Koronavirus pandemiyası: PANDEMİYA NƏDİR?


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq bir neçə aydır ki, dünyanı təşvişə salan yeni koronavirusu (COVID-19) pandemiya elan edib. Bununla bağlı ÜST-ün baş direktoru Tedros Adanom Gebreyesus bildirib ki, qarşıdakı günlər və həftələrdə koronavirusa  yoluxma halları, ölümlər və virusun yayılacağı ölkələrin sayının artacağı gözlənilir. Bu səbəbdən COVID-19-un pandemiya kimi xarakterizə oluna biləcəyi qənaətinə gəlinib.

Belə olan halda insanları "Pandemiya nədir" sualı düşündürür.

e-tibb.az xəbər verir ki, ümumi tərifə əsasən, pandemiya, insandan-insana asanlıqla ötürülən yeni bir yoluxucu xəstəliyin qlobal miqyasda kütləvi yayılmasıdır. Bu tərif H1N1 ("Donuz qripi") qrip pandemiyası ilə əlaqədar 2010-cu ildə ÜST tərəfindən verilib.

Hərfi olaraq pandemiya yunanca. πανδημία - "bütün xalq" mənasını verir.

Pandemiya yoluxucu xəstəliyin (məsələn, vəba, taun, qrip) bütün ölkəni, eyni zamanda onunla həmsərhəd ölkələri, bəzən çoxlu sayda ölkəni, qitələri bürüməsi mənasını verir. Hazırda pandemiya meyarlarının tam siyahısı bəlli olmasa da, bildirilir ki, koronavirusla bağlı martın 9-dan sonra qeydə alınana rəqəmlər bu meyarlara cavab verib və ÜST bu səbəbdən pandemiya elan edib. Koronavirus artıq qlobal miqyasda yayıldığından, ÜST-ün onu pandemiya kimi müəyyən etməsi həqiqətin etirafı sayılır.

Adətən, pandemiya geniş yayılmış, bütün dünyanı, əhalinin xeyli hissəsini əhatə etdiyi hallarda elan olunur. ÜST-in Baş Direktoru Beynəlxalq Tibbi-Sanitariya Qaydalarına əsaslanaraq (Beynəlxalq Tibbi-Sanitariya Qaydaları 2005-ci ildə dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan tərəfindən imzalanmış və 2007-ci ildə qüvvəyə minmiş beynəlxalq hüquqi sənəddir - red.) bu kimi hallarda ölkələrdən virusun, yoluxucu xəstəliyin yayılması ilə bağlı daxil olan məlumatları, ümumi vəziyyəti nəzərə alaraq, pandemiya elan edə bilər. Qaydalara görə, pandemik virusun insandan insana davamlı yoluxması ÜST-in əhatə etdiyi iki müxtəlif regionda baş verirsə, bu, pandemiya kimi qiymətləndirilir.

Bu halda üç dövr nəzərə alınır - Pandemiya arası dövr - Faza-1-3 (Əsasən heyvanlar arasında. Az sayda insan yoluxması.), Pandemiya həyəcanı dövrü - Faza 4 (Aramsız olaraq insandan insana ötürülməsi.), Pandemiya dövrü-Faza 5-6 (İnsanlar arasında geniş yayılmış infeksiya). 

Qeyd edək ki, pandemiya insanlıq tarixində o qədər də qeyri-adi hal deyil. Ötən əsrdə üç qrip pandemiyası baş verib: 1918-ci il - İspan Qripi, 1957-ci il - Asiya Qripi, 1968-ci il - Honk Kong Qripi.

2009-cu ilin aprel ayından yayılan H1N1 virusunun ("donuz qripi") ştamlarından birinin səbəb olduğu qrip pandemiyası, qeyri-dəqiq məlumatlara görə, dünyada təxminən yarım milyona yaxın (bununla bağlı 151.700-dən 575.400-ə qədər rəqəmləri səsləndirilir) insanın ölümünə səbəb olub. Ən məşhur pandemiyalar isə qədim dövrlərdən tutmuş XX əsrin əvvəllərinədək tüğyan edən su çiçəyi, vəba və taun pandemiyalarını saymaq olar. Yuxarıda da qeyd olunduğu kimi, 20-ci əsrin əvvəllərindən bəri bəşəriyyət bir neçə pandemiya yaşayıb. 1918-1919-cu illərdə "ispan qripi" (qrip növlərindən biri) İspaniyadan dünyaya yayılıb. Bu xəstəlik 500 milyondan çox insana yoluxub, 100 milyona qədər insanın həyatını itirdiyi bildirilir. 18 ay ərzində tüğyan edən bu qrip bəşəriyyət tarixində ölüm hallarının sayına görə ən böyük pandemiyadır.

Təxminən 100 milyon insan, yaxud Yer əhalisinin 2,7-5,3%-i bu qrip pandemiyasından ölüb. 1957-1958-ci illərdə Asiya qripi pandemiyası zamanı dünyada 2 milyon insan həyatını itirib. 1968-ci il - Honk Kong Qripi pandemiyası zamanı isə 1 milyon insanın öldüyü bildirilir.

Sonuncu pandemiyanın elan olunmasına səbəb olan H1N1 ("donuz qripi") virusunun yayılması 2009-2010-cu illərdə baş verib. ÜST-nin məlumatına görə, pandemiya 214 ölkədə dünya əhalisinin 30%-ə qədərini əhatə edib, 18 mindən çox (18 min 449) insan həyatını itirib.

Məlumatlara görə, COVID-19-un pandemiya elan edilməsi əslində insanlar üçün böyük məhdudiyyətlər yaratmaya bilər. Pandemiya halında hər bir ölkə öz istəyi ilə hərəkət edir, ÜST isə yalnız tövsiyələr verə, başqa əlavə tədbirlər həyata keçirməyə də bilər.

ÜST-ün ümumi qaydalarına görə, pandemiyaya müvafiq olaraq, kəskin respirator infeksiyası olan insanlar evdə qalmalı, ailə üzvləri və kənar insanlarla təmasları minimuma endirməli və xəstəliyin hər hansı ilk əlamətində özünü təcrid etməlidir.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının yeni koronavirusla bağlı bu günə olan statistikasına görə, hazırda 124 ölkədə ümumilikdə 126 380 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 191-i yeni yoluxmadır. Koronavirusdan ölənlərin sayı 4634 nəfərə çatıb ki, onlardan da 18-i yeni ölüm halıdır. Koronavirusa yoluxanlardan 68 313 nəfəri müalicə nəticəsində sağalıb, onlardan 1300-ü yeni faktdır.

Ümumi hesablamalara görə, dünya üzrə koronavirusdan ölüm halları 3,4 faiz təşkil edir. Müqayisə üçün bildirilir ki, adi qripə yoluxanların cəmi 1 faizi həyatını itirir.