İcbari tibbi sığorta ilə bağlı həkimləri narahat edən MƏQAM:“Peşəkarlıq arxa planda...”

Adil Qeybulla: “Dəqiqləşmiş maaş mexanizmi qurmaq lazımdır. Çünki hələlik həkimlər üçün ayrılan maaş yetərli deyil”




Aprelin 1-dən etibarən daha 21 şəhər və rayon icbari tibbi sığorta sisteminə qoşulacaq. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov bildirib.

Onun sözlərinə görə, Gəncə, Göygöl, Goranboy, Daşkəsən, Samux, Naftalan, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, Xocavənd, Xocalı, Laçın, Kəlbəcər sakinləri icbari tibbi sığortanın xidmətlər zərfindən yararlanacaqlar. Həmçinin aprel ayının 1-dən icbari tibbi sığorta haqqının toplanılmasına və müştərək maliyyələşmə məbləğinin tətbiqinə start veriləcək. 



İstənilən halda icbari tibbi sığortanın tətbiqinin vacib olduğunu deyən tibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında bildirib ki, ilk təcrübə olduğu üçün müəyyən nöqsanlar ola bilər:

“İcbari tibbi sığorta tətbiq olunarkən həkimlərin durumu da nəzərə alınmalıdır. Sığorta paketi açıq elan olunmalıdır. Məsələn, sığorta tarifləri ilə bağlı siyahı verildi, lakin bu siyahı heç kəsə tam aydın olmadı. Heç olmasa, minimal xidmətlərin birmənalı olaraq sığorta paketinə daxil olması təmin edilməlidir. Ola bilər ki, bəzi xidmətlər hələlik vətəndaşla-dövlət arasında bölünsün.

Əslində bu barədə aydın bilgilər verilməyib. Məlumata görə, hələlik həkimlər üçün ayrılan maaş yetərli deyil. İlk olaraq dəqiqləşmiş maaş mexanizmi qurmaq lazımdır. Çünki bu mexanizm olmasa, peşəkarlıq arxa planda qalır. Həkimlər arasında fərq qoyulmadan dəqiqləşmiş maaş müəyyənləşməlidir. Həkimlər gün ərzində növbə ilə xəstələrə baxırlar və bununla da problem həll olunur. İcbari tibbi sığorta ilə bağlı dünya təcrübəsini ölkəmizə tətbiq etməliyik”.