin də fərqli olması insanların xidməti müqaviləyə üstünlük vermələrinin əsas səbəbidir”




“İnsanların xidməti müqaviləyə üstünlük vermələri təsadüfi deyil. Çünki əmək müqaviləsi ilə xidməti müqavilənin öhdəlikləri fərqlidir. Xidməti müqaviləni imzalayan işçi və işə götürənin  hüquqları bərabər olur. Bu zaman işçiyə  müəyyən azadlıq imkanları verilir” 

Bu barədə “Sherg.az”“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev əmək müqaviləsi ilə xidməti müqavilənin fərqlərindən danışarkən bildirib. 



Onun sözlərinə görə, xidməti müqaviləni imzalayan işçi istədiyi vaxt fəaliyyətini sonlandıra bilər:

“Əmək müqaviləsində isə belə deyil. Əmək müqaviləsində müəyyən məcburiyyət elementləri var. Başqa sözlə, işçi işə götürənə tabe olur  və qoyulmuş şərtlərə əməl edir. Əmək müqaviləsində tərəflər arasında əməkdaşlığın başa çatacağı vaxt dəqiq göstərilir. Bu məqamlarla yanaşı, xidməti müqavilənin qeydiyyatdan keçməsinə ehtiyac yoxdur. Amma əmək müqaviləsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyata alınmalıdır. İki müqavilə arasında vergi ödənişlərinin də fərqli olması insanların xidməti müqaviləyə üstünlük vermələrinin əsas səbəbidir.”